SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əbülfəz Qarayev yeni kadrının cinayətdə ittiham olunmasından xəbərsizdir? - Nazirlik susur

Əbülfəz Qarayev yeni kadrının cinayətdə ittiham olunmasından xəbərsizdir? - Nazirlik susur

Tarix:

18-02-2017, 15:26

/ 1 647 dəfə oxundu.
Əbülfəz Qarayev yeni kadrının cinayətdə ittiham olunmasından xəbərsizdir? - Nazirlik susur

Fevralın 17-də Respublika Baş Prokurorluğu 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq, Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyevanın həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və s. nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2 min manat məbləğində pulu rüşvət kimi tələb edib almaları ilə bağlı məlumat yayıb

Məlumatda artıq sözügedən faktla bağlı cinayət işinin açıldığı da vurğulanıb.

Onu da qeyd edək ki, Baş Prokurorluq tərəfindən yayılan məlumat ölkə ictimaiyyəti arasında da böyük rezanasa səbəb olub.

Bununla bağlı gununsesi.info-nun əməkdaşı Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov əlaqə saxlayıb.

İ. Hümbətov Respublika Prokurorluğunun Gülçin Mirzəyeva və Fatimə Qafarzadə ilə bağlı yaydığı məlumatdan xəbərsiz olduğunu iddia edərək, fevralın 20-də əlaqə saxlamamızı məsləhət görüb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva isə bu məsələyə münasibət bildirməyəcəyini deyərək, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovla əlaqə saxlamamızı tövsiyə edib.

V. Şixəmmədov isə xəstə olduğunu və işə getmədiyini əsas gətirərək G. Mirzəyeva və F. Qafarzadə ilə bağlı Respublika Prokurorluğunun yaydığı məlumatla maraqlanıb, ətraflı məlumat verəcəyini bildirib.

Qeyd edək ki, Respublika Prokurorluğunun məlumatında, qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Gülçin Mirzəyeva və Fatimə Qafarzadə vəzifədən kənarlaşdırılıblar.

Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ