SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO

""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO

Tarix:

9-12-2017, 10:57

/ 1 412 dəfə oxundu.
""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO

Redaksiyamıza üz tutan bu xanım anlatdıqlarını daşa danışsaydı, daş əriyərdi. Amma nədənsə onun dedikləri bizim bəzi məmurların, səlahiyyət sahiblərinin ürəyindəki buzu əritmir.
İllərdir Binəqədi rayon İcra Hakimiyyətinin, Binəqədi rayon Bələdiyyəsinin yollarında get-gəldədir. Di gəl, dərdinə əlac edən, problemı yoluna qoyan tapılmır.
Sarıtel Şükürova. Həyat yoldaşı 1992-ci ildə Qarabağ savaşında, Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Böyük çətinliklərlə iki övladını ərsəyə gətirib. O zamanlar indiki Bayraq meydanı yerləşən ərazidə yaşayırmış. Amma sonra həmin ərazini satıb Binəqədi ərazisinə köçmək məcburiyyətində qalıb. Özü demiş, həyatının əsl cəhənnəmi də elə ondan sonra başlayıb: “2011-ci ildə Dövlət Bayrağı Meydanı tikiləcək deyə evi satmalı oldum. Orda üzü dənizə baxan gözəl mənzərəli evim vardı. Dedilər, satmalısız! Mən də razılaşmalı oldum. Kvadratı 1500 manatdan pul ödədilər. Halbuki evimi daha baha qiymətə satıb özümə normal yaşayış yeri ala bilərdim. Bu zilləti, əziyyəti də çəkməzdim. Pulum çatmadığı üçün buranı - Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki (Binəqədi şossesinin sol yanındakı yaşayış massivi) ev aldım. O gündən bu günə biz kanalizasiya suyu, çirkab, üfunət üçündə boğuluruq. Yağış yağan kimi ətrafın bütün çirkli suları, qapqara kanaliasiya suyu həyətimizə axır. Həyətimiz yarım metrdən də yuxarı çirkli suyun içindədir. Payız başlayan kimi biz evdən bayıra çıxa bilmirik. İki gündür yenə dəhşətli vəziyyətdəyik. Gücümüz ancaq suyu motorla sovurub çıxarmağa çatır. Onun üçün də hər ay filan qədər işıq pulu ödəməyə məcbur oluram. Hazırda 390 manat işıq pulu yazıb. Mən o qədər pulu nə ilə, necə ödəyim? “

Şikayətçi xanım deyir ki, küçə həyətdən də bərbad vəziyyətdədir: “Kanalizasiya suyundan yaranan gölməçələr, qurunt sularının hamısı küçəyə, ordan da həyətimizə axır. Evdən çıxıb bir yana getmək istəsək, yarıyadək çamura, çirkli suya batırıq. İllərlə iki uşaqla burda zülüm çəkmişəm. Amma nə dərdimizə yanan var, nə də problemi həll eləyən…”

“Skoro” keçə bilmədi, 24 yaşlı qızım qucağımda keçindi”

Ən dəhşətlisi isə iki il bundan əvvəl baş verib. Ərazini çirkli su basdığı üçün şəhid ailəsinin həyətinə, evinin ətrafına nə taksi, nə də təcili yardım maşını yaxın düşə bilir: “2015-ci ildə məhz bu şəraitsizlik, yolun bərbad olması, hər yerdə göllənən çirkli sulara görə təcili yardım maşını bura girə bilmədi. 24 yaşlı cavan qızım üçün çağırdığım “skoro” küçəyə gələ bilmədiyinə görə balam qucağımda keçindi. (ağlayır) Əgər yol normal olsaydı, bəlkə də onu xilas eləmək olardı…”

"Döymədiyim qapı qalmayıb, İcra Hakimiyyəti, Bələdiyyə…"

“Vəziyyətlə bağlı ağız açmadığım idarə, qapısını döymədiyim yer qalmayıb. Dəfələrlə icra hakimiyyətinə müraciət eləmişəm. Bələdiyyə sədri, nümayəndələri, daha kimləri deyim, Mübariz müəllim, İsrafil müəllim… Hamısı burdakı vəziyyətdən xəbərdardırlar. Qalstuklu kişilər gəlib baxırlar, hər dəfə deyirlər, “tədbir görəcəyik”, amma heç bir dəyişiklik yoxdur. Hər gələn bir bəhanə eləyib çıxıb gedir. Biz də ümidlə gözləyirik ki, bu ay düzələr, o biri ay həll olunar…Amma belə illər keçir, heç nə dəyişmir. Daha yorulmuşam. bu şəraitdə yaşamaqdan astma xəstəliyinə tutulmuşam. Bir oğlum var, indi o da xəstədir”.
Sarıtel Şükürova deyir ki, şəhid ailəsi olaraq indiyə qədər heç bir məsələ üçün heç kimə ağız açmayıb: “Mən onlardan nə istəyirəm axı? Yardım istəmirəm, pul istəmirəm. İndiyədək yardıma verdikləri heç nəyi almamışam. Qapılarda, evlərdə işləməli də olsam, ailəmi dolandırmışam. Amma bu məsələ mənim gücüm yetəcək iş deyil. Bu, vəzifədə oturanların, bunu görməyə borclu olanların işidir. Mənim həyat yoldaşım torpaq uğrunda ona görəmi canından keçdi ki, ailəsinə belə laqeyd, biganə münasibət göstərsinlər? Balası laqeydliyin, baxımsızlığın qurbanı olsun?”
Şəhid ailəsinin dərdini çatdırmaq üçün biz də Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Amma təəssüf ki, cəhdimiz alınmadı.
Rəsulzadə Bələdiyyəsindənsə sədr ərazidə olduğu üçün sualımızı Leyli Tahirova adlı əməkdaş cavabladı: “Araşdırıb sizə məlumat verərik”.
Ümid edirik ki, “araşdıracağıq” cavabı nəzakət xatirinə deyilmiş söz olaraq qalmayacaq. Səlahiyyətlilər Sarıtel xanımın bu anlatdıqlarından sonra ona problemini yoluna qoymaqda yardımçı olacaqlar. Bizsə məsələni gündəmdə saxlayacağıq.

Hurriyyet.org


""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO
""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO
""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO
""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO

Şərhlər

XƏBƏR LENTİ