SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlik komissiya yaradıb reydlərə başladı

Nazirlik komissiya yaradıb reydlərə başladı

Tarix:

23-11-2017, 17:08

/ 1 276 dəfə oxundu.
Nazirlik komissiya yaradıb reydlərə başladı

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.

Aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3 həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına hazırlanır.

Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 02-20 noyabr 2017-ci il tarixlərində magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan “Ural”, “QAZ-66” “Kamaz”, “QAZ-53”, “ZİL”, “UAZ”, “Qazel”, “QAZ-24” markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 m3 həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.

Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub.

Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Hazırda reydlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ