SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir - İTTİHAM

“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir - İTTİHAM

Tarix:

21-11-2017, 11:58

/ 1 519 dəfə oxundu.
“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir - İTTİHAM

...Zəngin təbiəti, florası, faunası, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Vətənimiz qürur mənbəyimizdir. Təbii sərvətlərimizin qorunması və bu sərvətlərdən təyinatı üzrə düzgün istifadə edilməsi dövlətimizin əsas strateji məqsədlərində önəmli yer tutur. Təbiətin qorunması və zənginləşdirilməsi üçün hər il dövlət büdcəsindən külli miqdarda pul xərclənir. Hətta xaricdən, xarici ölkələrdən müxtəlif növ heyvanlar gətirilərək Azərbaycanın qoruq və yasaqlıqlarına buraxılır. Əlbəttə, təbiətimizə və ekologiyamıza göstərilən diqqət və qayğı turizm sektorunun inkişafında önəmli rol oynayır.
Məlumdur ki, iqtisadiyyatımızın inkişafına, o cümlədən, neft sektorunun potensial gücündən səmərəli istifadə etmək üçün dövlətlərarası müqavilələr əsasında xarici şirkətlər bu sahəyə böyük yatırımlar edirlər. Bu da ölkəmizin bütün sahələrində yüksək inkişafa və xalqımızın həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Haqlı olaraq ölkəmizdə xarici neft şirkətlərinin fəaliyyəti üçün dövlətimiz yüksək səviyyədə şərait yaradıb. Sözsüz ki, xarici şirkətlər də bağlanan müqavilələrdə öz üzərlərinə bir çox öhdəliklər götürüblər ki, bunlardan biri də ekologiyanın qorunması və fəaliyyət göstərdikləri yerlərdə bitki örtüyünü qorumaq, yaşıllıqlar salmaq, eyni zamanda ağac əkməkdən ibarətdir.
Ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətlərinin bu sahədə öz öhdəliklərinə necə riayət etmələri barədə jurnalist araşdırması aparmaq qərarına gəldik.
Bu məqsədlə Çin Xalq Respublikasının Salyan rayonunda fəaliyyət göstərən “Salyan Oil” MMC-də səlahiyyətimiz daxilində bir araşdırma apardıq. Kaş aparmayaydıq. Gördüklərimiz bizi dəhşətə gətirdi. Şirkətin neft çıxardığı ərazilər böyük rus yazıçısı M.Qorkinin vaxtilə Bakı haqqında dediyi məşhur kəlamı xatırladırdı. “... məşhur rəssamın əli ilə çəkilmiş cəhənnəm...” Dövlətimizin inamından və humanistliyindən sui-istifadə edən “Salyan Oil” MMC-nin məqsədi neft hasil etmək deyil, təbiətimizi məhv etməkdən ibarətdir. Şirkətin neft hasil etdiyi Kürsəngi ərazisi başdan-başa erroziyaya uğrayaraq tamamilə bitki örtüyü üçün yararsız hala düşmüşdür. Ərazidə nə bir ağac, nə bir kol, nə də bir yaşıl tala qalmamışdır. Hər tərəfdə qalxıb-enən, heç bir zövq oxşamayan, sovet dönəmindən qalma, bir dəfə də olsun rənglənməyən quyu nasosları bəlkə də ölkəmizə verdikləri xeyirdən dəfələrlə artıq ziyan vururlar. Şirkət müqavilə şərtlərini pozaraq, quyulara gedən yolların ətrafında və nəzərdə tutulan digər yerlərdə ağac əkməmiş, heç bir yaşıllıq salmamışdır.
Mütəxəssislərin söylədiklərinə görə, quyu nasoslarının təmiri zamanı yaxınlıqda bir neçə metr dərinlikdə çala qazılmalı və çalanın içərisinə plyonka döşənməlidir ki, neft quyusundan çıxan mədən suları həmin çalada yığılsın və təmirdən sonra yığılan yeraltı su texnika ilə ümumi rezervuara daşınsın. Əfsuslar olsun ki, quyuların ətrafında təlimata uyğun çalalar qazılmadığı üçün həmin simpur suyu birbaşa açıq sahələrə axıdılır. Nəticədə ətrafda olan bütün təbii varlıqlar məhv edilir. Adı çəkilən Kürsəngi ərazisində ağac, kol və bitki örtüyü məhv edildiyi üçün ərazidə hər hansı bir sürüngənə və ya quş növünə rast gəlmək mümkün deyil.
Bunun nəticəsidir ki, bu ərazinin təbiəti ölü təbiətdir. Hər kəsə məlumdur ki, aqrar sahənin inkişafında böcəklərin müstəsna xidməti var. Böcəklərin məhv edilməsi əslində insan yaşayışının məhv edilməsidir. Kürsəngi ərazisində bütün ərazi eroziyaya uğradığına görə bitki örtüyü məhv edilmişdir. Buna görə də orada böcəklərin varlığından söhbət belə gedə bilməz. Nəticədə isə ətraf kəndlərdə aqrar sektor iflasa uğramışdır.
“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir. Şirkətin neftayırma sexi kustar üsulla hazırlanmış peçlərdən ibarətdir. Tüstü bacalarında filterlərin və digər qoruyucu vasitələrin olmamasına görə, hər gün atmosferə tonlarca mazut qurumu atılır. Neftayırma sexinə yaxın məsafədə yerləşən fərdi təsərrüfatlara külli miqdarda ziyan dəyir. Belə ki, əhalinin bağları quruyur, bostanları isə məhsul vermir.
Sexdə xam neftin tərkibindən simpur suyu ümumi anbarlara vurulur. Anbarlar ötən əsrin 80-ci illərindən qaldığı üçün alt təbəqəyə sərilən plyonka çadırlar çoxdan çürüyərək istismar müddətini başa vurmuşdur. Buna görə də anbarlara vurulan neftli su yer altına sızaraq ərazidə torpaqların eroziyasına səbəb olmuşdur.
“Salyan Oil” MMC-nin balansında olan yüzlərcə quyular var ki, istismar müddətini başa vuraraq ləğv edilmişdir. Bu quyular həm sovet dönəmindən qalanlar, həm də Çin şirkətinin fəaliyyəti dövründə yarananlardır. Adı çəkilən quyular tam nəzarətsiz qaldığına görə bu quyulardan atmosferə qaz, torpağın səthinə isə neftlə çirklənmiş yeraltı sular axır. Şirkətin sözçüsü Taryel Yolçuyev suallarımızı cavablandırarkən bildirdi ki, “Salyan Oil”-in rəhbərliyi bizə hansı təlimatı verirsə, biz də ona uyğun hərəkət edirik. T.Yolçuyev onu da dedi ki, ekologiyanı qorumaq onların işi deyil. Onların işi hansı yolla olur olsun neft hasil etməkdir. Təbiəti qorumaq isə aidiyyatı nazirliyin işidir. Bu məsələyə görə bizi narahat etməyin. Əks halda sizi məhkəməyə verərik.
Tariyel Yolçuyevin verdiyi cavablardan elə bildik ki, o Çin Xalq Respublikasının vətəndaşıdır. Ona görə təbiətimizə qarşı bu qədər laqeyd və amansızdır. Ancaq yanılmışdıq. Taryel bəy Azərbaycan vətəndaşıdır və işğal olunmuş rayonlarımızın birində doğulub boya-başa çatmışdır. Onda təbiətimizə qarşı bu biganəlik hardandır? Bax, onu bilmədik.
***
“Salyan Oil” təkcə təbiətimizi deyil, yollarımızı da bərbad vəziyyətə salıb. Şirvan-Salyan magistral yolunu Kürsəngidən keçməklə Bakı-Astara magistralına birləşdirən və bir neçə kəndə xidmət edən yolu da şirkətin ağır tonnajlı maşınları istifadəsiz hala salıb və heç bir məsuliyyət hiss etmirlər. Adı çəkilən maşınlar neft quyularına getmək üçün təyinatı üzrə çəkilən yollarla deyil, istədikləri şəkildə getdikləri üçün torpağın hər tərəfi cadar-cadar olmuşdur.
“Salyan Oil” geoloji-kəşfiyyat şöbəsi haqqında da xoşagəlməz sözlər eşitdik. Babalı deyənlərin boynuna, deyirdilər ki, neftin ehtiyatı, hasilatı və sərfiyyatı bir-birinə uyğun gəlmir.
Bu və digər xəbərlər barədə oxucularımıza ətraflı məlumat verəcəyik. Ona da ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Salyan Oil” MMC-nin təbiətimizə qarşı törətdiyi qətliamı araşdıracaq və tədbir görəcəkdir.
Mirhüseyn Alarçaylı
Bakı-Salyan-Bakı

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ