SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Qarabağ əlillərinə avtomobil əvəzinə motorlu araba vermək istəyirlər”

“Qarabağ əlillərinə avtomobil əvəzinə motorlu araba vermək istəyirlər”

Tarix:

26-10-2017, 09:53

/ 115 318 dəfə oxundu.
“Qarabağ əlillərinə avtomobil əvəzinə motorlu araba vermək istəyirlər”

Birinci Qarabağ müharibəsinin aktiv iştirakçısı olan qazilər bu gün ciddi sosial problemlər yaşayır. Bu barədə bizimlə söhbətində Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov məlumat verdi. Bildirdi ki, başı qazi və şəhid ailələrinin çoxsaylı problemlərini həll etməyə qarışıb:

- İctimai Birliyin fəaliyyətini davam etdiririk, qazilərimizin problemlərini həll etməyə çalışırıq. Hamı kimi Azərbaycanın reallığını yaşayırıq.

- İctimai Birliyin xətti ilə layihələriniz varmı? Hazırda hansısa layihədə işləyirsinizmi?

- QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə mütəmadi layihələrimiz olur. Vətənpərvərliyin təbliğatı, əlillərin maarifləndirilməsi, şəhid və əlil övladları üçün müxtəlif kurslar təşkil edirik - ingilis dili, kompüter və sair. İctimai Birlik olaraq çalışırıq ki, dövlətin verdiyi imkanlardan qazilərimizin problemlərini həll etmək, qazi və şəhid övladlarının inkişafı üçün maksimum istifadə edək.

- Qarabağ qaziləri və şəhidlərinin sığorta haqqının ödənilməsi ilə bağlı problem həll olunurmu? Bu sahədə işlərin gedişi sizi qane edirmi?

- Çox ağrılı bir məsələdir. Bildiyiniz kimi, Qarabağ müharibəsində şəhid və əlil olanlar üçün icbari sığorta haqqı ödənməlidir. Ona “qanpulu” deyilir. On beş ildən çoxdur bu məsələ problem olaraq qalır. Bu problemi həll etmək üçün Konstitusiya Məhkəməsinə qədər getmişik. 28 yanvar 2014-cü ildə Konstitusiya Məhkəməsi qəti qərar çıxarıb ki, həmin vəsait Qarabağ əlili və şəhid ailələrinə ödənsin. Sadəcə, qərarda qeyd olunub ki, ödənmə qaydası qısa zaman kəsiyində Milli Məclis tərəfindən müəyyənləşdirilsin. Bu “qısa zaman kəsiyi” də ki, 3 ildir bitib-tükənmir. Çox təəssüf ki, mütəmadi olaraq deputatlarla - Hadı Rəcəbli, Siyavuş Novruzov və digərləri ilə- görüşlərimiz olsa da, ortada bir nəticə yoxdur. Hətta gedib Milli Məclisin qarşısında da toplaşdıq, bir sıra millət vəkillərinə dərdimizi demişik. Onlar da “həll edəcəyik” deyə-deyə vaxtı uzadırlar. Təsəvvür edin ki, bütün sahələr üzrə Azərbaycan dövlətindən qat-qat geri qalan Ermənistanda ölənlərə 20 min dollar, əlil olanlara 10 min dollar çoxdan ödənilib. Amma bizdə hələ də qazilər və şəhid ailələri qapılarda süründürülür. Elə adam var ki, özü şəhid olub, qanpulu verilməyib, sonra oğlu da şəhid olub. Bu, Azərbaycanın adına yaraşmayan bir haldır.

- Hökumət qurumlarından hər hansı dəstək almağa çalışırsınızmi?

- Millət vəkilləri deyirlər ki, Konstitusiya Məhkəməsi yanlış qərar çıxarıb, bu iş bizlik deyil, hökumətlikdir. Əvvəla, necə ola bilər ki, Konstitusiya Məhkəməsi yanlış qərar çıxarsın? İkincisi də o qərarın yanlış olması ilə bağlı Milli Məclisin rəy vermək hüququ yoxdur. Milli Məclis qaydaları hazırlayıb, təsdiq edib göndərməlidir hökumətə - Nazirlər Kabinetinə. Biz bir neçə əlil təşkilatı öz təşəbbüsümüzlə baş nazirə müraciət etdik. Baş nazirlər görüşüb məsələni müzakirə etmək istədik. Təəssüf ki, oradan bizə yazılı cavab vermədilər. Yalnız bir xanım dedi ki, indi ölkəmizdə maliyyə vəziyyəti ağırdır, bir qədər səbir edin, düzələcək. Bununla da işlərini bitmiş saydılar. Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində də olmuşuq. Maliyyə Nazirliyində də olmuşuq, Maliyyə Bazarlarına Nəzarət Palatasında da. Onlar deyiblər ki, məsələni cənab prezidentə çatdırmışıq, hazırda biz onun tapşırığı ilə problemin həlli üzərində işləyirik, maliyyə axtarırıq, tapanda həmin vəsait ödəniləcək.

- Təxminən nə qədər vəsaitdən söhbət gedir?

- Biz bu işlə bağlı Azərbaycanda mövcud olan bütün məhkəmə instansiyalarını keçmişik. Məhkəmələrə gələn sığorta şirkətinin nümayəndələri deyirdilər ki, haradasa 150 milyon manatdır ödəniləsi məbləğ. Bu, Azərbaycan dövləti üçün böyük bir məbləğ deyil. Amma 25 min ailə üçün 11 min manat çox böyük məbləğdir.

- Etimad bəy, aldığımız məlumata görə, Qarabağ əlilləri üçün avtomobillərin verilməsində bəzi problemlər yaranıb. 2014-cü ilədək növbəyə götürülənlərə veriləndən sonra növbəyə götürmürlər, yeni avtomobillər verilmir. Sizdə bununla bağlı məlumat varmı?

- Bu məlumat doğrudur. Belə bir problem var. Əlilləri maşın növbəsinə götürmürlər, böyük süründürməçilik, imtinalar var. Bilmirəm burada hansı maraqlar güdülür, amma ciddi çətinliklər yaradılır. Hətta hazırda növbədə olan 200-300 əlilə maşın verilmir. Səlim müəllim təzə nazir olanda bu sahədə irəliləyiş oldu, növbədə olanların əksəriyyətinə avtomobil verildi. Amma sonradan həm növbəyə götürməni dayandırıblar, həm də növbədə olanlara avtomobil əvəzinə motorlu araba veriləcəyini deyirlər. Mən sual edirəm: motorlu araba ilə əlillər hara gedə biləcəklər? Dünyada ən ucuz qiymətə olan “Lifan”ı vətən uğrunda canından, sağlamlığından olan insanlara layiq görmürlər? Bu gün küçələrə baxsanız, məmur balaları 300-500 minlik, hətta 1 milyonluq maşınlarda şütüyürlər. Törədilən qəzalara baxırsan, baş nazirin müavininin nəvəsi 500 minlik maşınla adam öldürür, icra başçısının müavininin oğlu 200 minliklə adam öldürür. Məmurlar, onların övladları AA seriyası ilə yüz minlərlə manat dəyərində maşınlarda gəzirlər. Torpaq uğurunda şikəst olmuş, əlini-ayağını, gözünü itirmiş şəxs 6-7 min manatlıq maşına layiq görülmür. Bu, başda Səlim Müslümov olmaq şərtilə, Azərbaycan məmurlarının Qarabağ qazilərinə, vətən uğrunda döyüşən şəxslərə qarşı böyük haqsızlığıdır.

- Qarabağ əlili və şəhid ailələrinə mənzil verilməsi sahəsində vəziyyət sizi qane edirmi? Burada da narazılıqların olduğu deyilir...

- Prezident İlham Əliyevin tapşırığı olmuşdu ki, 2018-ci ilədək bütün Qarabağ əlili və şəhid ailələrinə mənzil verilməsi təmin olunsun. Təəssüf ki, Səlim Müslümov nazir olandan bəri bu sahədə də problemlər artıb. 5 min nəfərə yaxın Qarabağ əlili və şəhid ailəsi növbədədir 20 ildir. İldə 120-150 adama ev verirlər. Bu hesabla getsə, növbəyə duran şəxslərə başqa yerdə “ev” verəsi olacaqlar - qəbir evi. 25-30 yaşında əlil olan şəxs 40 il gözləməlidir ev almaq üçün? 70 yaşdan sonra verəcəklər ona evi? Ondansa heç olmasa, yaxşı bir yerdə qəbiristanlıq üçün yer ayırsınlar bizə. Cənab prezidentin tapşırığına əməl olunmur. Əminəm ki, Səlim müəllim cənab prezidentə çatdırsa ki, Qarabağ əlilləri və şəhid ailələrinə ev vermək üçün bu qədər vəsaitə ehtiyac var, o, dərhal göstəriş verib pulu ayırar. Amma cənab nazir bunu etmir, elə təəssürat yaradılır ki, sanki heç bir problem yoxdur. Əslində isə problemlər var və çox ciddidir.

- Bu problemləri nazirin özünün diqqətinə çatdırmısınızmı? Onunla görüşmək və hər şeyi özü ilə müzakirə etmək daha yaxşı olmazmı?

- Dəfələrlə nazirə müraciət etmişik, problemləri qaldırmışıq. Hətta bu yaxınlarda bir neçə əlil təşkilatının rəhbərləri olaraq açıq müraciət etdik ki, çoxlu problemlər var, nazir bizimlə görüşsün, müzakirələr aparaq. Əlillərin işə götürülməsi üzrə kvotaya əməl olunmur, maşın, ev növbəsinə götürmürlər. Müraciətimizə heç bir cavab verilmədi, qəbul edib-etmədiklərini də demədilər. Halbuki qanunla müraciətə 15 gün müddətində cavab verilməlidir. Verilmir, problemlər də tökülüb qalır.

- Etimad bəy, gələn il ölkədə prezident seçkisi keçiriləcək. Qarabağ qaziləri həmişə seçki proseslərində aktiv iştirakı ilə seçilir. Bu dəfə necə, hansısa formada prosesə qatılacaqsınızmı?

- Qazilər Azərbaycan xalqının qəhrəman övladlarıdır. Onlar həmişə ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. İndiyədək bütün seçkilərdə Bakıda və regionlarda olan qardaşlarımız ən aktiv şəkildə iştirak ediblər. Gələn il də iştirak edəcəyik, amma formasını hələ müəyyənləşdirməmişik. Seçkilərə bir qədər var hələ, yəqin ki, bunu seçkiqabağı dövrdə edəcəyik.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ