SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir keçirilir - FOTOLAR

Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir keçirilir - FOTOLAR

Tarix:

25-10-2017, 18:11

/ 80 228 dəfə oxundu.
Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir keçirilir - FOTOLAR

Oktyabrın 25-də Bakıda Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə bu qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

xalqxeber.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirə Şərqi Avropa və Mərkəzi Asiya regionundakı 20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbər şəxsləri, bilavasitə korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibini həyata keçirən müstəntiq və prokurorlar, anti-korrupsiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, OECD-nin rəsmiləri, eləcə də ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri olmaqla 70-dən artıq iştirakçı qatılmışdır.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev konfransda çıxış edərək korrupsiya fenomeninin qlobal miqyasda aktuallığını və ona qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın artan əhəmiyyətini qeyd etmiş, OECD-nin rüşvətxorluq, korrupsiya və oxşar mənfi təzahürlərə qarşı mübarizənin öncüllərindən olmasını vurğulamışdır. Baş İdarə rəisi təşkilatın Anti-Korrupsiya Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrdə həyata keçirilən anti-korrupsiya islahatlarına mühüm töhfə verdiyini bildirmişdir.

K.Əliyev ölkəmizdə korrupsiya hallarına qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi və bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykənən qabaqlayıcı, cəza və maarifləndirmə tədbirlərinin kompleks tətbiqi ilə xarakterizə olunan genişmiqyaslı islahatların həyata keçirildiyi barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Ölkəmizlə OECD-nin Anti-Korrupsiya Şəbəkəsi arasında qarşılıqlı əlaqələrinə toxunan K.Əliyev Azərbaycan Respublikasının Şəbəkə ilə 2003-cü ildən İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq etdiyini, indiyədək respublikamızın üç monitorinq mərhələsini uğurla tamamladığını, IV Monitorinq Raunduna keçən ilk ölkələrdən biri olduğunu vurğulamışdır. Baş prokurorun müavini cari ilin sentyabrında

Parisdə keçirilən görüşlər zamanı IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı İnkişaf Hesabatının uğurla qəbul edildiyini xatırlatmış, Baş İdarənin əməkdaşlarının ekspert qismində İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində bir neçə ölkənin monitorinq prosesinə cəlb edilmələrinin mühüm nailiyyət olduğunu diqqətə çatdırmışdır.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov çıxışında korrupsiyaya qarşı mübarizəyə dair dövlət proqramları və onların effektiv icrası, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən mükəmməl qanunvericilik və beynəlxalq təşəbbüslərdə fəal iştirakla bağlı tədbir iştirakçılarına məlumat vermişdir. O, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 80 faiz səviyyəsində icra olunduğunu, Azərbaycanda və regionda ilk dəfə olaraq Milli Fəaliyyət Planının elektron formada qiymətləndirildiyini bildirmişdir.

Tədbirdə çıxış edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran və Şəbəkənin Hüquq Mühafizə Orqanları Şəbəkəsinin sədri xanım Anka Yurma bu görüşün korrupsiya cinayətlərinin istintaqı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi sahələrində əldə edilmiş qabaqcıl təcrübənin paylaşılması üçün mühüm platforma olduğunu bildirmişlər. Həmçinin bu tədbirin iştirakçılar arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd olunaraq, Azərbaycanın Şəbəkənin fəaliyyətində fəal iştirakı ilə fərqlənən ölkələrdən olduğu vurğulanmışdır. Bu mühüm tədbirə ev sahibliyinin Azərbaycan Respublikasının korrupsiyaya və oxşar təzahürlərə qarşı mübarizə işinə sadiqliyinin bariz nümunəsi olduğu bildirilərək konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilmişdir.

Çıxışlardan sonra beynəlxalq tədbir işini məruzələrin dinlənilməsi və müzakirələrlə davam etdirmişdir.

Oktyabrın 27-dək davam edəcək tədbirdə ekspertlər tərəfindən təqdimatların keçirilməsi, korrupsiya ilə mübarizənin müxtəlif aspektlərinə dair aparılmış tədqiqatların, təcrübədə qarşıya çıxan problemlərin və onların həlli yollarının, habelə Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələlərinə dair bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tədbir iştirakçılarının korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayan və bu sahədə səmərəli mexanizmlərin nümunəvi modeli kimi çıxış edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanışlığı da planlaşdırılır.
Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir keçirilir - FOTOLAR
Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir keçirilir - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ