SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda qadınların “qul bazarı” - “Yemək də vermirlər işlədirlər bizi ac-susuz“

Bakıda qadınların “qul bazarı” - “Yemək də vermirlər işlədirlər bizi ac-susuz“

Tarix:

7-10-2017, 11:56

/ 86 937 dəfə oxundu.
Bakıda qadınların “qul bazarı” - “Yemək də vermirlər işlədirlər bizi ac-susuz“

Bakının yaxınlığındakı Maştağa qəsəbəsində “Xəyal” adlandırılan bir yer var. Bu, qəsəbənin mərkəzindəki bazar hesab olunur.
Bura həm avtobusların dayanacağı, həm təsərrüfat malları, həm ərzaq, həm də tikinti materiallarının satış mərkəzidir.
Amma bura həm də Bakı ətrafında məşhur olan qadınların “qul bazarı”dır.
Çörək pulu qazanmaq üçün əlacsız qalan qadınlar, nə olursa olsun işə əl atırlar. Burada əsasən təhsil, bilik tələb etməyən ağır iş tapmaq olar.
Dövlət tərəfindən iş təklif olunsa da, məvacibi ailənin xərclərini örtmür. Rəsmi qurumların işçilərinin sözlərinə görə, dövlət tərəfindən həm iş və biznesin qurulmasında yardım, həm də müavinət almaq olar.
Avtobus dayanacağından bir az kənarda, aptekin kölgəsində təxminən səkkiz-on qadın Günəşdən gizlənir.
Qadınların yaşı ilk baxışdan 35-40 yaş arasıdır, bir-ikisi lap gənc görünür, iyirmi-iyirmi iki yaşından artıq olmaz.
Bəziləri yolun qırağında gəzişir, bəziləri səkidə əyləşıb müştəri gözləyir. Onlara yaxınlaşanda kənardan bir neçəsi də yaxınlaşır: “İş var? İş var?”
Başqa məqsədlə gəldiyimi biləndə münasıbətləri dərhal dəyişir: olduqca aqressiv davranmağa başlayırlar.
“Nəyə gəlirsiz bura? Nə faydası var?” “Çox adam burada belə bir yer olduğunu heç bilmir!”, – deyə başa salmağa çalışıram.
“Hamı bilir! – qısa qıvrım saçlı sərt cizgiləri ilə qadın sözümü kəsir, – Lider də gəlmişdi, ATV, Xəzər TV də, başqaları da!”. “Bizi televizora çıxarmayın, bağlayarlar buranı! – sarışın gənc qadın yaxınlaşır, – Siz allah, imkan verin, çörək pulumuzu qazanaq, çıxın gedin buradan!”.
Danışmağa razılaşan ancaq bir qadın olur. Ağzında dişlərinin bəziləri çatışmır, bəziləri qızıl dişlə dəyişdirilib. Əlində əl çantasından başqa bir böyük paket də var, özü dediyi kimi, içində işində lazım olan əşyalar, dəyişik paltar, toz əskilərini gəzdirir.
Mahirə xanım gününü elə burada keçirir.
“Özüm Cəlilabaddanam. Oradakı xəstəxanada, elə baş həkimin yanında işləmişəm. Amma vəziyyət ağır olub, gəlmişəm bura. İndi Sabunçuda kirayədə qalıram, yüz iyirmi manat da kirayə pulu verirəm.
“Yoldaşım özü Qarabağda döyüşüb, amma dövlət bizə heç bir müavinət vermir. Deyirlər, getməlisən hərbidə olduğun yerə, o da Yevlax rayonudur, sənədləri oradan yığıb gətirməlisən. Ona da pulumuz yoxdur. Yoldaşım da qardaşımla bazarda ərzaq satırdı, indi də qardaşım Rusiyyətə gedib, lap çətin oldu”.
Məşğulluq fonduna müraciət etmələri haqqında soruşuram. “Nə məşğulluq fondu? – uzaqdan həmin sərt cizgili qadın cavab verir, – Səksən manatlıq iş verir mənə, heç kirayə puluma da çatmaz”.
“Mən sosial yardım üçün hər yerə yazmışam. Amma bax a, mən televizora-zada düşməyim. Ailəm bilməsin ki, bura gəlirəm.
“Yox, yoldaşım bilir. Yaxşı adamdır. Bax, sənə deyirəm, buradakılar bilmir, pis baxarlar. Mənim yoldaşım olub, rəhmətə gedib. Ondan da bir oğlum var, məktəbə gedir. Uşağa görə məcbur oldum yenidən ailə qurum”.
Ailə, qadın və uşaq problemləri komitəsinin mətbuat şöbəsinin rəhbəri Elgün Səfərov BBC Azərbaycancaya şərhində belə deyib: “Bizim layihələr əsasən regionlarda qadınlar üçün xırda və orta biznesin təşkilində yardım çərçivəsindədir”.
Şöbə rəhbəri etitaf edir ki, bu sahədə problemlər çoxdur, məsələn qadınların biznes layihə yaratmalarında məlumatlı olmadıqları problemdir.
“Son on il ərzində qadın sahibkarların sayı 145 minədək artırılıb”. Kiçik biznes qurmaq istəyən xanımlar yerli İcra hakimiyyəti organlarına müraciət edib məlumat ala bilərlər.
Mahirə xanım iki ildir ki bura gəlir. Şənbə-bazar isə Sabunçu bazarında paltar alveri edir.
Əsasən ev yığışdırma işləri olur. Deyir ki, qabyuyan və ya daimi xadimə işinə gedə bilmir: həm iş ağırdır, həm də məvacibi azdır, bütün gün işləyirsən, əlavə işə vaxt çatmır.
“Elə vaxt olur ki, on beş-iyirmi manat pul verirlər, yemək də vermirlər günün istisində işlədirlər bizi ac-susuz. Elə vaxt olur ki, pulumuzu kəsən də olur. Mən buradakı bəzilərindən fərqli işimi yaxşı, səliqəli görürəm. Ev yığışdırmağı da bacarmaq lazımdır”.
Bir az düşünüb əlavə edir: “Bir normal iş tapılsa, heç gəlmərəm bura. Xoşlamıram buranı, kim xoşlayar?”.
Bura gələn qadınlar arada daimi və ya onlara daha uyğun şəhərdə iş tapıb, buradan uzaqlaşır. Onların yerinə digərləri gəlir – ehtiyacı olanlar çoxdur.
Acınacaqlı vəziyyətlərinə şikayət etmələrinə baxmadan qadınlar etiraf da edirlər: bir təhər çörək pulları çıxır. Gün ərzində heç olmasa bir dəfə işə çağırarlar, bir-iki saat sərf edib, xırda pullarını qazanırlar.
Qadınlardan çoxu təhsilsiz, regionlardan gəlmişlərdir. Yüksək maaşlı işə orada daha ciddi tələblər olduğuna görə, düzələ bilmirlər. Dövlət və ya özəl sahibkarların təklif etdikləri iş isə az qazanc təklif edir.
İş təklif edənlər isə çox vaxt “müvəqqəti” olur: təzə təmirdən çıxan mənzili səhmana salmaq üçün, elə buradan müvəqqəti xadimə tapırlar.
Dövlət tərəfindən kömək istəyənlər üzlərini Məşğulluq mərkəzlərinə tuturlar. Amma Məşğulluq mərkəzlərinin iş yerləri ərazilərində fəaliyyət göstərən sahibkarların icbarı aylıq hesabatları əsasında yaranır.
Məsələn, Suraxanı rayon Məşğulluq idarəsinin işçisi təhsili olmayan 30-35 yaşlı qadın üçün yalnız satıcı-kassir vəzifəsini təklif edib.
Onun da əmək haqqı 250-300 manatdır. Bəzi işləri o yaşda qadına təklif etmirlər: “Bir vakansıyamız var, yaşlı kişi üçün dayə, amma o sizin yaşınıza uyğun gəlməz”, – deyə cavab verdilər.
Xadimə, qabyuyan işlərinin əmək haqqı da 80-120 manat arası olur.
“Mən qabyuyan işinə istəmirəm, ağırdı, – Mahirə xala deyir, – amma şəhərdə işədüzəlmədə mənə yaxşı xadimə işi tapmaq sözü veriblər”.
Öz biznesini qurmaq istəməyən və uyğun iş tapa bilməyənlər yenə də dövlətə, yəni sosial müdafiə fonduna üz tuta bilərlər. İmkansızlar dövlət tərəfindən müavinət ala bilərlər.
Hüquqi şəxslərlə iş departamentinin işçisi məlumat verir ki, əmək qabiliyyətindən məhrum olan və ya imkansız şəxslər Əmək və Əhalinin sosial müdafiə nazirliyinə müracət edir.
Sayt vasitəsilə (“İndi sənədlər hamısı internetlədi, əldən ələ heç nə verilmir” – sosial işçi deyir) lazımi sənədlər toplanır və yollanır Nazirliyə.
“Ondan sonra sosial işçi gəlib ailənin vəziyyətini və doğrudan da müavinətə ehtiyaclı olduğunu yoxlayır, – sosial işçi məlumat verir, – Ailənin tərkibindən, vəziyyətindən asılı olaraq, 120 manatdan 150 manatadək müavinət ödənilir.
Təxminən bir ildən sonra sosial işçi yenə də ailəyə gəlir və maddi vəziyyətlərini yoxlayır”.

BBC Azərbaycanca

Şərhlər

XƏBƏR LENTİ