SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni uçuruma aparır

Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni uçuruma aparır

Tarix:

28-09-2017, 21:42

/ 108 284 dəfə oxundu.
Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni uçuruma aparır

Ötən yazılarımızda Xəzər Dəniz Gəmiçiliyində baş verən neqativ hallarla bağlı bir çox məlumatlar dərc etmişdik. Adıçəkilən qurumda baş alıb gedən korrupsiya faktlarının ictimailəşməsindən sonra redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Neçə illərdir ki, Xəzər Dəniz Gəmiçiliyində “saç ağardan” təcrübəli və savadlı kadrlar Rauf Vəliyevin idarəçiliyindən boğaza yığıldıqlarını bəyan edirlər. Onların sözlərinə görə vəziyyət o həddə çatıb ki, həmin kadrlar ölkəni tərk etmək məcburiyyətində qalaraq digər dövlətlərin bayrağı altında çalışmağa üstünlük verirlər. Kadrların kütləvi şəkildə ölkəni tərk etməsinin aldıqları cüzi maaşla heç bir əlaqəsi yoxdur. Onlar Rauf Vəliyevin və onun səriştəsiz komandasının heç bir əndazəyə sığmayan idarəçilik metodundan boğaza yığılaraq iş yerlərini birdəfəlik tərk edirlər. İdarədə hər addımbaşı rüşvət və özbaşınalıqla qarşılaşan yerli kadrlar dövlətim müvafiq qurumlarının burada baş verənlərə diqqət ayırmasını səbirsizliklə gözləyirlər. Əgər Rauf Vəliyevə “dur” deyən tapılmasa onda Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gələcəyi şübhə altında olacaq. Nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və rüşvətxorluq adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Daxil olan məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrup isə dənizçilərin “dərisini soymaqla” məşğuldur. Məsələn, akademiyanı bitirən məzunlar ilk olaraq motorist kimi gəmilərə təyin edilirlər. 6 aydan sonra növbə mexaniki vəzifəsinə gəlmək üçün isə həmin motorist 1500-2000 manat rüşvət verməli olur. Ikinci mexanik keçmək üçün 2000-2500 manat “tərləməli” olan məzunlar baş mexanikliyə 3000 manat rüşvət vermək zorunda qalırlar. Baş verən haqsızlığa və özbaşınalığa dözməyən savadlı və təcrübəli dənizçilərin ölkəni tərk etməsi sonda ciddi kadr çatışmazlığı problemini yaradıb. Redaksiyamızı məlumatlandıran mənbələr baş verənlərin bunlarla yekunlaşmadığını bildirirlər. Gələn məqalələrdə Xəzər Dəniz Gəmiçiliyində Rauf Vəliyev idarəçiliyinin törətdiyi digər fəsadlarla tanış olacaqsınız.
Həmişə olduğu kimi Xəzər Dəniz Gəmiçiliyi bu günə qədər yazılanlara heç bir reaksiya vermir. Buna baxmayaraq biz adıçəkilən qurumda baş verən neqativ halları işıqlandırmaqda davam edəcəyik.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...

Stimulxəbər.az

Şərhlər

XƏBƏR LENTİ