SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzarətsiz qalan 412-ci otağı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzarətsiz qalan 412-ci otağı

Tarix:

25-09-2017, 23:19

/ 48 121 dəfə oxundu.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzarətsiz qalan 412-ci otağı

Daxili nəzarət şöbəsinin rəisi və rəis əvəzi Kənan Quliyevə nəzarət edən varmı? - Nazirə müraciət

Nəzarət hər zaman yaxşı işdir. Əgər cəmiyyətdə qarşılıqlı nəzarət mexanizmi olmazsa onda hərc-mərclik baş verər, “babam mənə kor deyib, gəlib gedəni vur deyib” prinsipi hökm sürərdi. Elə bir çox dövlət idarələrində də daxili nəzarət şöbələri fəaliyyət göstərir. Təhsil Nazirliyinin də Daxili nəzarət şöbəsi var. Bakı şəhəri üzrə Təhsil İdarəsində də bu möhtəşəm adda şöbə mövcuddur. Bəli, səhv eşitmədiniz, məhz mövcuddur. Çünki, onun fəaliyyət göstərdiyini söyləsək cənab Təhsil nazirinin “islahatlarına” xələl gətirmiş olarıq. Bu şöbə nəinki paytaxtın təhsil işçilərinə, həmçinin cümlə cahana əyani şəkildə sübut edir ki, kabinet ayırmaqla, o kabineti arzuların “40-cı otağı”na çevirməklə, dövlətdən müft-müsəlləm maaş almaqla, amma heç bir iş görməməklə daxili nəzarət şöbəsi formalaşdırmaq olar.
Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin rəhbəri Kənan Quliyevdir. Cənab nazir K. Quliyevin fəaliyyətindən deyəsən çox razı qalıb. Belə olmasaydı Bakı şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət şöbəsinin də yad əllərə keçməməsi üçün rəhbərliyi məhz Kənan müəllimə həvalə etməzdi. Kənan müəllim isə doğrudan da əsl qəhrəmanlıq nümunəsi göstərir. Çünki, nazirlikdə Daxili nəzarət şöbəsinin rəisi, BBTİ-də həmin şöbənin rəis əvəzi kimi işləmək hər kəsin hünəri deyil.
BBTİ-də Kənan Quliyevin bir kabineti var ki, gəl görəsən. Lap, məhşur səhnəcikdə rəhmətlik Əliağa Ağayevin dediyi kimi yarlı yaraşıqlı, bərli bəzəkli. Par-par parıldayan mebel, divan, kreslo...Lakin, bu kabinetin qapısının nə zaman açıldığını, Kənan müəllimin mübarək qədəmlərinin par-par parıldayan parket döşəməyə nə vaxt toxunduğunu heç kim xatırlamır. Dəfələrlə, bu qapının önündə müxtəlif ayinlər keçirilib dualar oxunsa da , “sim-sim açıl” kimi tilsimli sözlər söylənilsə də 412-ci otağın nə qapısı, nə də bəxti açılmayıb. Hətta, bu "sirli qapı"nın üzərinə qızılı hərflərlə yazılıb ki, Kənan Quliyev hər həftənin cümə günləri (bizcə müqəddəs cümə gününün seçilməsi də təsadüfi deyildir, bu qapının müqəddəsliyinə bir ilahi işarətdir) saat 14-dən 16-ya qədər şikayətçiləri qəbul edir. BBTİ-nin 4-cü mərtəbəsində yerləşən bu sehrli, əlçatmaz 412-ci otağında hələ indiyə qədər K.Quliyevin qəbuluna düşmək xoşbəxtliyi kimsəyə nəsib olmayıb. Əsas kabinet və qəbul otağına asılan bəzəkli lövhəcikdir, qəbul olmasa da olar.
Elə 4 ay əvvəl biz də Yasamal rayonunda yerləşən 286 saylı tam orta məktəbdə direktor müavinlərinin qanunsuz əməlləri haqqında BBTİ-nin Daxili nəzarət şöbəsinə müraciət ünvanlayanda düşünməzdik ki, K. Quliyev buranı belə alınmaz qalaya çevirib. Yəqin ki, 4 ay ərzində bir dövlət idarəsinin KİV-in müraciətinə cavab verməməsi həmin təşkilatın hansı səviyyədə fəaliyyət göstərdiyinin əyani sübutudur. Görəsən, paytaxtın əsas təhsil idarəsinin daxili nəzarət şöbəsini bu vəziyyətə salanların məqsədi nədir? Adı Daxili nəzarət şöbəsi olan bu quruma nə üçün hər hansı xarici nəzarət olunmur? Yoxsa bu boyda Bakıda bir şöbəyə rəhbərlik edəcək, onu çevik işləyən bir mexanizm halına gətirəcək başqa kadr tapılmır ?
İnanmaq istərdik ki, Təhsil Nazirliyinə ünvanladığımız bu sualların cavabı da Kənan Quliyevə ünvanladığımız müraciət kimi 4 ay yubanmayacaq. Bir də ümid edirik ki, 412-ci otağın nə zamandan bəri bağlı qalan qapısı axır ki, açılacaq. Allah, bütün bağlı qapıları açsın!

Rubrika.az

Şərhlər

XƏBƏR LENTİ