SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ veteranının anası oğluna əfv diləyir

Qarabağ veteranının anası oğluna əfv diləyir

Tarix:

22-09-2017, 08:55

/ 91 116 dəfə oxundu.
Qarabağ veteranının anası oğluna əfv diləyir

“Mənim uşağım türmədə ölür. Bədənində erməninin vurduğu qəlpələr var. Biz oğlumun haqlı olduğunu sübut edə bilmirik. Oğlumun mədəsindən qan gəlir. 11 yaşlı qızının başında şiş var. Uşağın gözləri tutulur. Həbsindən əvvəl Qazaxda evimizi satıb məni əməliyyat etdirmişdi. Taksi sürüb bizi birtəhər dolandırırdı. Özüm ağır şəkər xəstəsiyəm, atası da ağır vərəmdir. Oğlumu prezident əfv etsin, Əfv Komissiyasındakılar bizim ailənin taleyinə biganə qalmasın”.
Bunu Qazax rayon sakini 70 yaşlı Minayə Əliyeva redaksiyamıza etdiyi müraciətində bildirib. Qollarındakı yanıq izlərini göstərən ahıl qadın deyir ki, özünün də, həyat yoldaşının da təqaüd kartları sələmçilərin əlindədir: “Oğlumun yanına getməyə, uşaqlara çörək almağa imkanımız belə yoxdur. Gecədən səhərə qədər lavaş bişirib satıram ki, birtəhər ayı başa vuraq. Ümidim əfvədir. Hara gedirəm, deyirlər pul verməsən mümkün deyil, bura Azərbaycandır. Oğlum Həmid Rövşən oğlu Əliyev Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindədir. O, bir müddət əvvəl ədalətsiz hökmə etiraz edib 9 gün ölüm aclığı etdi. Az qala ölmüşdü. Yenə də aclığa başlamaq istəyir. Mənə deyir ki, ana, sən qoçaq qadınsan, mən günahsızlığımı sübut etmək üçün aclıq edirəm. Bəlkə işi doğru-dürüst araşdıran olar. Oğlumun dövlətdən başqa güvənc yeri yoxdur. Qanını da, canını da 3 il Qarabağda fəda etməklə dövlətə qulluq edib. Əlimizdə günahsız olduğunu sübuta yetirən bütün dəlil-sübutlar var. Şərlənib həbsə atılıb. Oğlum Bakıda taksi sürüb bizi dolandırırdı. Ona Qazaxdan olan Məhəmməd Mustafa oğlu Nəsibov çanta verib ki, bunu apar ver Qazaxda qardaşıma. Oğlumu polis tutub, məlum olub ki, bağlamada narkotik var. Polisin iştirakı ilə telefon danışıqları zamanı çantanın sahibi Məhəmməd Nəsibov etiraf edib ki, polisin əlində olan bağlama ona məxsusdur. Lakin buna baxmayaraq, hazırda o, azadlıqda, oğlum isə həbsdədir. Bütün bunlar oyundur. Oğlumun həbsindən sonra Məhəmmədi 3 saat saxlayıb buraxdılar. Oğlumu Zığdakı narkodispanserə aparıb qanını götürmüşdülər. Yazmışdılar ki, qanı 1-ci qrupdur, qanında narkotikin miqdarı o qədər çoxdur ki, həkim onun köhnənin narkomanı olduğu qənaətinə gəlib. Bunu biz Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən bildik. Mənim oğlum narkotikdən uzaq adamdır. Bunu Daxili İşlər Nazirliyində qəbulda olarkən də dedim. Dedilər ki, bəlkə xəbərin olmayıb, oğlun narkotik istifadə edib. Dedim ki. həmin rəy saxtadır, çünki oğlumun qanı orada 1-ci qrup göstərilib. Mənim oğlumun qanı 3-cü qrupdur. Yoxladılar, məlum oldu ki, həkim səhv edib, oğlumun qanının əvəzinə başqasının qanını müayinə edib, oğlumun adına yazıb. Şikayətlərimdən sonra həkimi işdən çıxardılar. Halbuki mən həkimin işdən çıxarılmasını istəmirdim, oğlumun günahsız olduğunun sübut edilməsini tələb edirdim. Məhkəmədə Məhəmməd Nəsibovu gətirib dindirmələrini tələb etdik. Gətirmədilər. Adam deyir ki, çanta da, içindəki bağlama da mənimdir. Oğlum isə taksi sürücüsü kimi ona verilən çantanı Qazağa aparıb. Oğluma məhkəmədə də, polisdə də deyirdilər ki, gərək apardığın çantanın içinə baxaydın. Baxmamısansa, deməli, günahkarsan. Prokuror 11 il cəza istədi, məhkəmə 10 il cəza təyin etdi. 2 ildir ki, qapılardayam. Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə getməkdən ayaqlarım şişib, taqətdən düşürəm. İstədiyim budur ki, oğlumu əfv etsinlər, canımız bu dərd-sərdən qurtarsın”.
Qeyd edək ki, Qazax rayon sakini, Qarabağ müharibəsi veteranı Həmid Əliyev 2015-ci il aprelin 25-də axşam saatlarında kirayədə yaşadığı Binəqədi rayonu ərazisində evinin yaxınlığında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. H.Əliyevə həmin gün həmyerlisi Məhəmməd Nəsibov balaca bir çanta verib, Qazaxda onu qardaşına çatdırmasını xahiş edib. Lakin həmin gün sərnişin olmadığından o, Qazax rayonuna gedə bilməyib. M.Nəsibova zəng edib deyib ki, adam yoxdur deyə, Qazağa gedə bilmir, gəl çantanı geri apar. M.Nəsibov telefonda gəlib çantanı götürəcəyini desə də, həmin gün gəlməyib. Daha sonra isə axşam saatlarında “Favorit” marketdən çay və siqaret alıb çıxarkən H.Əliyevin qarşısını 2 nəfər mülki geyimli şəxs kəsib və üzərində axtarış aparacaqlarını deyiblər. Sonra isə onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Daha sonra H.Əliyevə bağlamada narkotik maddə olduğunu bildiriblər. Elə oradaca polis əməkdaşları dinləmə vasitəsilə H.Əliyevlə və M.Nəsibovun telefon bağlantısını qurublar. Nəsibov telefon danışığı zamanı etiraf edib ki, bağlama ona məxsusdur və götürməyə gəlir. Görüş yeri təyin edilib, Nəsibov bağlamanı H.Əliyevdən geri alarkən polis əməkdaşları tərəfindən saxlanılıb. 3 saat sonra M.Nəsibov buraxılıb. H.Əliyevə isə ittiham verilib, sonradan ən ağır cəza təyin olunub. H.Əliyevin anası deyir ki, bu gün M.Nəsibov azadlıqda gəzir, günahı olmayan oğlu isə türmə divarları arasında ölümlə çarpışır: “Prezidentə yalvarıram ki, oğlumu azad etsin. Günahızdır”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ