SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Leyla Şıxlinskaya” klinikası haqqında şok iddia - Gənc ananı dəli edib, ayağını yaraladılar

“Leyla Şıxlinskaya” klinikası haqqında şok iddia - Gənc ananı dəli edib, ayağını yaraladılar

Tarix:

15-09-2017, 10:40

/ 88 948 dəfə oxundu.
“Leyla Şıxlinskaya” klinikası haqqında şok iddia - Gənc ananı dəli edib, ayağını yaraladılar

Paytaxtın məşhur klinikalarından olan “Leyla Şixlinskaya” klinikası haqqında şok ittihamlar ortaya çıxıb. Belə ki, Arzu Kamilova adlı Bakı sakini redaksiyamıza müraciət edərək bildirib ki, bu yaxınlarda 3-cü dəfə ana olan bacısı Kəmalə Atakişiyeva klinikanın həkimlərinin səhvi ucbatından ağlını itirib, ayağı yaralanıb.
Şikayətçi deyir: “17 iyul tarixində bacım adıçəkilən klinikada qeysəriyyə əməliyyatı oldu. Bundan əvvəl də bacım iki dəfə qeysəriyyə əməliyyatı olunub, iki övladı var, sağlam və normal qadın idi. Klinikada əməliyyat olunduqdan sonra Kəmalə Atakişiyeva komaya düşdü. Guya onu komadan ayıltmaq üçün ayağına isti ”qrelka" (istiqac) qoyulub. “Qrelka”nı necə qoyublarsa, iki aydır hələ də ayağından irin gəlir. Koma vəziyyətində olan bacımı bu dəfə ayağına görə ikinci dəfə əməliyyata almağa məcbur olublar. İkinci dəfə əməliyyata girdiyi üçün bacımda psixi pozğunluq yaranıb, hazırda bircə öz adını tanıyır. Beyni yaxşı işləmir, huşu yerində deyil, üstəlik, ayağı yanıq vəziyyətindədir. İki aydır müalicə alır, lakin nəticə yoxdur və heç bir xəstəxana onu yaxına buraxmır".
Şikayətçinin sözlərinə görə, klinika rəhbərliyi hədə-qorxu ilə ağır vəziyyətdə olan xəstəni klinikadan çıxarıb: “Xəstəxana işçiləri bizdən tələb etdilər ki, xəstəni çox saxlamağa ixtiyarları yoxdur, təcili çıxartmalıyıq. Buna görə hətta bizi hədələdilər, bildirdilər ki, yoxsa polis çağıracaqlar. 38 yaşlı üç uşaq anasını dəhşətli hala salıb, sonra da onu təcili çıxartdırlar. Bu, hansı qanunda yazılıb?”
Arzu Kamilova məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirir: “Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdik, ordan bildirdilər ki, klinika özəl olduğundan yazılı müraciət etməliyik. Lakin yazılı müraciət etsək də, hələ də nazirlikdən cavab yoxdur. Bacımın əməliyyatları və müalicəsi üçün üst-üstə 30 min xərcimiz çıxıb, halbuki bir tək qeysəriyyə əməliyyatı olunmalı idi. Bunun üçün də 1500 manat tələb etmişdilər. Bütün xərcləri özümüz çəkdik, iynə-dərmanları da özümüz aldıq, üstəlik, üç uşaq anası hazırda dəlidir, ayağı da yaralıdır, yeriyə bilmir. Bu qədər vəhşilik, özbaşınalıq olarmı? Bir daha qeyd edm ki, bacıma bu vəziyyətdə başqa klinika və xəstəxananın həkimləri yaxın durmur. Bizə deyirlər ki, ayağının yarası dərindir, təhlükəlidir...”
Məsələ ilə bağlı əməkdaşımız “Leyla Şıxlinskaya” klinikası ilə əlaqə saxlayıb. Klinikanın baş həkim müavini Nuriyyə Qədirova olaya bu cür aydınlıq gətirib: “Kəmalə Atakişiyeva 17 iyul tarixində bizim klinikada əməliyyat olunarkən dölyanı suların emboliyası olmuşdu. Bu isə 100 faizlik ölüm deməkdir. Buna baxmayaraq, bizim həkimlərimiz hamımız birlikdə çalışaraq xəstəni faciədən qurtardıq. Dölyanı suların embaliyasından sonra mütləq qan laxtalanması ilə bağlı problemlər yaranır. Yəni qan laxtalanmır. Biz bilirdik ki, belə olacaq, ona görə təcili xəstəyə qan köçürdük, çox çətinliklə onu vəziyyətdən çıxartdıq. Qadın koma vəziyyətində deyil, huşsuz idi. Vaxtaşırı suallarımıza cavab verirdi. Reanimasiya şöbəsində onun müalicəsini davam etdirirdik”.
Baş həkimin müavini xəstənin ayağının “qrelka”dan yanmasını təkzib edib: “Xəstənin ayağının dərisi tropmdan pis vəziyyətə düşmüşdü və həmin dəri hissə götürülmüşdü, əməliyyat olunmayıb. Biz xəstəyə də bildirdik ki, gələcəkdə kosmetik əməliyyatla onu aradan qaldırmaq olar. Ayağı hazırda yavaş-yavaş sağalır. Həkim bildirmişdi ki, yeni dəri üçün kosmetik əməliyyatdan ötrü hələ 10-15 gün gözləməlidir. Hazırda demək olar ki, xəstə dərman qəbul etmir, huşu üstündədir”.
Nuriyyə Qədirova digər ittihamları da təkzib edib: “Bizim əməkdaşlarımız onun saçını darayır, dırnağını tutur, paltarını dəyişirdilər. Hətta ağır vəziyyətdən çıxartmaq üçün əməkdaşlarımız da əlavə qan vermişdi. Xəstə klinikada 25 gündən çox qalmır, bilirsiz ki, bütün bunların hamısı pul deməkdir. Təkcə 1 ay yarım qalması 16 min manata başa gəlir. Biz isə xəstənin yaxınlarından 5 min manat almışıq, digər xərcləri tələb etməmişik. Bu haqda xəstəxananın qeydiyyat kitabından tanış ola bilərsiz. Üstəlik, onun vəziyyəti yaxşı idi və 12 sentyabr tarixində evə buraxdıq, özü öz ayağı ilə getdi. Yəni onun klinikada qalmasının bir mənası yox idi. Bəli, əməliyyatdan sonra xəstədə nevroloji problemlər yaranıb. Nevropatoloq həkim də ona bildirdi ki, nevroloji problemləri bir il ərzində düzələcək. Qadının yeni doğulan körpəsindən başqa 2 uşağı var. Onun bundan əvvəl də nevroloji problemləri olub. Həmin problemlər tam aradan qalxmayıb. Ona ilk növbədə nevroloji müalicə lazımdır. Bizim xəstəxanada nevroloji həkim olmadığından məsləhət bildik ki, başqa xəstəxanada müalicə olunsun”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ