SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Küçədə qalan qadın: "Ərim xalam qızını aldı, qocalar evində məni döydülər"

Küçədə qalan qadın: "Ərim xalam qızını aldı, qocalar evində məni döydülər"

Tarix:

29-08-2017, 13:59

/ 56 341 dəfə oxundu.
Küçədə qalan qadın: "Ərim xalam qızını aldı, qocalar evində məni döydülər"

21 il iş stajı olan, 3 dil bilən Bakı sakini 7 ildir ki, küçələrdə yaşayır. Evini, mal-mülkünü əlindən alan qohumları onu evdən qovub. 60 yaşında ağır vəziyyətdə olan İmanova Mülayim Abdulla qızı müraciət edib.
O, pulum olanda gecəsi 2 manat olan evlərdə, olmayanda isə küçələrdə qalır: "Pis yoldaşım ucbatından bu günə düşmüşəm. Yoldaşım sağ olanda öz xalam qızını mənim üstümə aldı. İndi, iki nəsil düşmənik. Qayınlarım, baldızlarım uşaqlarımı öyrədib, 14 ildir məndən ayırıblar. Yoldaşım imkanlı idi. Malımı-mülkümü, hər şeyimi əlimdən alıblar. 8 il Buzovnada qocalar evində qaldım. 7 ildir ki, oradan çıxmışam, amma uşaqlarım mənə baxmırlar. Keçən il dayanacaqda avtomobil vurdu, apardılar travmatologiyaya. Vuran adam tez-tələsik pulu notariusla verdi, övladlarım pulu xərclədilər, heç kim arxamca gəlmədi. Hazırda pis vəziyyətdə yaşayıram. Qalmağa yerim yoxdur. Pulum olanda 2 manatlıq evlərdə qalıram, olmayanda küçələrdə. Özüm savadlıyam, 2 diplomum var, 3 dil bilirəm. Vətən üçün də 2 oğul böyütmüşəm. Mənə qismət olmur, amma vətənə qurbandırlar. Böyük oğlumun yanına gedirəm, məni döyüb qovur ki, bura gəlmə. Bütün qocalar evində qapılar bağlıdır, yaşlıları elə bil həbsxanada saxlayırlar. Mən də azad olmaq istəyirəm".
Allah yerdə olsaydı, gedib ona şikayət edərdim, bəndələrdən mənə heç bir kömək yoxdur
Mülayim İmanova Respublika Klinik Xəstəxanasına başına gələnlərdən danışıb: "Sovet vaxtı 21 il vətən üçün işləmişəm. 3-cü qrup əlilə guya 48 manat təqaüd verilməlidirlər, amma ala bilmirəm. 2 ildir ki, şəkər xəstəliyinə tutulmuşam. Səhiyyə Nazirliyinə müraciət etdim. Məni Respublika Klinik Xəstəxanasına yazdılar. Mən pulsuz müalicə olunduğuma görə, orada 6 gün təhqir olundum. Həkimlərdə bir günah yox idi. Elə bir tibb bacısı idi ki, mənimlə maraqlanmırdı. Məcbur qalıb baş həkimə şikayət etdim. Allah yerdə olsaydı, gedib ona şikayət edərdim. Bəndələrdən mənə heç bir kömək yoxdu. Hara gedirəmsə mənə gülürlər, yəni mən gülünc görünürəm?"
Çarəsiz vəziyyətdə qalan Mülayim İmanova təqaüd də ala bilmir: "60 yaşım olmağına 4 ay qalmışdı, 6 ay da artırdılar, təqaüd ala bilmədim. İndi bir ilim qalıb".
"Buzovnadakı qocalar evində 8 il qaldım. Məni döyə-döyə işlətdilər, qocalara baxdırdılar. Qocalar evlərinin hamısında qapılar bağlıdır. Mən dindar qadınam, məscidə gedib, ibadət etmək istəyirəm. Gəzmək, ağaclara baxmaq istəyirəm. Eşitdiyimə görə bir dənə Bilgəhdə qapı açıqdır. Mən bağlı qapılar arxasında dustaq həyatı yaşamaq istəmirəm. Xəstə qadınam, qarşıdan da qış gəlir, xahiş edirəm mənə kömək edin" deyə Mülayim İmanova bildirir.

"Qaynarinfo"

Şərhlər

XƏBƏR LENTİ