SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Orada gələni-gedəni soyurlar, kimsə də səsini çıxarmır - ŞOK QİYMƏTLƏR

Orada gələni-gedəni soyurlar, kimsə də səsini çıxarmır - ŞOK QİYMƏTLƏR

Tarix:

25-08-2017, 10:31

/ 92 083 dəfə oxundu.
Orada gələni-gedəni soyurlar, kimsə də səsini çıxarmır - ŞOK QİYMƏTLƏR

Yay mövsümünün başa çatmasına az müddət qalıb. Buna baxmayaraq, Azərbaycanın əsas turizm bölgələrindən olan Şimal-Qərb bölgəsindəki turizm obyektlərinə insan axını davam edir.
Füsunkar təbiəti ilə yerli və xarici turistlərin zövqünü oxşayan Xızı rayonunun Altıağac qəsəbəsində də turist sıxlığı müşahidə edilir. Altıağac Milli Parkında Avropadan, Asiyadan, Ərəb yarımadası və Fars körfəzi ölkələrindən təşrif buyurmuş xeyli turistə rast gəlmək mümkündür.
Burada restoran və istirahət mərkəzləri tipli iaşə obyektləri də kifayət qədərdir. Bu obyektlərin əksəriyyətində özünəxidmət mövcuddur. Turistlər burada piknik təşkil etmək imkanına malikdirlər ki, elə əksəriyyət də qiymətlərin bahalığı ucbatından məhz istirahətin bu növünə üstünlük verirlər.
Bölgədə turistlərə xidmət edən istirahət mərkəzlərindən birinin sahibi Pərviz Şıxəliyev, 29 ildir obyekt idarə etdiyini bildirir. Danışan Şıxəliyev, gələn turistlərə restoran xidmətləri ilə yanaşı, özünəxidmət imkanlarının da yaradıldığını, turistlərin sayından da məmnun qaldığını qeyd edib.
Onun fikrincə, burada təklif etdikləri qiymətlər turistlər üçün münasibdir. "Bir nəfər səhər süfrəsi üçün 20-30 AZN dəyərində vəsait xərcləyir. Bu isə kifayət qədər münasib qiymətdir" – deyə obyekt sahibi bildirir.
Lakin turistlər heç də belə düşünmürlər. Onlar qiymətlərin bahalığından şikayət edirlər. Buna görə də, istirahət üçün özünəxidmət imkanları olan yerləri seçirlər.
Altıağacda birnəfərlik səhər menyusu və qiymətlər belədir:
Qaynadılmış iki yumurta – 1 AZN,
Yağda qızardılmış 2 yumurta (qlazok) – 2 AZN
1 ədəd çörək – 1 AZN
Bir boşqab pendir – 2 AZN
Bir qab şor – 1 AZN
1 qab bal – 5 AZN
Samovar çayı — 10 AZN.
Bu qiymətlərlə 1 nəfərin səhər yeməyi 23 AZN-ə başa gəlir. Əgər kimsə burada ailəsi ilə birlikdə nahar və şam yeməyinə otursa, cibində azı 100-140 AZN pulu olmalıdır. Menyuya spirtli içki əlavə olunduqda isə, qiymətlər daha da artır. Çünki burada bir şiş kabab, çeşidindən asılı olmayaraq 5 AZN, kənd çolpasının kababı 12 AZN, cücə çığırtması 15 AZN, sac kababı 20-25 AZN təşkil edir.
Bura gələnlər, yerli və xarici turistlərin regionda ən çox Türkiyə və Gürcüstana axın etdiyini deyirlər və bunu Azərbaycandakı istirahət məkanlarının baha olması ilə əlaqələndirirlər. Gədəbəy rayonundan "Altıağac"a istirahətə gələn Eynulla Fətəliyev deyir ki, qonşu Gürcüstanda qiymətlər buradan qat-qat ucuzdur və orada günləri daha maraqlı keçirmək üçün yaxşı şərait var. O, buradakı bəzi istirahət mərkəzlərindəki antisanitariyaya da diqqət çəkib.
"Nə turistlər özləri, nə də obyektləri işlədənlər təmizliyə riayət edirlər. Bəzən zibillik və tullantılardan gələn üfunət iyindən adam oturmağa yer tapmır" – deyir Fətəliyev.
Onun fikrincə, Altıağacda 10 gün ailəvi dincəlmək üçün, azı 2000 AZN pul lazımdır: "Halbuki, Gürcüstanda 700-800 AZN-ə 10 gün müddətində daha keyfiyyətli dincəlmək mümkündür".
Burada hər kəs o fikirdədir ki, əgər qiymətlər aşağı olsa, xidmətin keyfiyyəti isə yüksəlsə, bu məkanlara turistlərin axını daha çox ola bilər. Yerli turistlər xüsusilə xarici turistlərə qarşı soyğunçuluqdan gileylənirlər.
"Xarici turistlərə 5 manatlıq şeyi 50-100 manata sırıyanda, biz xəcalət çəkirik ki, bu qədər də vicdansızlıq olmaz. Axı bu turist növbəti dəfə bura gəlməyəcək. Adamlar özləri öz əlləri ilə çörəklərini kəsirlər. Başa düşmürlər ki, insaflı qiymətlərlə və yüksək xidmətlə ömürlük çörək qazana bilərlər" – deyə Bakıdan bura dincəlməyə gəlmiş Kamran Quliyev bildirir.
O, Mədəniyyət və Turizm Nazirliyinin bu soyğunçuluğa bir əncam çəkməsinin vacib olduğunu deyir: "Turizmin inkişafı təkcə onu bəyan etməklə olmur. Bu, çox incə sahədir və xüsusi yanaşma tələb edir. Turizmdə pulu birdəfəyə qazanmırlar. Bu sahədən pul qazanmaq istəyənlər əvvəlcə daimi turist qazanmağa çalışmalıdırlar. Amma buradakı yüksək qiymətlər və aşağı xidmətlərlərlə, turistləri nəinki qazanır, hətta qaçırdırıq".
Bakıdan Altıağaca dincəlməyə gələn Südabə Mahmudova isə hesab edir ki, turizm sahəsindəki bahaçılıq və özbaşınalığa görə, Mədəniyyət və Turizm Nazirliyi günahkardır: "Biz qiymətlərə etiraz edəndə, obyekt sahibləri deyirlər ki, "icra orqanları, vergi, yoxlama, filan bizdən yüksək haqq alır, ona görə də qiymətləri qaldırmaq məcburiyyətindəyik". Turizmə məsul olan Mədəniyyət və Turizm Nazirliyindən soruşmaq istəyirəm: siz nə işlə məşğulsunuz, niyə nəzarət etmirsiniz?"
"Gürcüstanda, Türkiyədə dövlətin turizmə xüsusi nəzarəti var. Heç kəs özbaşınalıq edə bilməz. Çünki hamı bilir ki, ölkənin əsas gəliri turizmdəndir. Bizdə isə bu sahənin sadəcə adı var. Buraxıblar səriştəsiz adamların ümidinə, onlar da ağıllarına nə qiymət gəlsə, onu qoyurlar. Xidmət də ki, bir qəpiklik" — S. Mahmudova əlavə edir.

Şərhlər

XƏBƏR LENTİ