SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kəlbəcər qaçqınının başına iş gəlib

Kəlbəcər qaçqınının başına iş gəlib

Tarix:

22-08-2017, 09:17

/ 61 243 dəfə oxundu.
Kəlbəcər qaçqınının başına iş gəlib

Kəlbəcərli məcburi köçkün Rafiq Hacıyev çıxılmaz vəziyyətlə üz-üzə qalıb.

Mingəçevirdə Dilqəm Əliyev adlı şəxs Rafiq Hacıyevə qarşı dələduzluq edib. Bu barədə Rafiq Hacıyevin vəkili Şəlalə Tağıyeva açıqlamasında deyib.

“Dilqəm Əliyev köhnə maşınını on səkkiz min manata Rafiqə satıb. Onlar danışıblar ki, Rafiq 18 min manatı aybaay Dilqəmə ödəyəcək. Rafiqi aldadıb1 saylı notariusa aparıb müqavilə bağlayıblar. Sənəddə isə qeyd edilib ki, guya, Dilqəmin oğlu 1 il müddətində qaytarmaq şərtilə Rafiq Hacıyevə 18 min manat borc pul verir. Rafiq Hacıyev isə müqavilənin maşın müqaviləsi olduğunu zənn edib”.

Vəkil Ş.Tağyeva bildirib ki, bundan sonra Rafiq 12 min manata yaxın xərc çəkib maşını təmir etdirməyə başlayıb:

“Üç usta tutub, onlardan ikisi Mingəçevirdəndir, biri Goranboyun Ovsunlu kəndindən. Dilqəm Rafiqə deyib ki, maşını sürmək üçün etibarnamə verəcək, amma onu da verməyib. Rafiqin özünün “Opel” markalı avtomobili var. Daha sonra Dilqəm deyib ki, “Rafiq, mən bu maşının pulunu verəcəyəm, “Opel” markalı maşını mənə ver”. Rafiq də maşını Dilqəmə verib.

Dilqəm də həmin maşını öz oğlunun adına sənədləşdirib. Prosesin gedişində Rafiqin atası 4 dəfə hər ay Dilqəmə 1000 manat verib. Daha sonra Rafiq Dilqəmə pulu ödəyə bilmədiyini deyir. Dilqəm də deyib ki, gəl maşını satışa qoyaq. Amma maşın satılmayıb.

Dilqəm sonra Rafiqə deyib ki, “apar işlət”. 8 gündən sonra Dilqəmin oğlu Rafiqə hücum edib, qabağını kəsib ki, “maşının yiyəsi mənəm, sən onu oğurlamısan”. Daha sonra məhkəməyə müraciət edib. Müraciətində göstərib ki, guya Rafiq ona icarəyə verilən maşını oğurlayıb. Dilqəm məhkəmədən maşını və üstəlik 8500 manat pul tələb edib. Hazırda məhkəmə prosesi gedir.

Qarşılıqlı iddia qaldırmışıq: 12 min manat təmir xərcləri, 4 min manat aylıq ödəniş və 5 min manat da “Opel”in qiymətidir. Biz işə prokurorluqda baxılmasını istəyirik”.

Mingəçevir məhkəməsinin sədri Rasim Kazımovla da əlaqə saxladıq. Məhkəmənin sədri bildirib ki, məsələyə obyektiv qiymət veriləcək.

“Məhkəmə icraatında iş davam edir. İş bizə yeni daxil olub. Məhkəmə işi araşdırır və hüquqi qiymət verilərək qərar çıxarılacaq. Əgər məhkəmənin verdiyi qərardan narazı qalarsa, işi apelyasiya məhkəməsinə verə bilər. Şikayətçi qəbulumda olub və ona izah olunub ki, baxılan işə obyektiv qiymət veriləcək. Qeyri-obyektivlikdən söhbət gedə bilməz. Qanun necə tələb edirsə işə o cür də baxılır”.

Modern.az

Şərhlər

XƏBƏR LENTİ