SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xocalı köçkünündən “Qaçqınkom”a rüşvət ittihamı - "26 ildə bir qoca anama ev verdilər, bu da belə..."

Xocalı köçkünündən “Qaçqınkom”a rüşvət ittihamı - "26 ildə bir qoca anama ev verdilər, bu da belə..."

Tarix:

14-08-2017, 09:21

/ 59 883 dəfə oxundu.
Xocalı köçkünündən “Qaçqınkom”a rüşvət ittihamı - "26 ildə bir qoca anama ev verdilər, bu da belə..."

Vətəndaş qurumun balansında olan evlərin 18 min manatdan satıldığını, qarşı tərəf bunun şər-böhtan olduğunu deyir
Xocalıdan məcburi köçkün olan Zeynalov Budaq İbrahim oğlu redaksiyamıza gələrək şikayətlənib. Şikayətçinin sözlərinə görə, 26 ildir ki, didərgin həyatı yaşayırlar və ailəsi bu günə qədər evlə təmin olunmayıb. Lakin ötən ilin sonunda 89 yaşlı anası Zeynalova Turanə Səlim qızına Ramana qəsəbəsindən ev verilsə də, bu sevincin ömrü çox qısa olub:
“Evlə bağlı bütün aidiyyəti orqanlara müraciət etmişdik. Lakin 26 il idi ki, ev verilmirdi. Nəhayət, sonda anama bildirdilər ki, harda boş ev olsa, orada yaşayın. Biz də axtardıq, məlum oldu ki, Ramana qəsəbəsində 67 nömrəli ev boşdur. Lazımi qaydada evə yığışıb, yaşamağa başladıq. Lakin bir neçə gün keçməmiş Xocalı Rayon İcra Hakimiyyətinin müavini gəlib bizə dedi ki, ya 18 min verin, ya da evdən çıxın. Anam da dedi ki, pulumuz olsaydı ev alardıq. ”Qaçqınkom"dan olan evlər 18 mindən başlayaraq satılıb. Bildirdik ki, bununla bağlı aidiyyatı orqanlara şikayət edəcəyik".
Vətəndaş deyir ki, ardınca icra hakimiyyəti onu həbsə atdırmaqla təhdid edib və evi boşaltmaq şərti qoyub: “Ultimatum verdilər ki, ya oğluna ”iş" verəcəyik, ya da evdən çıxın! Anam da dedi ki, eviniz lazım deyil, oğlumu verin. Evi isə vəhşicəsinə dağıtdılar, əşyalarımızı bərbad hala saldılar".
Şikayətçi iddia edir ki, dəlil-sübut kimi bütün bunları əks etdirən video görüntülər, fotolar var: “Aidiyyəti qurumlara onları təqdim edə bilərəm. Lakin hansı quruma müraciət etmişəmsə, heç bir nəticəsi olmayıb, məsələyə heç kəs baxmaq istəmir. 26 ildə bir qoca anama ev verdilər, bu da belə...”
Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, şikayətçinin ittihamları tamamilə əsassızdır:
“Məsələ ilə əlaqədar Xocalı Rayon İcra Hakimiyyəti ilə birgə araşdırma aparıldı. Məlum oldu ki, Zeynalov Budaq İbrahim oğlunun ailəsinə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində mənzil verilib. Yəni dövlət tərəfindən həmin adam evlə təmin olunub. Ramana qəsəbəsində yerləşən 67 nömrəli evi isə onlar qanunsuz şəkildə zəbt ediblər. Bizə verilən məlumata görə, onun anası Zeynalova Turanə Səlim qızı Ramana qəsəbəsində yaşayan digər oğlu ilə birgə yaşayır. Onlar qeyd olunan mənzilin qapısını qanunsuz şəkildə qıraraq zəbt ediblər. Bildiyiniz kimi, bu da qanunvericiliyə zidd olduğu üçün mənzil boşaldılıb. Mənzil isə daha ağır şəraitdə yaşayan digər Xocalı rayonundan məcburi köçkün olan, mənzilləri yanan şəxsin ailəsinə verilib. Hansı ki, həmin ailənin Buzovna qəsəbəsində mənzilləri yanmışdı.
Hətta əldə etdiyimiz məlumata görə, Zeynalov Budaq İbrahim oğlunun özünün Ramana qəsəbəsində tikili obyekti var".
Qurumdan şikayətçinin “Qaçqınkom"dan olan evlər 18 min manatdan satılır" ittihamına da cavab verilib:
“Bu ittiham tamamilə yalandır, şər-böhtandır, heç bir əsası yoxdur”.
Məsələ ilə əlaqədar adı çəkilən digər qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ