SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mikayıl Cabbarov təhsil nazirliyində qoruqçuluq və “JEK” təfəkkürü: təhsil necə iflic edilir

Mikayıl Cabbarov təhsil nazirliyində qoruqçuluq və “JEK” təfəkkürü: təhsil necə iflic edilir

Tarix:

1-02-2017, 11:17

/ 2 282 dəfə oxundu.
Mikayıl Cabbarov təhsil nazirliyində qoruqçuluq və “JEK” təfəkkürü: təhsil necə iflic edilir

Mikayıl Cabbarov nazir keçəndən sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb. Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin edib ki, bu da təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına səbəb olub. Belə ki, təhsil nazirliyində aparılan kadr islahatları üzərində apardığımız araşdırmalar onu göstərir ki, həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yoxdur.
Əvvəldən müşavirlik institutuna böyük əhəmiyyət verən gənc nazir sonradan bununla bağlı çeşidli problemlərlə üzləşir. Necə deyərlər, etdiyi səhvləri düzəltməyə başlayır. Bu da münasibətlərə xələl gətirməklə yanaşı, həm də nazirlikdəki işgüzar mühiti pozur. Nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər posta gətirdi. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir. Bundan əvvəl isə o, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Təhsillə “JEK” bir-birinə əks olan sahələrdir. Buna baxmayaraq, nazir köhnə “JEK” rəisini idarədə belə məsul vəzifəyə gətirib. Elnur Əliyev yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.
Təhsil naziri Mikayıl Cabbarov hələlik Təhsil Nazirliyinin oturşmuş, çevik idarəetmə funksiyasına xas aparatını qura bilmir. Qurumdakı mötəbər mənbədən əldə etdiyimiz informasiyada belə deyilir:
Məsələn, nazir vaxtilə adı müxtəlif qalmaqallarda hallanan Təhsil Nazirliyinin “Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş” şöbəsinin müdiri Ağababa İbrahimovu 24 aprel 2014 – cü ildə vəzifəsindən azad edərək özünə müşavir təyin etdi. Sonra isə onu Goranboy rayonu təhsil şöbəsinə müdir göndərdi. Nazirliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədov da bir müddət Mikayıl Cabbarovun müşaviri oldu. Sonra onu Texniki Universitetə elmi işlər üzrə prorektor vəzifəsinə göndərdilər. İndi Pirməmmədov özünü orada rektor kimi aparır. Nazirin əsas müşavirlərindən biri Hüseyn Əliyevsə bu yaxınlarda səssiz – səmirsiz vəzifəsindən uzaqlaşdırıldı…
Ən maraqlısı isə Samir Vəliyevlə bağlıdır. Mikayıl Cabbarov keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi 21 aprel 2014 – cü ildə özünə müşavir təyin etdi. Bir müddətdən sonra isə onu nazirliyin “Orta ixtisas və peşə təhsili” şöbəsinə müdir vəzifəsinə təyin etdi. Nazirlikdə yeni struktur dəyişiklikləri baş verəndə isə Samir Vəliyev yenidən müşavir vəzifəsinə qaytarıldı. Mənbənin bildirdiyinə görə, Cabbarovun bu hərəkətlərindən inciyən Samir Vəliyev acıq edib işə getmir. Nazirlikdə Ali təhsil sektorunun müdiri təyin olunmuş Yaqub Piriyev həm də aparat rəhbərinin müavinidir. Mətbuatda haqqında tənqidlər yazılan Fərzəli Qədirov “İnsan resursları” şöbəsinin müdiri vəzifəsindən azad olunaraq Aparat rəhbərinin müavini təyin olunub.
Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan “yeniliyə” imza atıb. Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Bu adam indiyə kimi təhsil sistemində işləməyib. Məlumat üçün qeyd edək ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. O, Mikayıl Cabbarovla “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.
Bəzi ekspertlər nazir müavininin fəaliyyətini bir neçə dəfə tənqid edib və onun bu sahəyə yad birisi olduğunu vurğulayıblar: “Təhsil nazirinin qeyri-ixtisas sahibi olması yolveriləndir. Çünki burda idarəetmə təcrübəsi əsas rol oynayır. Ancaq müavinlər, idarə rəisləri, şöbə müdirləri sırf ixtisas sahibləri olmalıdırlar. Mən başa düşürəm ki, hər bir adam vəzifəyə təyin olunduqdan sonra öz komandasını yaratmaq istəyir. Ancaq bu o demək deyil ki, bütün kadrlar kənardan gəlməlidir. Təhsil Nazirliyi elə bir sahədir ki, burda sırf ixtisas sahibləri, peşəkarlar işləməlidirlər. İki-üç nəfər qeyri-ixtisas sahibi olması normaldır, ancaq bütövlükdə nazir və müavinlərinin qeyri-ixtisas sahibi olmasının nə dərəcədə effektli olacağını demək çətindir. Bunu gələcək göstərəcək”.
Özəl mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində yüksək vəzifəyə gətirilməsi Mikayıl Cabbarovla Azər Bayramovun planı olub: “Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə bu şəxsin təhsil məsələləriylə deyil, bu sahəyə ayrılan vəsaitlərə nəzarəti həyata keçirmək olub. Bütün dünyada büdcə vəsaitlərinin xərclənməsi yerli orqanlara ötürüldüyü halda, yəni bu sahədə əks-mərkəzləşmə olduğu halda, Azər və Ceyhun Bayramovlar ayrılan vəsaitləri mərkəzləşdirilmiş qaydada, özü də özlərinin bildiyi şəkildə sərf edirlər. Maliyyə nazirinin müavininin özbaşına əməllərinin əsas hissəsi Təhsil Nazirliyi ilə bağlıdır.
Belə ki, onun dəstəyi ilə qardaşı Ceyhun müəllim təhsil şöbələrinin bütün tenderlərinə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Başqa sözlə deyilsə, ayrılan vəsaitlərin böyük hissəsi məlum şəxslərin büdcəsinə yönəldilir. Bu vəziyyət ali məktəblərdə və orta ixtisas təhsili müəssisələrində də özünü göstərməkdədir. Hər il ali və orta ixtisas məktəblərinə ayrılan vəsaitlərin böyük qismi havaya sovrulur ki, bunu da həmin təhsil ocaqlarının təchizatına və binaların vəziyyətinə baxanda təxmin etmək mümkündür”.
Təhsil nazirinin müavininin fəaliyyətsizliyi bəzi sahibkarların da etirazı ilə qarşılanıb. Bir müddət öncə mediaya üz tutan iş adamlarından biri maraqlı faktları açıqlayıb: “Mən orta sahibkarlıqla məşğul olan bir iş adamıyam, məktəblər üçün mebel inventarı və avadanlıq istehaslı ilə məşğulam, həmçinin məktəblərin təmiri üzrə təmir sexlərim də vardır. Gündəlik dövlət qəzetlərini alıram və ordakı tender elanları ilə tanış oluram. Təhsil Nazirliyindən başqa demek olar ki, bütün nazirliklərin və ayrı-ayrı büdcə müəssisə və təşkilatların malların alınması və xidmətlərin göstərilməsi məqsədi ilə açıq tender elanlarını verdiklərini görürəm. Lakin 3 ilə yaxındır ki, Təhsil Nazirliyinin satınalma prosedurları ilə bağlı bir dənə də olsun tender elanına rast gəlmirəm. Bildiyiniz kimi, hər il dövlət büdcəsindən Təhsil Nazirliyinə malların alınması, xidmətlərin göstərilməsi, məktəblərin əsaslı və cari təmir olunması məqsədi ilə on milyonlarla manat dövlət vəsaiti ayrılır. O da məlumdur ki, dövlət vəsaitləri satınalma prosedurları keçirilmədən xərclənə bilməz. Lakin Mikayıl Cabbarov nazir təyin olunandan sonra bir dəfə də olsun dövlətin Təhsil Nazirliyinə ayrılan vəsaitlərin şəffaf xərclənməsini təmin etmək məqsədi ilə açıq satınalma proseduru keçirmir.
Nazirin bu sahədə məsləhətçiləri Azər və Ceyhun Bayramovlardır. Harda görülüb ki, bir qardaş pul ayırsın, o biri qardaş xərcləsin? Dövlətin büdcəsindən təhsilə ayrılan vəsaitlər nazirə yaxın bəzi şəxslərin yardımı ilə heç yerdə adı, maddi- texniki bazası, dövriyyə vəsaitləri, həmçinin nizamnamə kapitalı olmayan şirkətlər vasitəsi ilə dağıdılır. Azər Bayramovun göstərişi ilə ötən illərdə Mikayıl Cabbarov tərəfindən açıq tender proseduru keçirilmədən xərclənən vəsaitlər ört-basdır edilir”.
Bütün bunlar onu göstərir ki, nazirin yaxın dostu olan Ceyhun Bayramov təhsil sistemində ancaq problem yaratmaq və şəxsi maraqlarını təmin etməklə məşğuldur. Yəni onun ölkə təhsilinin inkişafına heç bir faydası dəymir. Bunlar, nazir müavininin fəaliyyətindəki boşluqların hələ cüzi hissəsidir. Qeyd edək ki, Bayramov qardaşlarının nəhəng biznes şəbəkəsi və təhsilə ayrılan pulların hansı işlərə yatırılması barədə tükürpədən faktlar da var.
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc edə bilərik.

Şərhlər

XƏBƏR LENTİ