SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağdaş Turizm Şöbəsində ciddi maliyyə pozuntuları aşkarlanıb

Ağdaş Turizm Şöbəsində ciddi maliyyə pozuntuları aşkarlanıb

Tarix:

31-01-2017, 09:05

/ 1 653 dəfə oxundu.
Ağdaş Turizm Şöbəsində ciddi maliyyə pozuntuları aşkarlanıb

Ödənişlər şişirdilib, 10 faiz iş satınlamasız görülüb, mallar bazar qiymətindən baha alınıb

Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin 9 ayında dövlət büdcəsindən Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinə (ARMTŞ) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Audit tədbiri ilə ARMTŞ və onun tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemi (o cümlədən 69 filial), 2 Uşaq Musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Ağdaş Tarix Diyarşünaslıq Muzeyi, M.Şeyxzadənin Ev muzeyi, Mədəniyyət Mərkəzi, 16 kənd mədəniyyət evi, 36 kənd klubu və abidələrin 6 mühafizəçisinə ayrılan ümumilikdə 6738,2 min manat məbləğində vəsaiti əhatə edib.

Əməkhaqqında "kreditor borc”

Məlum olub ki, auditlə əhatə olunan illərdə ARMTŞ tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən mədəniyyət müəssisələrindən büdcə vəsaitlərinə olan tələbat barədə sifarişlər tələb edilməyib və bəzi xərc maddələri üzrə xərclərin əvvəlki illərdə icra vəziyyəti nəzərə alınmayaraq 2014-cü ildə əmək haqqı köməkçi bölməsi üzrə xərclər funksional təsnifatın "Saraylar və mədəniyyət evləri, klublar və başqa tədbirlər" paraqrafı üzrə, 2015-ci ildə isə "Kitabxanalar" paraqrafı üzrə tələbatdan az, digər paraqraflar üzrə tələbatdan artıq planlaşdırılıb və nəticədə 2014-cü il və 2015-ci ilin əvvəlinə əmək haqqı üzrə kreditor borc yaranıb, eyni zamanda büdcədənkənar daxilolmaların təmin edilməsi istiqamətində müvafiq işlər aparılmayıb.

İşçilərə ödənişlər çox hallarda şişirdilib

Auditlə əhatə olunan illərdə "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün tədris planlar"ının tələblərinə əməl edilməyərək qrupların düzgün formalaşdırılmaması səbəbindən artıq dərs yükü tarifləşdirilərək, habelə normativdən artıq ştat vahidləri saxlanılaraq, eləcə də tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələri üzrə ümumilikdə 104 halda artıq əmək haqqı ödənilib və eyni zamanda 5 nəfər işçiyə artıq əmək haqqı ödənişinə yol verilib, 37 halda isə ümumi ezamiyyə xərcinin 5,8%-i həcmində artıq ezamiyyə xərci ödənilib.

76 tədbir keçirilməyib

Şöbənin fəaliyyət istiqaməti üzrə auditlə əhatə olunan illər üzrə İllik İş Planlarında nəzərdə tutulmuş 292 tədbirdən 73,9%-i, o cümlədən 2014-cü ildə 110 tədbirdən 82 tədbir, 2015-ci ildə 102 tədbirdən 75 tədbir və 2016-cı ilin 9 ayında isə 80 tədbirdən 59 tədbir icra edilib, büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilən mal-materiallar, dəftərxana və təsərrüfat mallarının silgisi aparılan zaman paylama cədvəlləri tərtib edilməyib, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ləğv edilmiş filialları üzrə əsas vəsaitlərin təhvil-təslim işləri aparılmayıb, anbarda olan əsas fondların və mal-material qiymətlilərinin qalığı üzrə çatışmazlıq və eyni zamanda artıqlıq müəyyən edilib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şöbəyə əvəzsiz verilmiş inventarlar uçota alınmayıb.

Satınalmasız müqavilə bağlanıb, qiymətlər bazardan baha olub

Auditlə əhatə olunan illərdə Mədəniyyət və Turizm şöbəsi üzrə 34 satınalma proseduru keçirilib və müqavilələr bağlanılıb, malların, işlərin və xidmətlərin satınalınması zamanı qanunvericiliyin tələblərinə bəzi hallarda əməl edilməyib, satınalmaların 9,7%-i həcmində satınalma prosedurları keçirilmədən müqavilələr bağlanılmış və satın alınacaq malların ehtimal qiymətləri düzgün müəyyən olunmayaraq bəzi hallarda bazar qiymətlərindən baha alınaraq artıq büdcə vəsaiti ödənilib.

Turizm şöbəsi tərəfindən hesabatlar da "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib.

Nəticələr barədə məlumatlar və kollegiyada qəbul edilmiş qərarın surəti Mədəniyyət və Turizm Nazirliyi, Ağdaş Rayon İcra Hakimiyyəti və rayon Turizm şöbəsinə göndərilib. Milli Məclis də bu barədə məlumatlandırılıb.

Şərhlər

XƏBƏR LENTİ