yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan özünə sərf etməyən heç bir təşəbbüsə qoşulmayacaq

Azərbaycan özünə sərf etməyən heç bir təşəbbüsə qoşulmayacaq
31-05-2017, 13:01 58 234 dəfə baxılıb

Mürəkkəb coğrafi regionda yerləşən Azərbaycan müstəqil xarici və daxili siyasəti ilə Cənubi Qafqazın inkişaf etmiş, lider dövlətinə çevrilib. Qütbləşən dünyada ölkəmiz heç bir gücün yanında yer almır, özünə "böyük qardaş” axtarmır. Azərbaycan xalqının mənafeyinə, milli-dövlətçilik maraqlarına söykənən düşünülmüş, uzaqgörən siyasət nəticəsində ölkəmizdə sabitlik hökm sürür. Müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanın sabahına doğru atılan addımlar, beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi, dövlət başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasi kurs onu deməyə əsas verir ki, ölkəmiz inkişaf tempini gələcəkdə də qoruyub saxlayacaq, dünya birliyinin layiqli üzvü kimi öz nüfuzunu daha da artıracaqdır. 28 May – Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda Prezident İlham Əliyev çıxış edərək, bu məsələyə yenidən diqqət çəkib. O, Azərbaycanda bundan sonra da təhlükəsizliyin təmin ediləcəyini söyləyib. Azərbaycanda daxili risk mənbələrinin mövcud olmadığını vurğulayan ölkə rəhbəri deyib ki, hazırda mümkün olan risklər əsasən xaricdə formalaşır: "Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda, Azərbaycana sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmuruq. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan özünə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq”.

Azərbaycanın bundan sonra da müstəqil siyasət yürüdəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, dövlət olaraq ilk növbədə, öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Onun fikrincə, əgər hansısa beynəlxalq təklif və təşəbbüs Azərbaycanın maraqları ilə üst-üstə düşürsə, ona müsbət yanaşmaq mümkündür: "İlk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır”.

Millət vəkili, politoloq Elman NəsirovPrezident İlham Əliyevin rəsmi qəbul zamanı proqram xarakterli çıxış etdiyini vurğulayıb. Bildirib ki, dövlət başçısı öz çıxışında Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı çox mühüm tezisləri dilə gətirib: "Dünyada yeni-yeni çağırışlar, təhdidlər yaranmaqdadır. Ona görə də təhlükəsizlik məsələsi hər şeydən öndə dayanır. Sevindirici haldır ki, Azərbaycanın daxilində təhlükəsizliklə əlaqədar hər hansı təhdid, problem yoxdur. Təhlükəsizliklə bağlı risklər yalnız xaricdən ola bilər. Prezident İlham Əliyev məhz bu amilləri nəzərə alaraq vurğuladı ki, müəyyən siyasi dairələr Azərbaycanı müxtəlif təxribatlara, oyunlara təhrik etmək, bir sıra təşəbbüslərə qoşmaq istəyirlər. Lakin Azərbaycan heç zaman belə planların tərkib hissəsi olmayıb və bundan sonra da olmayacaq. Ölkəmiz yalnız o ideyaları, təşəbbüsləri qəbul edir, dəstəkləyir ki, onlar Azərbaycanın milli mənafeyinə söykənir, dövlətçilik maraqlarına uyğundur. Bundan kənar heç bir təşəbbüsə Azərbaycan qoşulmayacaq. Azərbaycanın öz yolu var, işimiz haqq işidir, öz sözümüzün də sahibiyik. Azərbaycan öz hədəfləri olan dövlətdir. Bu hədəflərə çatmaq üçün konkret addımlar atılır. Dövlətimizlə yalnız bərabər hüquq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində danışmaq, yalnız bu kontekstdə münasibətlər qurmaq olar. Azərbaycan məhz bu prinsiplərdən çıxış edərək, xarici ölkələrlə münasibətlərini tənzimləyir. Burada ən mühüm məqam budur ki, heç bir halda ölkəmizin daxili işinə qarışmaq olmaz. Necə ki, Azərbaycan da başqa dövlətlərin daxili işlərinə qarışmır. Ölkəmiz tam müstəqil xarici siyasət kursu həyata keçirir. Bu zaman digər xarici ölkələrin maraqlarına da hörmətlə yanaşır. Prezident ilham Əliyev bu kimi fikirlərlə bir daha bəyan edib ki, Azərbaycanla yalnız xoşməramlı münasibətlər qurmaq olar. Bu münasibətlərdən hər iki tərəf qazanacaq”.

Millət vəkili Fuad Muradov da qeyd edib ki, Prezident İlham Əliyev nəinki ölkə daxilində, eləcə də xaricə səfərlərdə, beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edərək Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini xüsusi vurğulayır. O, bu siyasətin Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb: "Azərbaycan müstəqil ölkədir, dövlətçilik ənənələrini qoruyub saxlayır, yalnız milli-dövlətçilik maraqlarına uyğun siyasət həyata keçirir. Buna görə də davamlı olaraq Azərbaycana xaricdən təsirlər olur. Təəssüflər olsun ki, bir sıra hallarda ölkə daxilindən də belə xarici qüvvələrə dəstək verilir. Buna baxmayaraq, Prezident İlham Əliyev öz siyasəti ilə Azərbaycanı müstəqil və güclü dövlətə çevirib. Bu məqsədlə çoxsaylı islahatlar həyata keçirilib. Millət vəkili olaraq müxtəlif xarici səfərlərdə olur, müzakirələrdə, beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir, müşahidələr aparırıq. Qəribə burasıdır ki, Azərbaycanı adətən müstəqil olmaqda günahlandırırlar. Ölkə daxilində və xaricindəki bəlli qruplar məhz buna görə bizim üstümüzə gəlirlər. Azərbaycana qarşı qarayaxma kampaniyaları, olmayan hadisəni şişirdib problemə çevirmək və sair kimi cəhdlər də məhz buradan qaynaqlanır. Ancaq buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən daxili və xarici siyasət müstəqildir, yalnız Azərbaycan xalqının mənafeyinə söykənir. Azərbaycanda iqtidar və xalq vəhdətdir. Bu səbəbdən də respublikamız bundan sonra da öz yolu ilə uğurla addımlayacaq, müstəqil dövlət kimi varlığını qoruyacaqdır. Dünyanın ən müxtəlif beyin mərkəzləri də Azərbaycanın müstəqil siyasətini, Prezident İlham Əliyevin siyasi kursunun düzgünlüyünü qeyd edirlər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ozune, qoshulmayacaq, hech, bir, Azerbaycan, teshebbuse, etmeyen, serf
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ