yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
loading...

Kreml separatizmə dəstək siyasətini dəyişir – “Lavrov Qarabağda”

Kreml separatizmə dəstək siyasətini dəyişir – “Lavrov Qarabağda”
21-04-2017, 11:31 83 248 dəfə baxılıb
yüklənir...

Xəbər verdiyimiz kimi, aprelin 18-19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanın qanuni ərazisi sayılan Abxaziyada səfərdə olub. Beynəlxalq hüquq baxımından tam qanunsuz sayılan bu səfəri Moskva sözsüz ki, qanuni hesab edir. Çünki separatçı qurumu tanıyan yeganə ciddi dövlətdir.
Digər heç bir ölkə hələ ki bu addıma getməyib. Hətta 2008-ci ildəki “5 günlük” müharibədən sonra Abxaziya və Cənubi Osetiyanı Moskvanın təzyiqlərinə rəğmən, heç onun marioneti Ermənistan və ən yaxın tərəfdaşı Belarus belə tanımayıb.

***

Qayıdaq Lavrovun Abxaziya ziyarətinə. Səfərdən sonra Rusiya baş diplomatının verdiyi açıqlamalar kifayət qədər maraq kəsb edir və Kremlin Cənubi Qafqaz siyasətinin vektorlarına bir daha işıq salır. Ən mühüm məqamlara diqqət edək.
“Biz əminik ki, yaxın gələcəkdə Gürcüstan və Abxaziya arasında güc tətbiq etməmək haqqında hüquqi əhəmiyyətli sənəd imzalanacaq”. Sergey Lavrov belə deyib (axar.az). O, bu sənədin bütün Qafqaz regionu üçün vacib siqnal olacağını da bildirib.
Yəni Gürcüstanın bir parçasını ondan qoparıb “dövlət” yaratmaq azmış kimi, indi də Moskva Abxaziya və Gürcüstan arasında bərabərhüquqlu təhlükəsizlik sənədinin imzalanmasını təklif edir. Bununla da Abxaziyanın dövlət olaraq varlığını, yəni legitimliyini ən əvvəl Tiflisə qəbul etdirməyə, nəticə etibarilə bölgədə öz təsirini gücləndirməyə çalışır. Gürcüstan hökuməti sözsüz ki, bu addıma getməyəcək.

***

Jurnalistlər Lavrova həmçinin Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunun nə zaman fəaliyyətə başlayacağı ilə bağlı da sual veriblər. Cavabında Rusiyanın baş diplomatı Abxaziyada bu məsələni müzakirə etmədiyini bildirib. “Rusiya tərəfi öz mallarının bu dəmiryolu vasitəsilə ötürülməsinin reallaşdırılmasının əleyhinə deyil. Hətta bunun üçün hüquqi əsas da var. Bu dəmir yolunun yenidən fəaliyyətə başlaması təkcə bizdən yox, həm də digər ölkələrdən asılıdır” - Lavrov qeyd edib.
Yada salaq ki, keçən ilin əvvəllərində Rusiya prezidenti Vladimir Putin adıçəkilən dəmir yolunun fəaliyyətə başladılmasını təklif etmişdi. Tiflis əvvəlcə buna müsbət yanaşsa da, sonradan fikrini dəyişmişdi. Səbəb sübhəsiz ki, ən əvvəl Azərbaycanla bağlı idi. Çünki Gürcüstan strateji müttəfiqi Azərbaycanla münasibətləri poza bilməzdi. Hər necə olmasa, Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunun işə düşməsi Rusiya ilə heç bir quru əlaqəsi olmayan işğalçı Ermənistan üçün məxsusi əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, bu ilin fevralında Ermənistan baş naziri Karen Karapetyanın Tiflis səfərində əsas hədəflərdən biri məhz dəmiryolunun açılması ilə bağlı olub. O vaxt da gürcü rəsmiləri erməniləri sevindirə bilməmişdilər. Ancaq bu, o demək deyil ki, məsələ gündəmdən çıxıb və qapanıb. Azərbaycanın ayıq olması lazım. Həm də o səbəbə ki, Lavrov Abxaziya ilə bağlı başqa mesajlar da verib. O sırada bəyan edib ki, Abxaziyanın təhlükəsizliyinə ən etibarlı şəkildə Rusiya tərəfindən zəmanət verilib. Nazir hətta separatçı qurumun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü də istisna etməyib.
Sitat: “Biz Abxaziyanın KTMT ilə əməkdaşlığından məmnun olardıq. Abxaziyanın KTMT-yə tamhüquqlu üzv olması və ya müşahidəçi statusu qazanması Alyansın bütün üzvlərinin konsensusundan asılıdır. Bu təşkilatın Abxaziyanın təhlükəsizliyini təmin etməsinə gəlincə, Suxuminin təhlükəsizliyinə ən etibarlı şəkildə Rusiya ilə Abxaziya arasında müqavilələrlə zəmanət verilib”.

***

Bu arada nüfuzlu “Bloomberg” agentliyi Rusiyanın postsovet məkanında yaratdığı separatçı qurumlara yönəlik siyasətini işıq salan başqa bir faktdan yazıb. Musavat.com-un məlumatına görə, materialda müəllif Moskvadakı üç ciddi mənbəyə istinadla Putinin Donbasa nəzarəti gücləndirdiyini qeyd edərək, bildirir ki, strateji hədəf - Rusiya ilə tədrici inteqrasiya vasitəsilə Donbası bütünlüklə Ukraynadan ayırmaqdır.
“Rusiyanln planlarına Ukraynanın şərqində özünü müstəqil elan eləmiş respublikaları tanımaq daxil deyil. Rusiya tədrici hərəkət edir. O sırada ukraynalı fəalların tətbiq elədiyi iqtisadi blokadadan yararlanır. Eyni zamanda qondarma respublikalarla həlledici xarakterli iqtisadi əlaqələr qurur. Putin ABŞ-ın Ukrayna problemlərinə yanaşmasında qeyri-müəyyənliyindən də yararlanır. Bununla da Minsk anlaşmasının yerinə yetirilməsinə və özünə qarşı sanksiyaların götürülməsinə olan ümidləri heçə endirir”, - deyə agentlik qeyd edib.

***

Göründüyü kimi, rəsmi Kreml separatçı qurumlar və bölgələrlə bağlı ənənəvi siyasətini daha da cilalalamaq, təkmilləşdirmək kursu götürüb. Odur ki, yeni taktikadan Azərbaycanın da çıxarmalı olduğu nəticələr var. Hər necə olmasa, Rusiya Qarabağ probleminin həllində əsas vasitəçi olaraq qalır. Moskvanın necə bir “ədalətli” vasitəçi olduğu isə Abxaziya məsələsində çılpaqlığı ilə üzə çıxdı.
İndi də Rusiya öz baş diplomatını nümayişkaranə şəkildə separatçı bölgəyə göndərməklə Azərbaycana da mesaj verir ki, “özünü Gürcüstan kimi pis aparsa, günün birində Rusiya XİN başçısının Qarabağa da analoji səfəri reallaşa bilər”. O üzdən Bakı son vaxtlar Moskvanın postsovet məkanında özünün yaratdığı separat bölgələrə yönəlik siyasətini və bu siyasətə edilən düzəlişləri diqqətlə izləməlidir.

Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-04-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ