SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Milli Məclisdə deputatın həmkarının əvəzinə səs verməsi qadağan olunur

Milli Məclisdə deputatın həmkarının əvəzinə səs verməsi qadağan olunur

Tarix:

19-04-2017, 14:56

/ 54 693 dəfə oxundu.
Milli Məclisdə deputatın həmkarının əvəzinə səs verməsi qadağan olunur

Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması və gündəlikdən kənar mövzuda danışması qadağan edilir.

Məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 7-ci (Milli Məclisin iclaslarında etik davranış qaydaları) maddəsində əksini tapıb.

Təklif olunan maddəyə əsasən, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.

Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək.

Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.

Şərhlər

XƏBƏR LENTİ