SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İsgəndər Həmidov xaricə gedir - AXH payızda qurultay keçirəcək

İsgəndər Həmidov xaricə gedir - AXH payızda qurultay keçirəcək

Tarix:

24-08-2019, 10:03

/ 1 114 dəfə oxundu.
İsgəndər Həmidov xaricə gedir - AXH payızda qurultay keçirəcək

Ağasif Şakiroğlu: “AXH bir tək İsgəndər Həmidovdan ibarət deyil...”

Sabiq daxili işlər naziri, iki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatındakı (AXH) qanadlardan birinin lideri İsgəndər Həmidov səhhəti ilə əlaqədar hələ də üzə çıxmır. Onunla bağlı məlumat almaq da bir qədər çətinləşib.

Bu günlərdə isə sabiq nazirin lideri olduğu hərəkat Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıb və onu komitəyə sədr seçib. Bu isə daha çox o anlama gəlir ki, İ.Həmidov AXH-nin qurultayında sədr seçiləcək. Çünki siyasi qurumlarda bu tipli komitələr yaradılanda bəzi istisnalar olmaqla, əksərən komitə sədrləri qurum rəhbəri olurlar.

İ.Həmidovun son durumu, AXH-nin qurultayla bağlı hazırlıqları ilə maraqlandıq. Hərəkatın idarə heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a bunları dedi: “İsgəndər Həmidov hazırda müalicə almaqdadır və əməliyyat olmaq üçün bildiyim qədəri ilə yaxın günlərdə yenidən xaricə yollanacaq. Hazırda Bakıdadır və xaricə yola düşməyə hazırlaşır. AXH bir tək İsgəndər Həmidovdan ibarət deyil. Orada kifayət qədər ictimai-siyasi xadimlər birləşib ki, bunları da hər kəs kifayət qədər tanıyır. AXH xalqın hərəkatıdır. Yaşayır və yaşayacaq! İsgəndər Həmidovun təşkilat komitəsinə sədr seçilməsinə gəldikdə isə, bu Təşkilat Komitəsinin üzvlərinin qərarıdır. Burada da qəbahət heç nə yoxdur. Kimin sədr olacağına isə əlbəttə ki, qurultay qərar verəcək. Hesab edirəm ki, münəccimlik edib də vaxtsız nəyisə söyləmək çox tezdir. Hazırda qurultaya hazırlıq işləri çox sürətlə gedir. Bildiyiniz kimi, ALDP sədri Fuad Əliyev Təşkilat Komitəsinin sədrinin birinci müavini, digər 3 nəfər (Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov, MHP sədri Valeh İbadov və ictimai-siyasi fəal Salman İmanlı) isə müavin seçiliblər. Sədr olmadığı müddətdə birinci müavin olaraq sədrin səlahiyyətlərini ALDP sədri daşımış olur.

Biz hazırda vahid komanda olaraq çalışırıq və əminik ki, qurultayımız möhtəşəm olacaq. AXH tam demokratik bir qurumdur. Qurultayda hələ bir çox məsələlər müzakirə ediləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü və ya sədri olmaq hələ o demək deyil ki, qurultayda kimsə sədr seçiləcək. Bəlkə qurultay kollektiv idarəetmə modelini məqbul bildi. Bəlkə sədr aparatının olması qərarını vermiş oldu. Yəni bütün bu məsələlərlə bağlı demokratik prinsiplər əsasında qərarlar qəbul ediləcək. Əgər qurultay AXH-nin sədr aparatı olan bir hərəkat olmasını istəyəcəksə, o zaman hərənin öz namizədi ola bilər. Qurultay üzvlərindən hər bir şəxs də namizədliyini irəli sürə bilər. Yəni burada məhdudlaşdırıcı hal mövcud deyil”.

A.Şakiroğlu qurultayın təxmini vaxtını da açıqladı: “Qurultayın dəqiq tarixi elan edilməsə də, payızda keçirilməsinə rəsmi qərar verilib. Hazırlıq işləri bitdikdən sonra Təşkilat Komitəsi qurultayın gününü və yerini müəyyən edəcək. Azərbaycan siyasi sistemində olan bütün siyasi qurumlarda vəziyyət eynidir. Düşünürəm ki, bu yay fəsli ilə bağlıdır. Hətta diqqət etsəniz görərsiniz ki, internet TV-lərin verilişlərinə olan baxış sayında da bir durğunluq var. Bu da fəsillə əlaqədardır. Bir tək onu deyə bilərəm ki, payız çox qızğın olacaq”.

Şərhlər

XƏBƏR LENTİ