SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hüquq müdafiəçisi amnistiya aktının qəbulunu istəyir

Hüquq müdafiəçisi amnistiya aktının qəbulunu istəyir

Tarix:

12-06-2019, 09:26

/ 861 dəfə oxundu.
Hüquq müdafiəçisi amnistiya aktının qəbulunu istəyir

Novella Cəfəroğlu: “Siyasi məhbus məsələsini birdəfəlik həll etməliyik”
15 iyun Qurtuluş Günü ilə əlaqədar əfv və amnistiya aktı ətrafında gedən müzakirələr qızışır. Hüquq müdafiəçiləri belə bir qərarın qəbulunu vacib sayırlar. Onlar son əfvin bu ilin martında imzalandığını nəzərə alaraq, amnistiyanın veriləcəyinə daha çox inanırlar. Hətta qarşıdakı günlərin birində parlamentin iclasının çağırılıb, amnistiyanın qəbul edilə biləcəyi vurğulanır.

Bundan əlavə, qarşıdan AŞ PA-nın yay sessiyasının gəldiyi önə çəkilərək, o zamana qədər siyasi məhbus və digər bu kimi problemlərin həll edilməsinin önəmi qeyd olunur.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu amnistiyanın verilməsini çox istədiklərini söylədi: “AŞ PA-nın yay sessiyası yaxınlaşır və biz də orada iştirak edəcəyik. Amnistiyanın olması Azərbaycan üçün çox vacibdir. Biz də çox istəyirik ki, parlament amnistiya məsələsini qaldırsın. Dövlətçilik üçün bu çox vacib olardı. Bununla Avropa Şurasına alnıaçıq gedə bilərik ki, həm əfv vermişik, həm də amnistiya qəbul etmişik. Həbsdə qalan siyasi məhbuslar da azad olunsa, çox müsbət addım olar. Çox ümidliyik ki, bunlar olacaq. Olmazsa, sadəcə, ziyan görərik. Son əfvdə 61 siyasi məhbus azad olundu, amma bu problem tam bitmədi. Hələ də həbsxanalarda siyasi məhbuslar qalır. Jurnalistlərdən həbsdə qalanlar var. Bundan əlavə, ”Nardaran işi" ilə bağlı elə insanlar var ki, azad oluna bilərlər, yaxud işlərinə yenidən baxılması mümkündür. Bütün dövlətlərdə siyasi məhbus var. Əsas məsələ reformalardır. Azərbaycan dəyişiklik etməlidir. Getdikcə dəyişikliklər də olur. Daha qlobal məsələlərə diqqət ayırmağımız vacibdir. Siyasi məhbus məsələsini birdəfəlik həll edib, digər problemlərimizə diqqət ayırmalıyıq. Dağlıq Qarabağ kimi çox ciddi problemimiz var. Siyasi məhbus məsələsinin gündəmdə qalması bəziləri üçün maraqlıdır. Bu marağı sıradan çıxarmaq lazımdır və burada hakimiyyətin özü maraqlı olmalıdır. Bütün sahələrdə reformalara ehtiyac var".

Hüquq müdafiəçisi AŞ PA-nın yay sessiyasında Azərbaycan tərəfin təzyiqlərlə üzləşəcəyini düşünmür: “Azərbaycanla Avropa Şurası arasında birgə plan var. Ortaq bir platforma hazırlayıblar. Orada insan haqları və bu tipli məsələlər yer tutur. Azərbaycanda dəyişikliklərin olmasında AŞ PA maraqlıdır. AŞ PA-nın Azərbaycanla işləməyə həvəsi var. Belə həvəs olan yerdə təzyiqlərin olacağına inanmıram. Xaricdə oturub pafoslu şəkildə danışan bəzi azərbaycanlılara inanmayın. AŞ PA ilə Azərbaycan arasında çox yaxın münasibətlər mövcuddur”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ