SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakının “yeni İrəvan”a verdiyi vaxt bitir - GƏLİŞMƏ

Bakının “yeni İrəvan”a verdiyi vaxt bitir - GƏLİŞMƏ

Tarix:

7-05-2019, 09:52

/ 1 034 dəfə oxundu.
Bakının “yeni İrəvan”a verdiyi vaxt bitir - GƏLİŞMƏ

Mayın 8-də Ermənistanda “məxməri inqilab”ın rəsmən qələbə çalmasının birinci ildönümü olacaq. Məhz həmin gün inqilabçı Nikol Paşinyan ovaxtkı iqtidar partiyasının üstünlükdə olduğu parlamentdə kütlənin təzyiqi ilə ikinci cəhddə baş nazir seçildi. Dekabrda isə növbədənkənar parlament seçkiləri keçirildi və Paşinyan tərəfdarlarının mütləq çoxluqda olduğu yeni parlament formalaşdı.

Lakin Nikol Paşinyan və tərəfdarları legitimlik qazanıb hakimiyyət rıçaqlarını ələ alsalar da, ötən bir ildə işğalçı ölkədə, onun əhalisinin durumunda müsbətə doğru köklü dəyişikliklər baş verməyib. “Sərkisyan konstitusiyası” ilə ölkənin birinci şəxsi postuna - baş nazirliyə yiyələnən Nikol Paşinyan nə siyasi sistemin islahı, nə də və ələlxüsus Qarabağ məsələsində pozitiv yeniliyə imza ata bilib. Hər şey ən yaxşı halda, olduğu kimi qalıb. Yaxud geriləmələr qeydə alınıb. O sırada yoxsulluğun səviyyəsi, ölkədən kütləvi köç azalmayıb, ölkənin xarici borcları isə artıb.

Yeni hökumətin hətta varlı erməni lobbisinin sərmayəsini ölkəyə cəlb eləmək cəhdi də fiasko olub. Çünki Paşinyan hakimiyyətdən devirdiyi Serj Sərkisyanın Rusiya və Qərb arasında oynamağa hesablanmış “iki stul” siyasətini davam etdirir. Hərçənd reallıq belədir ki, o, verdiyi vədə xilaf çıxaraq, bu bir ildə Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq üçün heç nə eləməyib. Əksinə, işğalçı ölkənin Rusiya üçün vassal, satellit rolunu gücləndirən addımlar atıb. Bu da Qərbdə, ABŞ-da qəzəb yaratmaqla yanaşı, xaricdəki, Avropa və ABŞ-dakı zəngin erməniləri hürküdüb...

*****

Ermənistanda inqilab sonrası situasiyanı sözsüz ki, ən çox Paşinyanın ən təhlükəli rəqibləri - Serj Sərkisyan və onun tərəfdarları izləyirlər. O niyyətlə ki, indiki baş nazirin ayağı “sürüşən” kimi revanş götürə bilsinlər. Bu xüsusda əksər yerli və əcnəbi təhlilçilər şübhə etmirlər ki, artıq zaman baş nazirin xeyrinə işləmir və o, tələsməlidir. Verilən vədlərin reallaşması isə müstəsna olaraq, Qarabağ məsələsində ciddi dönüşdən, daha dəqiqi, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşmasından keçir.

Məsələ ondadır ki, Qərb də İrəvana böyük maliyyə dəstəyini məhz Qarabağ məsələsində ciddi irəliləyiş və İrəvanın Bakı və Ankara ilə tezliklə dil tapması ilə əlaqələndirir. Paşinyan isə hələ ki bundan çəkinir və vaxtı süni şəkildə uzatmağa çalışır. Ancaq xəbəri yoxdur ki, vaxt onun əleyhinə işləyir, “qum saatı” işə düşüb.

Bunun təzahürüdür ki, artıq eks-prezident Serj Sərkisyan özünün siyasi reabilitasiyasına başlamış kimi görünür. Belə ki, bu günlərdə onun indiki prezident Armen Sərkisyanla görüşdüyü barədə xəbər yayılıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Joxovurd” qəzeti özünün qaynaqlarına istinadən yazıb.

Mənbənin bildirdiyinə görə, Serj Sərkisyan incik şəkildə bildirib ki, Armen Sərkisyanı prezident postuna məhz onun hakimiyyəti gətirsə də, indiki prezident Paşinyan hökumətinin iş stilini dəstəkləyir, qəbul edilən bütün qanunları imzalayar. Prezident Armen Sərkisyan isə ona etiraz edib və deyib ki, onun qanunları imzalamaqdan yayınmaq səlahiyyətləri yoxdur. Onu da incik şəkildə vurğulayıb ki, məhz Serj Sərkisyanın hakimiyyəti dönəmində prezidentin səlahiyyətləri azaldılıb.

Bu, həqiqətən belədir. Serj Sərkisyan prezident səlahiyyətlərinin azaldılmasına ona görə nail olmuşdu ki, artıq 10 illik (2 müddətlik) prezidentliyi bitmişdi və o səbəbə yeni konstitusiyaya görə, ölkənin 1-ci şəxsi sayılacaq baş nazirliyə can atırdı. Həmin postda isə o, cəmi bir neçə gün duruş gətirə bildi. Ermənistanda 20 illik xunta rejimi inqilab nəticəsində siyasi səhnədən uzaqlaşdırıldı, Qarabağ klanının hakimiyyətinə son qoyuldu. Ancaq qoyuldumu?

Bu sualın cavabı yenə məhz N.Paşinyanın apardığı daxili və xarici siyasət, özəlliklə onun Qarabağ məsələsindəki mövqeyi verəcək. Əgər hər şey köhnə məcrada qalacaqsa və Qarabağ klanının cızdığı kurs, faktiki, davam edəcəksə, hələ ki belədir, o zaman erməni toplumunda Paşinyanın inqilabi yolla hakimiyyətə gətirməyin məqsədəuyğun olub-olmadığı barədə haqlı sual baş qaldıra bilər. Qarabağ klanına, S.Sərkisyana da elə bu lazımdır...

*****

Azərbaycana isə sözsüz ki, Ermənistanda xunta rejiminin hakimiyyətə qayıdışı sərf eləmir. Ancaq “yeni İrəvan”ın Qarabağla bağlı köhnə kursu davam etdirməsi də Bakını qane edə bilməz. Cəbhə xəttində aybaay artan gərginlik bu xüsusda Paşinyan iqtidarına ciddi siqnal olmalıdır ki, Azərbaycanın ona ayırdığı səbir limiti, xoş məram limiti bitir və o tələsməlidir. Yoxsa Nikol Paşinyan da 2016-cı ilin “aprel sindromu”ndan qaça bilməyəcək - daxildə özünə nə qədər arxayın olsa da.

Bir sıra əcnəbi hərbi ekspertlər, hərbi təhlil mərkəzləri də qeyd edirlər ki, Azərbaycan öz ərazilərini güc yolu ilə azad eləmək üçün artıq tam hazırdır və bu dəfə onu saxlamaq mümkün olmayacaq...

*****

Yeri gəlmişkən, bu arada Azərbaycan özünün əsas silah tədarükçüləri hesabına ordunun modernləşdirilməsini davam etdirir. Onların arasında işğalçı ölkənin KTMT (“Rus NATO-su”) üzrə müttəfiqi sayılan Belarus da var. Dünən bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, general-mayor Oleq Belokonyevin başçılıq elədiyi nümayəndə heyəti Bakıya gəlib. Musavat.com-un Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, rəsmi səfər Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun dəvəti ilə baş tutub.

Nümayəndə heyətləri arasında artıq geniş tərkibdə görüşlər olub. Şübhə yox ki, diqqət mərkəzindəki məsələlərdən biri iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığı daha da dərinləşdirməkdir. Ümumiyyətlə, Azərbaycanla Belarus arasında digər sahələrdə də əlaqələr geniş və dinamik inkişafdadır.

İrəvanı ən çox narahat edən də Bakı ilə Minsk arasında hərbi-texniki əməkdaşlığın ilbəil dərinləşməsi ilə yanaşı, bütövlükdə Azərbaycanın KTMT üzvü, Ermənistanın müttəfiqi sayılan Belarusla Ermənistandan qat-qat sıx əlaqələrə malik olmasıdır. Yəni faktiki surətdə Minsk Bakının müttəfiqidir, nəinki İrəvanın. Bu isə yeni Qarabağ müharibəsi zamanı Belarusun kimin tərəfində olacağının aydın mesajıdır. Bu yerdə 2016-cı ilin aprelindəki “4 günlük müharibə” zamanı rəsmi Minskin Bakını dəstəkləməsini yada salmaq olar.

Hələ ki legitimliyini saxlayan N.Paşinyan bu qəbildən siqnalları düzgün tutmalıdır - əgər sələflərindən fərqli olaraq, öz xalqına gerçəkdən də böyük müharibə yox, böyük sülh istəyirsə...
“Yeni Müasavat”

Şərhlər

XƏBƏR LENTİ