SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Gürcüstan-Azərbaycan sərhədində məbəd mübahisəsi, yoxsa erməni “barmağı”? - GƏLİŞMƏ

Gürcüstan-Azərbaycan sərhədində məbəd mübahisəsi, yoxsa erməni “barmağı”? - GƏLİŞMƏ

Tarix:

29-04-2019, 09:25

/ 887 dəfə oxundu.
Gürcüstan-Azərbaycan sərhədində məbəd mübahisəsi, yoxsa erməni “barmağı”? - GƏLİŞMƏ

Azərbaycan sərhədçiləri orta əsrlərə aid David-Qareci mağara kompleksindəki Udabno monastırına gedən yolu açıblar. Gürcüstanın XİN rəhbəri David Zalkaliani isə jurnalistlərə bildirib ki, problem Bakıdan olan həmkarı ilə danışandan sonra həll olunub. Məlumata görə, aprelin 28-də, səhər saatlarından etibarən zəvvarlar və din xadimləri sərbəst hərəkət edə bilirlər.

Qeyd edək ki, aprelin 23-dən etibarən Azərbaycan sərhədçilərinin kompleksə gedən girişi bağladığı, ora nəinki turistləri, yerli rahib və keşişləri də buraxmadığı barədə məlumatlar yayılmışdı. Kompleksin böyük hissəsi, o cümlədən də Udabno monastırı dağın cənub-qərb ətəyində, Azərbaycanın nəzarəti altında olan ərazidə yerləşir. Gürcülərsə bu qədim alban məbədinə iddia edirlər.

Keşiş Kirion Gürcüstanın İctimai Televiziyasına kompleks ərazisinə keçə bilmədikləri haqda şikayətlənərək demişdi ki, “Azərbaycan sərhədçiləri monastır ətrafında cığırlar salırlar”. Kirion atanın fikrincə, Azərbaycan tərəfinin gözlənilməz qadağası, böyük ehtimalla, prezident Salome Zurabişvilinin sərhədin mübahisəli hissəsinə dair mümkün qədər tez razılığa gəlməyin vacibliyi haqda bəyanatı ilə bağlıdır. Zurabişvili bu məsələni 2019-cu ilin fevralında Bakıya səfəri zamanı qaldırmışdı. Gürcü prezident aprelin 20-də isə Azərbaycanla həmsərhəd zonaya səfər etdi və gürcü sərhədçilərlə görüşdən sonra sərhədin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyindən danışdı. Bundan sonra Azərbaycan sərhədçilərinin öz ərazimizdə həyata keçirdikləri tədbirlər gürcü millətçiləri tərəfindən hay-küylə qarşılandı. Yerli telekanalların müşayiəti ilə bu istiqamətə səfər edən ayrı-ayrı millətçilər ölkəmiz əleyhinə sərsəm fikirlər səsləndirdilər. Bu sırada Gürcüstanın keçmiş daxili işlər naziri və parlamentarları xüsusilə seçildilər.

Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov bildirdi ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər kifayət qədər yüksək səviyyədədir: “İstər iqtisadi, istər siyasi, istərsə də mədəni əlaqələrə dair mütəmadi şəkildə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Biz regionda strateji tərəfdaşıq. Lakin zaman-zaman bəzi qüvvələr ortaya hansısa problemlər çıxartmağa çalışırlar. Məsələn, Rusiya ilə Ermənistan arasında Abxaziyadan keçməklə dəmir yolunun çəkilməsi, yaxud Cənubi Osetiyadan avtomobil yolunun çəkilməsi kimi məsələlər istər-istəməz narahatlıq doğurur. Həmçinin Gürcüstanda günahsız azərbaycanlıların qanını tökmüş erməni terrorçusuna abidə qoyulması kimi məsələlərlə Gürcüstan-Azərbaycan dostluğu sanki sınağa çəkilib. Bu sayaq sınaqlardan, imtahanlardan hər iki tərəf uğurla çıxıb. Birmənalı şəkildə demək olar ki, bizə düşmən olan Ermənistan və bəzi digər dövlətlər bu münasibətlərə hər zaman xələl gətirməyə, ”parçalayıb hökm sürməyə" bir daha cəhd edirlər. Son zamanlar Keşikçidağ monastır kompleksi ilə bağlı gündəmə gələn məsələ də eyni qəbildəndir. Hazırda Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya olunması 66 faiz həyata keçirilib, 34 faiz isə həllini tapmamış qalıb. Keşikçidağ kompleksi də həmin ərazilərdə yerləşir. Bununla bağlı müvafiq qurumlar mütəmadi olaraq görüşür. Gürcüstan və Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün yaradılan komissiya bir neçə dəfə bu məsələləri müzakirə edib. Mən əminəm ki, həm Azərbaycan, həm Gürcüstan tərəfi bu məsələyə də aydınlıq gətirəcək və hər iki ölkə arasındakı dostluq və əməkdaşlıq pozulmayacaq".

Qeyd edək ki, Gürcüstan parlamentinin üzvü Şalva Natelaşvili sərhədçilərimizi açıq şəkildə təxribata çəkib. O, “sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar”, - deyə ağlına gələni danışıb.

Ə.Amaşov gürcü deputatın təxribatçı hərəkətləri barədə də qəzetimizə danışdı: “Belə hallar olur. Nəinki o, hətta digər ayrı-ayrı millətçi ruhlu adamlar da belə hərəkətlərə yol veriblər. Vaxtilə vəzifədə olmuş şəxslər də bu sayaq provakasion çıxışlar ediblər. Ancaq hesab edirəm ki, belə çıxışlar arxada qalacaq, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyəcək”.

Deputat dedi ki, belə məsələlərdə daha çox qızışdırıcı rol oynayanlar Gürcüstan hakimiyyətinə müxalif olanlardır: “Bunu da unutmayaq ki, Gürcüstanda gürcü familiyasını qəbul edən ermənilərin sayı kifayət qədərdir. Hətta bir faktı deyə bilərəm ki, keçən əsrin 30-cu illərinə qədər Tiflis əhalisinin 60 faizə qədəri ermənilərdən ibarət olub. Onların da tam əksəriyyəti familiyasını gürcüləşdirib”.

Ə.Amaşov onu da qeyd etdi ki, məsələ dostluq qrupunun da nəzarətindədir: “Biz gürcü həmkarlarımızla, dostluq qrupunun üzvləri ilə fikir mübadiləsi, məsləhətləşmələr aparırıq. Ölkələrimiz arasındakı münasibətlər elə möhkəmdir ki, heç bir qüvvə onu sarsıda bilməz. Azərbaycan və gürcü xalqları müdrik xalqlardır. Bu xalqları heç vaxt bir-birinə qarşı qoya bilməyəcəklər. Əlbəttə, bundan daha çox Ermənistan və onun havadarları istifadə etməyə çalışırlar, Gürcüstanla Azərbaycan arasında soyuqluq yaratmaq, ölkələrin, xalqların birliyinə xələl gətirmək istəyirlər. Əminəm ki, hər iki xalq belə təxribatların məqsədini anlayır və heç vaxt bu provakasiyalara getməyəcəklər”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, gürcüləri yanlış yoldan çəkindirmək lazımdır: “Gürcüstan prezidenti Salome Zurabişvili odla oynayır. Diplomat soyuqqanlı olmalıdır. Xanım Zurabişvili Fransada doğulub, diplomat olub, ölkəsinin Gürcüstandakı səfiri olub. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Azərbaycanın Gürcüstandakı böyük yatırımları, boru xətləri, Dövlət Neft Şirkətlərinin layihələri, satdığı ucuz qaz qonşu ölkəyə ayaqda qalmağa imkan verir. Biz elə bilirdik ki, Tbilisi bunu anlayır. Ancaq gürcülərin ermənilər kimi bizə qarşı ərazi iddiası var”.

E.Şahinoğlu indiki durumda nə etməli olduğumuz barədə də fikirlərini bölüşdü: “Güzəştə gedə bilmərik. Ancaq Gürcüstanla münasibətlərin gərginləşməsinə də yol vermək olmaz. Danışıqlar davam etməlidir. Sadəcə, Zurabişvilinin tərsliyi tutub, elə bu saat Azərbaycanla sərhədin ”müəyyənləşməmiş" 34 fazinin həll olunmasını istəyir. Hakimiyyətə kənardan nəzarət edən Bidzina İvanişvilinin xəttinə oxşayır. Zurabişvilinin və onun arxasındakı güclərin Azərbaycana qarşı inadkarlıqları Gürcüstandakı millətçiləri də ayağa qaldırıb və onlar bizim haqqımızda aşağılayıcı ifadələr işlətməyə başlayıblar. Tbilisi yaxın günlərdə bu prosesi dayandırmasa, nəticələri iki ölkə arasındakı münasibətlər üçün yaxşı olmayacaq. Xarici işlər nazirlərinin görüşünə və birgə komissiyanın toplanmasına ehtiyac var. Əks halda ermənilər gürcülərlə azərbaycanlılar arasında qovğanın genişlənməsində maraqlı olacaq, dezinformasiya şəbəkəsini işə salacaqlar, əgər başlamayıblarsa".

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə bu mövzuda sorğumuza cavabında bildirdi ki, ötən həftə məsələyə verilən reaksiyadan əlavə heç bir şərh olmayacaq. Sözügedən açıqlamada bildirilirdi ki, Azərbaycan daim Gürcüstanla sərhədin tezliklə delimitasiyasının tərəfdarı olub. “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”, - açıqlamada deyilir.

Qeyd edək ki, Ermənistan mediası Gürcüstan-Azərbaycan sərhədində baş verənlərə xüsusi diqqət ayırmaqdadır və səxavətlə bu mövzunu tirajlayır. Məqsəd bəllidir.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ