SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Oqtay Əsədov ermənilərdən niyə qorxur?

Oqtay Əsədov ermənilərdən niyə qorxur?

Tarix:

26-04-2019, 15:23

/ 1 015 dəfə oxundu.
Oqtay Əsədov ermənilərdən niyə qorxur?

Novruz Məmmədovmu, Oqtay Əsədovmu, yoxsa babat bir katibəmi?

Azərbaycan hakimiyyətində dövlət təsəvvürləri İçərişəhərin divarları kimi dağıdılıb. Dövlət aparatına münasibət, dövlət siyasətinin müəyyənləşməsi, dövlətin idarə edilməsi kimi məsələlər uşaq baxçasına toplanan uşaqların arasındakı dəcəllik və ərköyünlük dərəcələrinə görə tərtib edilir. Bəlli deyil, ciddi inzibati- siyasi ierarxiya göstəriciləri varmı, yoxmu?

Əslində, Konstitusiya da baş- ayaq çevrildiyinə, dəfələrlə urvatsızlaşdırıldığına görə, ordan da hansısa normanı götürüb gerçək idarətemə məntiqinin üzərində təsəvvür eləmək olmur. Məsələn, Novruz Məmmədov baş nazirdir. Onun dövlət subordinasiyasından neçənci şəxs olduğunu kim bilir? Dəfərlərlə yazılıb və deyilib ki, baş nazir vəzifəsini daşıyan bu adamın personasına münasibət, nəinki şəxsiyyətinə, hətta elə vəzifəsinin özünə də münasibət babat bir nazirin, deyək ki, Mikayıl Cabbarovun personasına və vəzifəsinə münasibətdən aşağıda dəyərləndirilir. Burda deyirlər ki, “atın qabağına ət qoyulub…”.
Bir müddət öncə, onun belə bir performansı oldu ki, meşələrdəki cır meyvələrdən istifadə etməyə görə hansısa rüsumlar tətbiq etdi. Sosial şəbəkələrdə bekara bir ironiya bəs elədi ki, İlham Əliyev meşələrdəki həmin o cır meyvələr haqqında baş nazirin qərarını ləğv edən yeni bir Fərman imzalasın. Hətta meşələrdəki, kolluqlardakı cır meyvələrin taleyini öz iradəsi ilə həll edə bilməyən bir vəzifənin adı niyə baş nazirdir, burası qəbahətlidir və baş nazirin adının Novruz olması da heç nəyi dəyişmir. Eləcə də, spiker Oqtay Əsədov. Parlamentin sədri, yəni! Hesabla, bu şəxs də dövlətin ilk üçlüyünə və ya dördlüyünə daxil olan birisi olmalıdır. Vəzifə və çəki etibarı ilə. Amma nə baş verir? Ağzını açıb bircə dəfə reqlament müzakirəsindən kənbarda nəsə söz demək kifayət edir ki, nəinki prezident, hətta Xarici İşlər Nazirliyinin mətbuat xidməti belə onun ağzından vura bilir. “Səsini kəs və ciddi söhbətlərə qarışma!” anlamında. Həftənin ironik mövzularından biri spikerin “Avropa Birliyi ilə sazişi mayın 13-də imzalayacağıq” bəyanatı oldu. Bu, həmin bəyanat idi ki, XİN sözçüsü onu susdurdu, “başını başlara qoşma” şəklində təkzib verdi və bu, guya dövlət rəhbərlərindən biridir.

Yeri gəlmişkən, spikerin Dağlıq Qarabağ mövzusunda göstərmək istədiyi bir başqa performansı da ictimaiyyət hoydu- hoyduyla qarşıladı. Bir neçə gün əvvəl parlament sədrinin Dağlıq Qarabağ mövzusunda sərgilədiyi təslimçilik mövqeyinin şahidi oldunuz. Parlamentin spikeri Oqtay Əsədov açıq şəkildə deputatları Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövzusunda danışmaqdan çəkinməyə çağırdı.

“Biz emosional müharibə çağırışları ilə nə əldə edə bilərik? Əgər münaqişə sülh yolu ilə həll oluna bilərsə, niyə ona qarşı çıxaq? ” O.Əsədov parlamentin iclasında belə deyib. O bildirib ki, deputatların “bu mövzuya ehtiyatla yanaşması və müharibə çağırışlarında diqqətli olmaları lazımdır”.

Azərbaycan Parlamentinin spikeri erməniləri müdafiə edir, yoxsa ortada başqa səbəb var? Bəzilərində belə qənaətlər yaranır ki, bu “sülh ritorikası” birinci vitse- prezidentin şərab diplomatiyasında, prezidentin “lazım gəlsə” ümidlərində ifadə edilən xəttin davamıdır. Spiker özünü birtəhər bu tərzin içinə dürtmək istəyir. Amma bu qorxaqlığın başqa tərəfi də var.

İndi cəmiyyətdə bu “deputat qorxaqlığının” geniş müzakirəsi gedir. Bu mövzunu müzakirəyə çıxaran insanlar Oqtay Əsədovun ölkənin maraqlarına münasibəti Moskvadakı çirkli biznesinin altında yerləşir. Onun Rusiyadakı şəxsi, ailə investisiyalarının bulaşıq biznes sferasında yatırıldığını, artıq, hamı bilir.

Əlbəttə, biz iddia etmirik ki, Oqtay Əsədovun Moskvadakı bu çirkli biznesində ermənilərlə şərikliyi var. Məsələ bunda deyil. Amma Moskva, hələ də Rusiyanın paytaxtıdır və Rusiyanın paytaxtında belə bulaşıq işlərlə məşğul olan Azərbaycan spikerinin ya quyruğu, ya da elə bütün gövdəsi ordakı kompramatların məngənəsində olmalıdır.

Buna görə də, bölgüsü bilinməsə də, hər halda, ya prezident, ya da onun birinci müavini, ola bilsin, hətta Baş nazir Novruz Məmmədov arada- sırada Oqtay Əsədovu çağırıb danlamalıdırlar, ya da profikaltik söhbətlər aparmalıdırlar ki, o, bir spiker olaraq nəyi danışa bilər, hansı mövzulara isə ümumiyyətlə toxuna bilməz. Bəli, hətta Novruz Məmmədov da Oqtay Əsədova fərdi treninqlər keçib ona dövlətin nə olduğu, Azərbaycan şəraitində dövlət hakimiyyətinin bölgüsü və ya bölgüsüzlüyü səbəbindən spikerin hansı çərçivələrdə yerləşməli olduğu barədə mühazirələr oxumalıdır. Cəhənnəmə, adama babat bir köməkçi təyin edib siyasi xarakterli bəyanatlarını öncədən həmin köməkçi ilə razılaşdırmağı tapşıra bilərlər. Əlbəttə, əgər Oqtay Əsədovun çəki dərəcələri onun spiker vəzifəsini daşımasını mütləq vacib edirsə.

azadliq.info

Şərhlər

XƏBƏR LENTİ