SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət »  Azərbaycan və Türkiyədən Ermənistana Qarabağ mesajı - GƏLİŞMƏ

 Azərbaycan və Türkiyədən Ermənistana Qarabağ mesajı - GƏLİŞMƏ

Tarix:

25-04-2019, 09:29

/ 1 057 dəfə oxundu.
 Azərbaycan və Türkiyədən Ermənistana Qarabağ mesajı - GƏLİŞMƏ

İşğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları artıq beynəlxalq miqyas almaqdadır. Belə ki, BMT-yə təqdim olunan hesabatı zamanı İrəvanın Dağlıq Qarabağı da “öz ərazisi” kimi təqdim etmək cəhdi bundan xəbər verir.

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclasında bununla bağlı məlumat verən deputat Azay Quliyev rəsmi qurumları hərəkətə keçməyə çağırdı. Təəssüf doğuran hal budur ki, işğalçı ölkə bu təxribatçı addımına BMT kimi nüfuzlu beynəlxalq qurumu da alət etməyə çalışıb və qismən buna nail olub. BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi qətnamələr üçüncü onillikdir kağız üzərindədir. Lakin işğalçıya öz yerini göstərmək, ona qarşı sanksiyalar tətbiq etmək əvəzinə, BMT Ermənistanın cəfəng iddialarına meydan verir ki, bu da təəssüf doğurur. Artıq Azərbaycan XİN məsələyə reaksiya verib və bəyanatını yayıb. Ancaq beynəlxalq təşkilatların davamlı şəkildə erməni yalanlarına yer ayırması, yaxud işğal olunmuş ərazilərə Avropanın ali təşkilatlarının təmsilçilərinin səfərlər etməsi təsadüf sayıla bilməz. Elə bu günlərdə Avropa Şurası rəhbərliyi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə ermənipərəst mövqeyi ilə Azərbaycanda qıcıq yaratmışdı.

Belə bir durumda aparılan danışıqların perspektivinə inanmamaq üçün əldə kifayət qədər əsaslar var. Xüsusilə də Rusiyanın Qarabağ məsələsində fəallaşmasında şübhəli məqamların olduğu söylənilir. Belə yanaşma var ki, Rusiya prosesi tam nəzarətdə saxlamağa çalışdığı üçün Moskvada görüş keçirmək təşəbbüsü ilə çıxış edib. Adının çəkilməsini istəməyən məlumatlı mənbənin sözlərinə görə, Paşinyan fəaliyyəti boyu bir taktika seçib, onun keçirdiyi görüşlərin əksəriyyəti təkbətək baş tutub. Ola bilsin ki, Moskva Paşinyana etibar etmir və onun görüşləri təkbətək keçirməyə üstünlük verməsi Moskvanı narahat edib. Şübhələr var ki, Rusiya onun iştirakı olmadan Ermənistanın Azərbaycanla hansısa razılığa gələ biləcəyindən ehtiyatlanır.

Mənbəmiz bir məqama da diqqət çəkdi: “Robert Köçəryan və ya Serj Sərkisyan Qarabağ danışıqlarını aparanda Moskva indiki qədər keçirilən görüşlərdən narahat olmurdu. Hər halda, bilirdi ki, nə Köçəryan, nə də Sərkisyan Moskvanın çəkdiyi xətlərdən kənara çıxmayacaq, görüşdən sonra da aparılan müzakirələr barədə Rusiyaya hesabat verəcək. N.Paşinyana isə Rusiya etibar etmir. Üstəlik, Ermənistanın baş naziri keçirilən ikitərəfli görüşlərin əsas vaxtını təkbətək keçirməyə çalışır. Ona görə də Moskva düşünür ki, ”amerikapərəst baş nazir Rusiyanın arxasından hansı işləri qarışdırır. Paşinyan da başa düşür ki, təkbətək danışıqlara üstünlük verməsi Rusiyanı qıcıqlandırır. Çünki Rusiya sonda “ofsayd”da qalacağından ehtiyat edir".

******

Rusiya Ermənistan rəhbərliyini cəzalandırmaq istəsə də, hələlik gözləmə mövqeyindədir. İstisna deyil ki, Kreml Azərbaycanın mövqelərinin güclənəcəyindən ehtiyatlandığı üçün İrəvana açıq şəkildə basqı göstərmir. Elə Rusiyanın öz qırıcılarını Ermənistanda yerləşdirmək istəyi də İrəvana təzyiqin və ölkənin oyuncaq dövlət statusunda saxlanması cəhdinin tərkib hissəsidir. Moskva İrəvandakı anti-Rusiya ab-havasını yaxşı bildiyi üçün orada mövcudluğunu saxlamağa üstünlük verir.

Belə bir durumda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atılan addımlar sözsüz ki, milli maraqlarımız baxımından çox əhəmiyyətlidir.

Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb. İki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Bəzi müşahidəçilər bu təlimlərin həm də bölgədəki destruktiv qüvvələrə, işğalçılara xəbərdarlıq olduğunu güman edirlər.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Türkiyənin birgə təlim keçirməsi yeni məsələ deyil: “Qeyd olunduğu kimi, bu təlimlər hər hansı ölkəyə qarşı qəbul edilməməlidir. Ermənistanda bununla bağlı narahatlıq ondandır ki, son zamanlar bu ölkə təcavüzkar niyyətlərindən doğan qorxunun təsiri altındadır. İşğalçı ölkə hər an Azərbaycanın öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlayacağından əndişəlidir. Strateji müttəfiqin onu nə dərəcədə müdafiə etməsinə arxayın olmaq üçün müəyyən tədbirlər görür. Rusiya Ermənistanı heç zaman tək buraxmayacağını nümayiş etdirmək üçün qırıcı təyyarələrin burada yerləşdirəcəyini deyir. Bunu Azərbaycan və Türkiyəyə mesaj da hesab etmək olar”.

Təbii olaraq Ermənistan Türkiyənin bu prosesə qoşula biləcəyindən çox ehtiyatlanır. Bir neçə gün öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməli olduğunu növbəti dəfə bəyan etdi. Bunun ardınca hərbi təlim qərarının verilməsi sözsüz ki, düşməni əndişələndirir. Azərbaycanın işğal altındakı ərazilərindən narkotik ticarəti və terrorçu birləşmələrin hazırlanması məqsədilə istifadə edildiyi də faktdır.

Q.Çaxmaqlı deyir ki, Türkiyə ilə nə qədər yaxşı münasibətlər olur-olsun, yenə Rusiya Ermənistanı əzdirməz: “Qarabağın terror yuvası olması bəyanatları zaman-zaman səsləndirilib, amma beynəlxalq qurumlar buna heç bir reaksiya verməyiblər. Hətta PKK-nın burada düşərgəsinin olduğu barədə də məlumatlar yayılıb. Nəzarətsiz zona olan işğal ərazisindən narkobiznes üçün istifadə olunduğu da dəfələrlə qeyd olunub. Amma bu qanunsuz və cinayətkar fəaliyyətlərin üstünə qərarlı şəkildə gedilməyib. Baxın, bu günlərdə Türkiyənin xüsusi xidmət orqanları ortaya fakt qoydu ki, PKK-PYD terror təşkilatının içində erməni birliyi var. Onların toplantısından fotolar yaydı. Biz Qarabağda var olan terrorçu PKK-çı düşərgədən dünyanı inandıracaq nə məlumat vermişik? Və yaxud bu plantasiyaların hansınınsa görüntülərini yaymışıqmı? Dünyanı ayağa qaldıracaq hansı tədbirləri görmüşük? Bəzi məsuliyyətsiz politoloqların yalan və uydurma cızmaqaraları bu işin ciddiliyinə xələl gətirir. Ermənistan ciddi düşməndir. Onunla bağlı hər hansı fəaliyyətimiz istər siyasi, istər ideoloji, istərsə hərbi anlamda dəqiq, ölçülü-biçili və ciddi olmalıdır”.

Bu arada ABŞ-ın Xarici siyasət şurasının baş elmi əməkdaşı Stiven Blank “Vaşinqton Tayms” qəzetində Ermənistanı ifşa edən yazı dərc etdirib. Yazıda qeyd olunub ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri David Tonoyanın “müharibə və yeni ərazilər ələ keçirmək” barədə çağırışları onsuz da kövrək sayılan sülh prosesinə daha çox zərər vurur.

“Belə bəyanatlar müharibənin yenidən başlanmasına təkan verə bilər ki, buradan Ermənistanın qalib çıxacağı şübhə doğurur. Bütün bunlar Ermənistan üçün böyük bədbəxtliklərə və iqtisadi fəlakətə gətirib çıxaracaq” - müəllif yazıb. İşğalçı ölkə üçün çıxış yolu da göstərilib: “Əgər Ermənistan həqiqətən faydalı nəticələr əldə etmək istəyirsə, daxili tərəqqinin ilkin şərti sayılan, münaqişənin iki tərəf üçün məqbul hesab olunan həlli yoluna razı olmalı və Erməni milli komitəsi kimi alovlu millətçi lobbilərin fəaliyyətini ram etməlidir”.

Göründüyü kimi, Ermənistanın düşdüyü quyudan çıxmaq iqtidarında olmadığını bizdən uzaqlarda da deyirlər. Bundan əvvəl ABŞ-ın yüksək çinli rəsmisi Con Bolton da Ermənistanda olarkən bu ölkənin rəhbərliyini tarixi şablonlardan əl çəkməyə, qonşularla normal münasibətlər qurub normal həyata qayıtmağa çağırmışdı. Lakin N.Paşinyan bundan sonra “Bolton mənim adımdan danışa bilməz” cavabını verdi və hərbi ritorikaya güc verdi. ABŞ mediasındakı yazının məhz indiki ərəfədə, “erməni soyqırımı” iddiaları ilə bağlı şouların keçirildiyi 24 apreldə yayılması da ermənilərə ciddi cavabdır. Eyni zamanda Azərbaycan-Türkiyə hərbi təlimləri ilə bağlı məlumatın tirajlanması da ermənilər üçün “soyuq duş” effekti verən hadisədir.

Şərhlər

XƏBƏR LENTİ