SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanı hədələyən erməni naziri Pentaqon pərt etdi - ABŞ-dan jest

Azərbaycanı hədələyən erməni naziri Pentaqon pərt etdi - ABŞ-dan jest

Tarix:

5-04-2019, 09:43

/ 857 dəfə oxundu.
Azərbaycanı hədələyən erməni naziri Pentaqon pərt etdi - ABŞ-dan jest

“Ermənistanla müharibə bitməyib, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Azərbaycan prezidenti İlham Əliyev bunu iki gün öncə hərbi hissələrin birində etdiyi çıxışında bir daha bəyan edib. Bu da ən əvvəl o deməkdir ki, Azərbaycan sonsuzadək işğal rejiminə, təcavüzkar tərəfin siyasi kaprizlərinə dözməyəcək. Müasir bahalı silah-sursatları, modern döyüş sistemlərini də Bakı yalnız vitrinə qoymaq və ara-sıra hərbi paradlarda və ya təlimlərdə nümayiş etdirmək üçün almayıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “4 günlük” aprel müharibəsinin ildönümü ilə bağlı düşmən tərəfə ünvanlı xəbərdarlıq xarakterli çıxışı da eyni hədəfə hesablanıb: nə qədər gec deyil, işğalçı tərəfi mifik “qələbə” eyforiyasından çıxarıb konstruktiv mövqeyə gətirməyə nail olmaq, əks halda, müharibə qaçılmazdır.

*****

“Azərbaycan ordusunun kiçik bir hissəsi 2016-cı ilin aprelində 3 gündə Ermənistan ordusunu darmadağın etdi”. Bunu Zakir Həsənov AzTV-yə müsahibəsində bildirib. “Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər”, - hərb naziri vurğulayıb.

Z.Həsənov iki ölkənin hərbi və döyüş göstəricilərindəki fərqə diqqət çəkərək bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: “Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu. Onlar illərlə öz millətlərini aldadırdılar və bütün siyasətləri Qarabağ yalanları üzərində qurulmuşdu. Ermənistanın bütün resursları Qarabağa gedirdi. Öz millətlərini aldadırdılar ki, guya Qarabağda böyük işlər görüblər, xətt yaradıblar. Bəzən mən eşidirəm ki, Azərbaycan ordusu düşmənin xəttini 1-2 saata yarıb. Mən bəyan edirəm ki, həmin xətt 18 dəqiqəyə yarılıb. 18 dəqiqədən sonra ermənilər gördülər ki, vəziyyət ağırdır və başladılar qaçmağa. Nəticədə Azərbaycan ordusu irəlilədi”.

*****

Əfsus ki, bu irəliləmə çox olmadı. Bakı geosiyasi şərtləri nəzərə alaraq, Kremlin xahişi ilə antiterror əməliyyatını dayandırıdı. Ancaq bu, heç də o anlama gəlmir ki, növbəti dəfə də Azərbaycan eyni cür hərəkət edəcək və ordumuzun yürüşü dayandırılacaq.

Ermənistanın güvəni isə sözsüz ki, yalnız böyük güclərin bu müharibəni dərhal dayndıracağınadır. Təbii ki, onlar həm də xristian həmrəyliyi instinktinin işə düşəcəyinə ümid edirlər. Ancaq işə düşəcəkmi? Konkret olaraq, iki əsas vasitəçi dövlətdən biri kimi, ABŞ işğalçının “qanı”nın arasına girərmi?

O ABŞ ki, hakimiyyətə gəlməsində yardımçı olduğu Paşinyandan və komandasından Qarabağ məsələsində, blokada məsələsində konstruktiv addımlar atmağı, o sırada Rusiya asılılığından qurtulmaq üçün qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq yönündə təsirli səylər göstərməyi gözləyir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən il İrəvanda verdiyi bəyanat, ardınca prezident Donald Trampın N.Paşinyana ünvanlandığı məktub bunu aydın şəkildə təsdiqləyir.

ABŞ İrəvandan ən əvvəl məhz bunu gözləyir. Paşinyan iqtidarı isə tam əks işarəli mövqe sərgiləməklə, yəni kontur addımlar atmaqla, hətta Vaşinqtonu qıcıqlandıran fəaliyyətlə məşğuldur. Ermənistan hökumətinin Rusiyaya xoş gəlmək üçün az öncə Moskvanın istəyi ilə Suriyaya hərbi-humanitar missiya göndərməsi buna bariz sübutdur. Üstəlik, müdafiə naziri David Tonoyan o vaxt bildirmişdi ki, Suriya hökuməti xahiş edərsə, Ermənistan ora hərbi kontingent də yollaya bilər. Həmin qərara görə ABŞ Dövlət Departamenti İrəvanı kəskin şəkildə qınayan etiraz bəyanatı verdi. Ermənistanı “zalım Bəşər rejiminə dəstək verənlərin yanında olmaqda” ittiham elədi. Amerikanın qəzəbi isə tezliklə soyumur.

Yeri gəlmişkən, dünən məlum olub ki, ABŞ-da səfərdə olan və oradan Azərbaycanı yeni torpaq işğalı ilə hədələyən David Tonoyanı özünün və erməni diasporun səylərinə rəğmən, Pentaqonda (ABŞ Müdafiə Nazirliyi) qəbul etməyiblər. “Ermənistan müdafiə naziri Tonoyan ABŞ-a səfəri zamanı Pentaqon nümayəndələri ilə görüşməyib”. Bu məlumatı “Jamanak” qəzeti yayıb (Axar.az). “ABŞ Ermənistanın Suriyaya humanitar missiya göndərməsi qərarını hələ də həzm edə bilmir. Onlar öz münasibətlərini hər vəziyyətdə nümayiş etdirməyə çalışırlar”, - deyə nəşrin xəbərində vurğulanır.

Yada salaq ki, bir qədər qabaq Ermənistanın xarici işlər Zoqrab Mnatrsakanyanın ABŞ səfəri Amerika tərəfindən ləğv edilmişdi. Halbuki həm Mnatsakanyan, həm də Tonoyan qərbyönlü kadrlar hesab olunur(du)lar...

*****

Ermənilər isə bütün bunların fonunda həyasızcasına indi həm də sülh nəğmələri oxumaqla dünyanı çaşdırmağa çalışırlar. Belə ki, Nikol Paşinyanın arvadı, “Mənim addımın” və “Təbəssümlər şəhəri” xeyriyyə fondlarının hamilər şurasının direktoru Anna Akopyan Vaşinqtona səfər zamanı ABŞ Konqresində “Qadınlar sülh naminə” kampaniyasını təqdim edib (Virtualaz.org). Erməni KİV xəbər verir ki, Akopyan azərbaycanlı anaları və qadınları da bu kampaniyaya qoşulmağa çağırıb.

“Qadınlar sülh naminə” kampaniyasını Anna Akopyan ötən il, ərinin hakimiyyətə gəlişindən sonra başladıb və ilk dəfə Moskvada təqdim edib. Daha sonra o, bir qrup rusiyalı qadını-ictimai xadimləri kampaniya çərçivəsində özü ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gətirib.

“Mən ”Qadınlar sülh naminə" kampaniyasını irəli sürmüşəm - məqsəd Qarabağ münaqişəsinin bütün tərəflərindən olan qadınların müharibəni rədd etməsi və bütün münaqişə tərəflərində insanların həyatlarını qoruyub saxlamaq üçün səyləri gücləndirməsidir. Bizim yekun hədəfimiz Dağlıq Qarabağda və dünyanın digər qaynaq nöqtələrində sülhə nail olmaq üçün ümumdünya qadınlar şəbəkəsi yaratmaqdır" - Anna Konqresdə çıxışı zamanı deyib.

O, Azərbaycan qadınlarını da bu təşəbbüsə qoşulmağa çağırıb. “Biz Azərbaycan qadınlarını və analarını da bu kampaniyaya qoşulmağa, olkələrində qərar qəbul edən şəxslərə də belə sülh çağırışı ilə müraciət etməyə çağırıram” - o deyib. “Öz uşaqlarını itirməyin əbədi ağrısını yaşayan qadınlar və analar da olmasa kim bunu edəcək? Analardan və qadınlardan başqa kim öz səsini sülh naminə qaldıracaq? Onlardan başqa kim qərarların qəbul edilməsinə təsir edə bilər?” - Akopyan sentimental ruhlu çıxışında bildirib.

*****

İşə bax, Paşinyanın naziri David Tonoyan Amerikadan müharibə bəyanatı verir, arvadı isə eyni vaxtda sülh bəyanatı. Bu nədir - nonsens, yoxsa tipik erməni taktikası?

Buradaca qeyd edək ki, Azərbaycandan Akopyanın təşəbbüsünə təbii ki, dəstək verən tapılmayıb. Əvəzində haqlı olaraq deyilib ki, əgər Anna doğrudan da sülh istəyirsə öz oğlunu Azərbaycanın işğal altındakı ərazilərinə hərbi xidmətə göndərməli deyildi və ilk növbədə Qarabağ məsələsinə dair davakar, populist və sülh səylərinə zərbə vuran açıqlamalar verən, “bir qarış da olsun torpaq qaytarmamaq” barədə danışan ərinə təsir göstərməli idi...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ