SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakının yeni müharibə doktrinası - GƏLİŞMƏ

Bakının yeni müharibə doktrinası - GƏLİŞMƏ

Tarix:

4-04-2019, 09:17

/ 872 dəfə oxundu.
Bakının yeni müharibə doktrinası - GƏLİŞMƏ

2016-cı ilin “4 günlük” aprel müharibəsinin ildönümü günlərində ermənilər tərəfdən hürüşmə göz görəsi artıb. Xüsusən də Nikol Paşinyan və onun komandasının təmsilçiləri ictimai rəyi sakitləşdirmək üçün davakar ritorikanın “dozası”nı xeyli artırıblar. Keçmiş və indiki hakimiyyət nümayəndələrinin son günlər işğal altındakı Qarabağa çoxalan səfərləri də özlüyündə az şey demir: işğalçı qorxur.

Düşmən ehtiyat edir ki, yaz-yay mövsümünün gəlişi ilə aprel sindromu təkrarlana bilər - özü də bu dəfə daha geniş miqyasda. Çünki ötən 3 ildə təcavüzkar “aprel dərsi”ni yaxşı mənimsəməyib. Erməni tərəfinin təlaşı əlbəttə ki, əsaslıdır. Azərbaycan prezidentinin iki gün öncə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində söylədiyi kimi, müharibə hələ bitməyib, onun yalnız birinci mərhələsi başa çatıb.

Heç şübhəsiz, Azərbaycan ordusunun zəfəri ilə bitəcək ikinci mərhələ yazda da başlaya bilər, yayda da - bu, artıq hərbi strateqlərin verəcəyi qərardır...

*****

Dünyanın 96-cı ordusunun - işğalçı erməni qüvvələrinin dünyanın 52-ci ordusu olan Azərbaycan ordusuna - regionun ən güclü silahlı qüvvələrinə qalib gəlmək şansı yoxdur. Bunu təkcə biz demirik. Müharibənin yekun fazasının mümkün nəticələrini şərh edən əcnəbi siyasi və hərbi ekspertlər də deyirlər.

“Aprel müharibəsi, hərbi dillə desək, Azərbaycan ordusunun taktiki əməliyyatıdır. Azərbaycan hərbi fəaliyyətlərlə lokal uğura nail oldu və cəbhə xəttinin müəyyən məntəqələrinin konfiqurasiyasını özü üçün daha əlverişli hala gətirdi”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a tanınmış rusiyalı politoloq-tarixçi Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu qələbənin dadını hiss etdi, aprel uğuru Azərbaycanın hərbi-siyasi rəhbərliyinə, zabitlər və əsgərlərə qələbə ruhu aşılamağa imkan verdi: “Bu şərtlər qoşunların döyüş hazırlığı və bütövlükdə dövlətin hərbi doktrinasının təyin olunması üçün son dərəcə vacibdir”.

Rusiyalı ekspert aprel döyüşləri ilə bağlı “medalın əks tərəfi”nə də diqqət çəkib: “Əgər tam açıq danışsaq, həmin hadisələr həmçinin qoşunların hazırlığı, xüsusən döyüş meydanında qoşunların idarə edilməsi cəhətdən çatışmazlıqlar və boşluqların olduğunu göstərdi. Bütün bunlar o zaman əsassız itkilərə gətirib çıxardı. Həmin vaxtdan ötən 3 il ərzində Azərbaycan ordusunun rəhbərliyi müvafiq nəticələr çıxardı, kadr rotasiyası və komandir heyətinin yeni hazırlıqları həyata keçirildi, yeni ağır hücum silahlarının alınması hesabına raket artilleriyasının atəş gücü qaldırıldı, döyüş meydanında itkiləri azaltmaq üçün döyüş vəziyyətində silah növlərinin qarşılıqlı əlaqələndirilməsi sistemi yenidən nəzərdən keçirildi”.

Kuznetsov hesab edir ki, bütün bunları cəmləşdirdikdə Azərbaycanda yeni qərargah düşüncə tərzi modelinin yarandığını söyləmək olar. “Bu döyüşən ordu üçün prinsipial əhəmiyyət daşıyır. Bütün bunlar mart ayında keçirilən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin nəticələri ilə aydın şəkildə nümayiş edildi. Bütün bunlara görə Azərbaycan ordusunun müdafiə ordusundan Qarabağın azad edilməsi uğrunda vuruşan hücum ordusuna çevrildiyi nəticəsinə gəlmək olar”, - ekspert bildirib.

Siyasi təhlilçi yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki, 2016-cı ilin əvvəllərində baş verən hadisələr Azərbaycanda hərbi quruculuğun yeni bir məqsədyönlü mərhələyə keçdiyini göstərir, həmçinin Silahlı Qüvvələrin həm hərbi-texniki, həm də mənəvi-psixoloji cəhətdən yeni keyfiyyət səviyyəsinə qalxmasına səbəb olub.

*****

“Aprel müharibəsinin növbəti ildönümü tarixindən danışarkən həqiqətən Azərbaycanın və onun iradəsini xüsusi qeyd eləmək lazım gəlir. Həmin döyüşlər zamanı Azərbaycan 90-cı illərdən üzü bəri ilk dəfə geniş miqyasda silah tətbiq eləmişdi”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri digər tanınmış rusiyalı analitik, siyasi-hərbi ekspert Qriqori Trofimçuk deyib.

Onun fikrincə, belə bir statistika təbi ki, heç də o demək deyil ki, Bakı İrəvandan “qorxur”. “Sadəcə, Bakı təkcə Qarabağla deyil, bütövlükdə regionla bağlı mürəkkəb amillər kompleksini ağıllı şəkildə ölçüb-biçir. Ən əsası, geosiyasi aspektləri nəzərə alır, nədən ki, müharibə çətin ki, lokal xarakter daşısın”, - deyə o qeyd edib.

“Ancaq həmin aprel olayı Ermənistana birmənalı şəkildə anlatdı ki, Azərbaycan öz ərazilərinin qeyd-şərtsiz qaytarılmasına köklənib və başqa variant olmayacaq. Azərbaycana ünvanlı belə bir qarşılıqlı hədə ki erməni ordusu Bakıya və Xəzər dənizinə kimi gələcək, sadəlövhlük kimi görünür və Azərbaycanın öz xeyrinə işləyir. Belə ki, əvvəla, kimsə zərbə endirməyə hazırlaşırsa, bunu xəbərdarlıqsız edir. İkincisi isə Azərbaycanda belə bir düşüncəni möhkəmlədir ki, Qarabağ münaqişəsinin faktiki həlli olmadan bölgəyə sülh heç vaxt gəlməyəcək”, - deyə ekspert ardınca vurğulayıb.

Onun əminliyinə görə, xarici amillər getdikcə daha çox Azərbaycanın xeyrinə işləyir: “Xüsusən də proqnoz edilməyən Paşinyanın başında durduğu ”yeni İrəvan"ın peyda olması nəzərə alınarsa, Azərbaycan Avrasiya İttifaqının, KTMT-nin üzvü olmaya-olmaya Rusiyaya daha yaxın olur. Və əgər birdən hansısa anda və müxtəlif səbəblərdən Ermənistan-İran sərhədi bağlansa, bu yaxınlıq artıq konkret strateji “formalar” kəsb edə bilər".

Qarabağ məsələsinə gəlincə, Trofimçuka görə, istənilən halda, yekunda təmkinlik qalib gələcək: “Hansını ki, bu gün ən çox Azərbaycan nümayiş etdirir - xüsusən də ”yeni İrəvan" tərəfindən açıq şəkildə Qarabağ prosesinin baza prinsiplərini sındırmaq cəhdi fonunda. Təmkinlik - hər şeyin əsasıdır. Amma bu zaman məsələnin digər tərəfini də ciddiyə almaq lazımdır: istənilən təmkinlik sonsuz deyil. Hansısa məqamda - apreldə, avqustda və ya fevralda bu amillər yenə bir nöqtədə birləşəcək. Ancaq bu dəfə Azərbaycan, məncə, kimisə qorxutmayacaq və ya xəbərdarlıq etməyəcək, sadəcə, axıra kimi gedəcək".

*****

Bu, iki rusiyalı tanınmış politoloq-analitikin, həm də kifayət qədər qərəzsiz analitiklərin fikirləridir. Hər halda, biz işğalçı Ermənistanın Azərbaycanla təkbətək savaşda hansısa hərbi uğura nail ola biləcəyi barədə hər hansı ekspert fikrinə rast gəlməmişik. Əksinə, onların hamısı əmindir ki, müharibənin uzanacağı təqdirdə ilk növbədə Ermənistan çöküş yaşayacaq, çünki İrəvanın müharibəni uğurla davam etdirməsi üçün yetərli iqtisadi-maliyyə və insan potensialı yoxdur. Müasir dövrdə qalibiyyətli müharibənin əsas şərti havada üstünlükdür ki, onu da Azərbaycan təmin edib.

Hətta nəzəri cəhətcə Rusiyanın ona hansısa hərbi köməyi göstərməsi qəliz olacaq. Çünki Rusiya Ermənistanla birbaşa quru əlaqəsinə malik deyil. Gərək bundan ötrü Moskva diplomatik əlaqələrinin olmadığı Gürcüstandan və ya İrandan (dəniz yolu) xahiş etsin. Buna isə Azərbaycan və Türkiyə imkan verməz. Heç İran və Gürcüstan da Azərbaycan və Türkiyə ilə münasibətlərinin əhəmiyyətini ciddiyə alıb buna razı olmaz.

Odur ki, işğalçı ölkə üçün 2019 düşünüb-daşınmaq və qəti qərara gəlmək üçün bəlkə də sonuncu il olacaq. Müharibənin “tətiyi” çəkilərsə, yekun təxminən məlumdur. Müharibəni qarşı tərəf başlasa belə, onu Azərbaycan tamamlayacaq - özünün döyüşən və hücum ordusu ilə...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ