SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanın yaz hücumu: niyə də olmasın?

Azərbaycanın yaz hücumu: niyə də olmasın?

Tarix:

12-03-2019, 10:30

/ 808 dəfə oxundu.
Azərbaycanın yaz hücumu: niyə də olmasın?

Dünən - martın 11-dən etibarən 15-dək Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayıb. Xəbər verdiyimiz kimi, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

Bu, əslində son zamanlar Qarabağa dair sülh danışıqlarını özünün absurd və radikal bəyanatları, tələb-təklifləri ilə tormozlayan işğalçı tərəfə, Nikol Paşinyan hökumətinə bir xəbərdarlıqdır ki, atəşkəs rejimindən sui-istifadə hansı fəsadlara gətirə bilər. Üstəlik, qış mövsümü başa çatır və havaların istiləşməsi ilə Azərbaycanın növbəti uğurlu hərbi əməliyyatı bütün ciddiliyi ilə gündəmə gələ bilər. Çünki Bakı işğal rejiminə sonsuzadək dözmək niyyətində deyil.

*****

Rəsmi İrəvan isə müxtəlif bəhanələrlə konstruktiv danışıqları ertələməyə cəhd edir. Bu bəhanələrdən biri də Dağlıq Qarabağdakı separatçı rejimi danışıqların üçüncü müstəqil tərəfi kimi Azərbaycana sırımaq istəyi ilə bağlıdır. Təbii ki, Bakı buna razılıq verməyib, heç vaxt da verməyəcək. Yaxud Qarabağ erməniləri birbaşa danışıqlara qoşularsa, o zaman Qarabağın azərbaycanlı icmasının da qoşulmalı olduğunu açıq bəyan edib.

Ötən həftə Azərbaycanda səfərdə olan ATƏT-in icraçı sədri Bakının bu mövqeyini müdafiə elədi. Ardınca Avropa Birliyinin (AB) yüksək çinli rəsmiləri Brüsseldə baş nazir Nikol Paşinyanla görüşləri zamanı onu pərt edərək, İrəvanın təklifini rədd elədilər və Paşinyana heç bir ön şərt qoymadan prezident İlham Əliyevlə görüşməyi məsləhət gördülər. Nəhayət, ATƏT sədri və AB yetkililərinin ardınca keçən həftə sonu ATƏT-in Minsk Qrupu həmsədrləri də elan etdilər ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatı dəyişdirilə bilməz.

Analitiklərə görə, sonuncu bəyanat Ermənistanın apardığı populist siyasətin uğursuzluğunun növbəti nümunəsidir. Həmsədrlərin açıqlaması göstərir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Həmsədrlər danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad ediblər. Helsinki Yekun Aktına görə isə, xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünə zidd ola bilməz.

*****

Yaranmış vəziyyətdə artıq 10 aydır hakimiyyətdə olan Nikol Paşinyanın hansı qərarı verəcəyi çox maraqlıdır. Hər halda, sülh danışıqlarına bu cür əngəllər yaratmağın, vaxtı uzatmağın dinc nizamlama prosesindən imtina və müharibənin labüd olması anlamına gəldiyini Paşinyan dərk eləməmiş deyil. Odur ki, seçim məhz onundur.

“Bu gün Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində güzəştlərə getmək üçün Nikol Paşinyana daxili siyasi vəziyyətin dayanıqsızlığının əngəl ola biləcəyindən danışmağa dəymir. Ona görə ki, nizamlama və anlaşma üçün konkret yanaşmalar hazırlamaqdan ötrü erməni baş nazirin vaxtı artıqlaması ilə olub. Aprel çevrilişindən, Serj Sərkisyanın Paşinyana məğlub olmasından təxminən 1 il ötüb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı siyasi şərhçi Mixail Belyayev “Vestnik Kavkaza” portalında getmiş təhlili məqaləsində yazır.

Müəllifin sözlərinə görə, keçən təxminən 1 il müddətində İrəvandakı hakim komanda ölkə üçün əsas xarici siyasət təhdidi sayılan Dağlıq Qarabağ konflikti kontekstində öz strategiyasını artıq formalaşdırıb: “Özü də yeni erməni strategiyası yetərincə dəqiq ifadə olunub: Dağlıq Qarabağ Azərbaycanla danışıqlarda ”üçüncü bərabər hüquqlu tərəf" olmalıdır. Nizamlamanın Dağlıq Qarabağ ətrafında ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan “sülh əvəzinə torpaq” formulu isə Paşinyan tərəfindən rəsmən istisna edilib. Yəni bu gün erməni tərəfi hətta Dağlıq Qarabağ ətrafında erməni silahlı qüvvələrinin işğalı altında olan ərazilərin qaytarılmasını belə mümkün saymır. Bunun ardınca Bakıda haqlı sual yaranıb: belə yanaşmanı İrəvanın sülh danışıqlarından rəsmən imtinası kimi qəbul eləmək lazımdırmı?"

Analitik qoyduğu suala yenə erməni rəsmisinin dili ilə cavab verib: “Bu suala Ermənistanın Xüsusi Xidmətinin direktoru Artur Vanetsayn a öncə işğal altındakı Füzuli rayonunda (Dağlıq Qarabağdan kənardadır - müəllif.) olarkən cavab verib. Deyib ki, ”biz Azərbaycana bir qarşı torpaq da verməyəcəyik". Üstəlik, o, tanınmamış “DQR”in rəhbərliyi ilə Araz boyu ərazilərin, azərbaycanlıların zorla vurulub çıxarıldığı torpaqların erməni əhali ilə məskunlaşdırılması məsələsini müzakirə edib".

Mixail Belyayev erməni tərəfinin bu qəbildən bəyanatlarını və mövqeyini müharibəni yaxınlaşdıran təhlükəli siyasət kimi xarakterizə edib və məqaləsinin sonunda Azərbaycan ordusunun dünən başlayan 5 günlük genişmiqyaslı təlimlərinə diqqət çəkib. “Təlimlər zamanı Azərbaycan ordusu qarşısında qoyulan hədəf və vəzifələr öz-özlüyündə hər şeyi deyir. Paşinyanın təxribatçı mövqeyi nəticəsində Dağlıq Qarabağ ətrafında yaranan siyasi dalan vəziyyəti yaz istiləşməsi ilə bağlı Azərbaycan-Ermənistan konfliktinin ”donu"nun açılması riskini artırır. Özü də bu zaman Bakı “konstruktiv tərəf” kimi obyektiv diplomatik üstünlüyə malikdir, nədən ki, erməni rəhbərlik diplomatik meydanda həddən artıq diletant səhvlər buraxıb və daxildə taktiki siyasi maraqlar naminə danışıqlar prosesində kobud “manevr” edib".

Rusiyalı təhlilçinin də şərhindən görünür ki, əgər münaqişə bölgəsində yeni hərbi toqquşma baş verərsə, onun məsuliyyəti tamamən işğalçı tərəfin, Paşinyan hökumətinin üzərində qalacaq - bu toqquşmanın bütün acı nəticələri ilə birgə...

Şərhlər

XƏBƏR LENTİ