SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentin böyük islahatlar proqramı “ASAN Xidmət”lə başlayıb

Prezidentin böyük islahatlar proqramı “ASAN Xidmət”lə başlayıb

Tarix:

5-03-2019, 09:31

/ 893 dəfə oxundu.
Prezidentin böyük islahatlar proqramı “ASAN Xidmət”lə başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu ilin ilk iki ayında sosial-iqtisadi sahələri əhatə edən sərəncamları, bir sıra yeni strukturların yaradılması barədə fərmanları, idarəetmə sahəsi ilə bağlı qərarları ölkədə islahatların başlanması kimi təqdim edilir. Bu addımlar şübhəsiz ki, ciddi islahatlardır və prezident bir neçə gün öncə 2019-cu ilin daha böyük islahatlar ili olacağının anonsunu verib.

Ancaq ölkədə sosial-iqtisadi sahədə, idarəetmə, hökumət strukturlarında islahatların son iki ayda başlandığını söyləyənlər sanki cəmi bir neçə il öncədən start verilmiş bu müsbət prosesi unudurlar. İndi sürətləndiyi müşahidə olunan islahatlar əslində 2013-cü ildən - "ASAN Xidmət"in yaradılmasından başlanıb. Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə keçirdiyi müşavirələrdə verdiyi bəyanatları, imzaladığı sərəncam və fərmanları xatırladıqda da bu aydın görünürdü ki, ölkədə islahatlar prosesi sürət götürəcək.

Prezident keçirdiyi müşavirələrdə iqtisadiyyatı əsasən neft gəlirlərinə söykənən postsovet məkanını bürümüş böhrandan açıq danışırdı, 2016-cı ildə gözlənilən çətinlikləri qeyd edir və ən əsası, bu müşavirələrdə komandasını sərt tənqid edirdi. Bu tənqidlərin ardıcıllığı, ayrı-ayrı sahə nazirlərinə ünvanlanmış sərt mesajlar belə təəssürat yaradırdı ki, prezident Azərbaycanı qlobal iqtisadi böhrandan itkilərsiz keçirmək, xilas etmək üçün çox ciddi plan hazırlayıb və bu plan-proqram tədricən reallaşdırılacaq. Və belə də oldu.

“Yeni Müsavat” 2015-ci ildə bu barədə yazmışdı ki, prezident müşavirələrində iqtisadi komandadan təkliflər istəyir, neft dövründə büdcənin dolmasına arxayınlaşmış nazirləri hərəkətə gətirmək, bu adamların böhran dövründə çevikliyini yoxlamaq üçün silkələyir. Onlar isə dəftərçələrində hansısa qeydlər aparır, dinləyir, statistik məlumatlar verir və gedirlər... Sanki onlarda bir arxayınlıq var, sanki onlarda hələ də “bizim yerimizə hər şeyi düşünən və qərar verən prezidentimiz var” düşüncəsi hakimdir.

İlham Əliyevin islahat proqramını isə təbii ki, hökumət üzvlərinin işə bu prizmadan yanaşması ilə həyata keçirmək asan deyildi və hökuməti gəncləşdirməyin zərurəti ortaya çıxmışdı. Prezident İlham Əliyev bu zərurəti dəqiqliklə nəzərə aldı və kadr islahatları bu günə qədər də davam edir.

Prezident İlham Əliyevin 2015-ci ilin 12 oktyabrında keçirdiyi müşavirədəki aşağıdakı açıqlamalarına diqqət etdikdə necə bir hökumətlə, məmurlarla işləmək istədiyini görə bilərik: “Biz liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yolla gedirik və görün nə qədər uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar, yoxlamalar, rüşvətxorluq, lisenziyalar, haqq qoymaq olmasaydı biz nə qədər böyük uğurlar əldə edərdik, büdcəmiz nə qədər artardı. Nə qədər buna dözmək olar? Artıq qurtardı, hövsələm yoxdur! Hər kəs nəticə çıxartsın. Nəticə çıxartmasa cəzalandırılacaq”. Bütün bunlar həm də komandasına, onlardan daha da çox cəmiyyətə verilən mesajlar idi. Bütün bunlar o demək idi ki, Azərbaycan prezidenti idarəetmənin və dövlət maşınının daha bu cür getməyəcəyini, ciddi dəyişiklik ediləcəyini və ona kim mane olsa, bu maşının altında qalıb əziləcəyini açıq söyləyirdi. 2015-ci ildən indiyə qədər atılan addımlar, islahatlar proqramının uğurlu icrasının önündə maneə olan bir sıra nazirlərin, iri ranqlı məmurların təmzilənməsi prosesi İlham Əliyevin islahatları nəyin bahasına olur-olsun hədəfə çatdırmaqda israrlı olduğunu təsdiqlədi. Bu gün islahatlar prorqamının daha sürətli və əhatəli icra edilməsi məhz son illərdə bu proqramın önünü kəsən maneələrin xeyli dərəcədə təmizlənməsinin, prezident İlham Əliyevin bu prosesi ustalıqla reallaşdırmasının nəticəsidir.

Ekspertlər xüsusi olaraq onu da vurğulayırlar ki, Azərbaycan prezidentinin ölkənin mənzərəsini dəyişəcək böyük islahatlar proqramının anonsu, ən uğurlu layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN Xidmət”in yaradılması idi. Fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN Xidmət” mərkəzləri prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılıb və ilk “ASAN Xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb. “ASAN Xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət üçün yaradılmışdı və nəinki Azərbaycan üçün, dünya üçün çox uğurlu model olaraq özünü təsdiqlədi. Azərbaycanda hökumət idarəçiliyinin asanlaşdırılması üçün “ASAN Xidmət” bir model, baza rolunu oynadı.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ