SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ukraynadakı səfirlik Azər Xudiyevə icarəyə verilib? - Çoxsaylı ittihamlar və XİN-nin müəmmalı sükutu

Ukraynadakı səfirlik Azər Xudiyevə icarəyə verilib? - Çoxsaylı ittihamlar və XİN-nin müəmmalı sükutu

Tarix:

4-03-2019, 15:16

/ 883 dəfə oxundu.
Ukraynadakı səfirlik Azər Xudiyevə icarəyə verilib? - Çoxsaylı ittihamlar və XİN-nin müəmmalı sükutu

"Məndə olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus diplomatik nömrələr diplomatiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, lakin səfir Azər Xudiyevə bu və ya digər mənada bağlı olan adamlara verilir. Bu, çox ciddi qanun pozuntusudur”.

Bu, Ukraynadakı sabiq səfirimiz Tələt Əliyevin ölkə mətbuatında yayımlanmış müsahibəsindəndir. Kifayət qədər ciddi ittihamdır və əslində təkcə bu açıqlama kifayət edirdi ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya versin və oraya atılmış diplomatik nömrə ittihamı ilə bağlı ayrıca araşdırmalara başlasın. Lakin hansısa səbəblərdən nazirlik diplomatının ünvanına səsləndirilmiş ittihamlara reaksiya vermir, ayrı-ayrı media orqanları tərəfindən göndərilən sualları cavabsız qoyur.

Bundan əvvəl də nazirlik Ukraynadakı səfir Azər Xudiyevlə bağlı ölkə mətbuatında yayılan xoşagəlməz məlumatlara hər hansı münasibət bildirməyib. Təsəvvür edin, Ukraynadakı səfir diplomatik missiyanın yaxınlığında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə şərait yaratmaqda günahlandırılıb, Elmar Məmmədyarovun rəhbərlik etdiyi qurumdan səs çıxmayıb. Səfirin diaspor təşkilatları arasında gərginlik yaratmasından, azərbaycanlılar arasında ayrıseçkilik qoyması və hətta şəxsi maraqlarından çıxış edərək soydaşlarımızın bəzisinə hüquqi müstəvidə problemlər yaratmasından, erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayət etməsindən bəhs olunub, hörmətli xarici işlər naziri yenə də heç nə olmamış kimi davranıb. Sabiq və hazırkı səfir arasında mübahisələrin Ukraynanın Baş Prokurorluğuna qədər gedib çıxması belə XİN-nin “tükünü” tərpətməyib. Niyə?..

Yəni doğrudanmı bu vaxta qədər ölkə mətbuatında yazılanlar nazir Elmar Məmmədyarovu narahat etmir? Barəsində əsasən xoşagəlməz məlumatlar yayılan, işlədiyi ölkədəki azərbaycanlılar arasında mənfi reputasiyaya malik ikinci bir səfir göstərmək olarmı? Varmı beləsi? Tərəddüdsuz deyə bilərik ki, yoxdur. Bu günə qədər Ukraynadakı səfirmiz ən müxtəlif ittihamlara tuş gəlib, ən müxtəlif adamlar onun barəsində mənfi fikirlər səsəndirib, narazılıqlarını ifadə ediblər. Millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri mətbuatda yazılanlardan narahat olaraq səfirlik ətrafında yaşanan qalmaqallara münasibət bildiriblər. Təkcə XİN-dən səs çıxmır...Bir nəfər çıxıb yazılanları təkzib də eləmir. Bəlkə ittihamlar əsassızdır? Bəlkə doğrudan da soydaşlarımızın kütləvi narazılığının arxasında ciddi bir əsas yoxdur? Araşdırmalar aparıb deyilənlərin və yazılanların həqiqətə nə dərəcədə yaxın olduğunu bildirmək bu qədərmi çətindir? Niyə Elmar Məmmədyarov bu sükutu ilə Ukraynadakı səfiri xüsusi bir himayə altında saxladığına dair rəy yaradır? Yəni doğrudanmı sabiq səfirin hazırkı səfiri diplomatik nömrələri öz yaxın adamlarına pay-pürüş etməkdə suçlaması Elmar Məmmədyarovu narahat etmir?..

Ortada başqa bir ittiham da var. Sabiq səfir iddia edir ki, Ukrayna vətəndaşı olan naməlum bir xanım uşaqları ilə birgə səfirliyimizin binasında məskunlaşıb: "Bir məqam isə səfirliyin iqamətgahında Ukrayna vətəndaşı olan bir xanımın uşaqları ilə bərabər yaşamasıdır. Bu da yolverilməz haldır. Əlimizdə çox ciddi foto və videolar var. Diplomatik qaydalara uyğun olaraq səfirliyin iqamətgahında xarici vətəndaşın yaşamaq hüququ yoxdur, o, agent də ola bilər. Məhz bu həmin xanımdır ki, iqamətgahda yaşadığı kimi, Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli avtomobil də idarə edir. Bəli, maşın səfirin şəxsi malı ola bilər, amma nömrə diplomatik nişanlıdır. Bilirsiniz, bu barədə faktlar çoxdur. Biz yaxın günlərdə bu istiqamətdə ciddi dəlillər ortaya qoyacağıq”.

Ümumiyyətlə, səfirliyə aidiyyatı olmayan Olqa adlı xanımın “geniş səlahiyyətləri” barədə ölkə mətbuatında çox yazılıb. Hətta naməlum xanımın səfirliyin ərazisində öz avtomobili ilə sərbəst hərəkət etdiyini təsdiq edən videomateriallara da mətbuatda az rast gəlinməyib. Bir neçə gün öncə isə “Bakı Post” saytında dövlətin səfirliyə ayırdığı yeni avtomobillərdən birinin məhz sözügedən naməlum xanımın ixtiyarına verildiyini göstərən video yer almışdı. Lakin təəssüf ki, XİN nə səfirliyin binasında məskunlaşmış naməlum şəxslər barədə deyilənlərə münasibət bildirib, nə də dövlət əmlakının səfirliyə aidiyyatı olmayan xanımın istifadəsinə verildiyini təsdiq edən videomateriala.

Sözümüz cənab nazirədir. Hörmətli Elmar müəllim, Ukrayna səfirliyi ilə bağlı daha hansı tip informasiyalar yayılmalıdır ki, ictimaiyyət sizin reaksiyanızı eşitsin? Daha nə baş verməlidir ki, nazir kimi çıxıb tabeçiliyinizdə olan şəxsin ünvanına söylənilən ittihamlara münasibət bildirəsiniz? Bəlkə Ukraynadakı səfirliyimizin binası Azər Xudiyevə icarəyə verilib? Bəlkə avtomobillər Xudiyev cənablarına icarə müqaviləsi ilə təqdim olunub? Yəni doğrudanmı sizin üçün maraqlı deyil ki, səfirliyin binasında kimlər yaşayır? Axı necə ola bilər ki, diplomatik nömrəli avtomobilin səfirliyə aidiyyatı olmayan xanımın istifadəsinə verilməsi sizi bir nazir kimi narahat etməsin? Keçmiş və indiki səfir arasında qarşıdurma, birinin digəri barədə xarici ölkənin hüquq mühafizə orqanlarına şikayət etməsi bu qədər kiçik məsələdir ki, siz buna reaksiya verməyi lazım bilmirsiz?..

Hörmətli cənab nazir, Ukraynadakı səfirlik ətrafında yaşanan qalmaqallara heç olmasa müavinləriniz səviyyəsində münasibət bildirilməlidir. Ortada xeyli açıq suallar var. Onlara mütləq cavab verilməlidir. Onu da nəzərinizə çatdırırıq ki, Ukraynadakı səfirlə bağlı ölkə mətbuatında hər yeni məlumat yayılan kimi, nazirliklə əlaqə saxlamağa çalışırıq. Lakin mətbuat xidmətinin təmsilçiləri Ukraynadakı səfirlə bağlı sualları cavablandırmaqdan yayınırlar... Xahiş edirik ki, bunun səbəbinə aydınlıq gətirəsiniz.

Missiya.Az

Şərhlər

XƏBƏR LENTİ