XalqXəbər.Az

İrəvanın Tiflis təlaşı, puç olan Bakı ümidləri

yüklənir...
İrəvanın Tiflis təlaşı, puç olan Bakı ümidləri
4-03-2019, 09:07
yüklənir...

Tale ortaqları işğal ortaqlarına qarşı; gürcü prezidentdən antierməni gedişi; Bakıda Ermənistanı işğalçı adlandıran Gürcüstan dövlət başçısı İrəvana hansı mesajı aparır?..
Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya ötən həftə reallaşan səfəri nəticə baxımından hər iki tərəf üçün uğurlu sayıla bilər. Bəllidir ki, bu, gürcü prezidentin ilk regional səfəri idi. Azərbaycandan öncə o, dövlət başçısı qismində Fransada olmuşdu. Zurabişvilinin qonşu ölkələrdən məhz Azərbaycana birinci səfər eləməsi isə gözlənilməz olmadı. Çünki belə bir rəsmi ziyarət ölkəmizin, ölkəmiz timsalında isə Türkiyənin Gürcüstan üçün önəminin etirafı və nümayişi baxımından öncəliklə Tiflisə lazım idi.

Gözlənildiyi kimi, Salome Zurabişvilinin ilk rəsmi səfər üçün məhz Azərbaycanı seçməsi işğalçı Ermənistanda qıcıqla qarşılandı. Gürcü dövlət başçısının Bakıda Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpası vacibliyi barədə bəyanatı isə işğalçı ölkədə az qala xof qarışıq hiddət doğurdu - hərçənd Zurabişvili qeyri-adi, yeni heç nə söyləmədi, yalnız gerçəyi dilə gətirdi və hüquqi dövlətin rəhbəri olaraq, beynəlxalq hüquqa sayğısını izhar elədi.

*****
“Yeni Müsavat” xatırladır ki, xanım Zurabişvili Bakıda prezident İlham Əliyevlə rəsmi ziyafətdə çıxışı zamanı belə demişdi: “Ölkələrimizin ərazi bütövlüyü hələ də bərpa edilməyib. İşğal məsələsi hələ də yaralı yerimiz olaraq qalır. Bu, bir tərəfdən bizim inkişafımıza maneə törədir, digər tərəfdən isə bütün bunlara, bu faciələrə baxmayaraq, biz öz dövlətimizi, iqtisadiyyatımızı möhkəmləndirə bilirik”.

Göründüyü kimi, Zurabişvili Ermənistanı işğalçı adlandırıb. İşğal faktını bütün dünya bildiyi halda, İrəvanda Gürcüstan prezidentini “regional siyasət və ölkələrarası münasibətlərdəki nüansları dərindən bilməməkdə” ittiham ediblər. Halbuki Salome Zurabişvili vaxtilə ölkənin xarici işlər naziri işləyib, Fransada səfir qismində çalışıb. Yəni onu xarici siyasətdə naşı saymağın özü naşılıqdır. Ancaq erməni erməni olmazdı əgər öz yalanını sırımaq üçün iftiraya əl atmasaydı.

Ermənistandakı portallardan biri bu xüsusda hiddətini gizlətməyərək yazıb: “Rəsmi Tiflis Qarabağ münaqişəsinə yanaşmasını dəyişib ki? Gürcüstan illərdir Ermənistan və Azərbaycanla bərabərməsafəli münasibətləri qoruyub saxlayıb, Tiflis heç vaxt Bakının ərazi bütövlüyünün bərpa edilməsini tələb etməyib və ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyib. Gürcüstanın mövqeyində nə dəyişib? Yoxsa bu, Gürcüstanın yox, sadəcə, prezidentin mövqeyidir? Bu halda rəsmi Tiflis öz mövqeyini aydınlaşdırmalıdır - Gürcüstan əvvəlki kimi Minsk Qrupunun səylərini və sülh danışıqlarını dəstəkləyir, yoxsa rəsmi Bakını ərazi bütövlüyünü bərpa etməyə çağırır?”
Müəllif, təbii ki, klassik erməni yalanı stilində blef edib. Ona görə ki, rəsmi Tiflis dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmət elədiyini, Dağlıq Qarabağdakı separatçı qurumu tanımadığını bəyan edib. Doğrudur, ara-sıra ermənilərə ünvanlı jestlər də edib. Son olaraq, Axalkalakidə erməni hərbi canisi və terrorçu, Qarabağ savaşının iştirakçısı Mikayel Avakyana büst qoyulmasına Tiflisin soyuqqanlı münasibəti buna sübutdur.

Bundan əlavə, ermənilər hər necə olmasa, Zurabişvlini özlərinə “bir köynək” yaxın sayırdılar. Seçki kampaniyası dövründə, prezidentliyə namizəd olarkən o, ermənilərə bəzi reveranslar da eləmişdi.

*****

Lakin artıq hesab eləmək olar ki, Salome Zurabişvilinin Bakıda səsləndirdiyi yuxarıdakı bəyanat bu “günahları” müəyyən dərəcədə yuyub. Hər halda, gürcü lider də fərqində olmamış deyil ki, Cənubi Qafqazda “birləşmiş qablar” kimi olan iki tale ortağının - Gürcüstanla Azərbaycanın arasını vurmaq üçün əldən gedən təkcə Ermənistan deyil, həm də onun işğal ortağı, Gürcüstan ərazilərinin 20%-ni işğal altında saxlayan Rusiyadır.

Bu mənada gürcü prezidentin məlum bəyanatı Gürcüstanın bölgədə hansı ölkəyə stavka elədiyinin və hansı düşərgədə yer aldığının, eləcə də Ermənistandan qat-qat çox Azərbaycana önəm verdiyinin həm İrəvana, həm də Moskvaya bariz nümayişi hesab edilə bilər.
Yeri gəlmişkən, prezident vəzifəsində S.Zurabişvilinin sələfi, Gürcüstanın iqtidar partiyasının nümayəndəsi, sabiq prezident Georgi Marqvelaşvili də 2014-cü ilin fevralında Bakıya səfəri zamanı İlham Əliyevin adından rəsmi qəbulda çıxışı zamanı Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi.

*****

O ki qaldı bəyanatın Salome Zurabaşvilinin, yoxsa Gürcüstan dövlətinin mövqeyi olmasına, elementar məntiq deyir ki, Zurabişvili öz dövlətinin mövqeyini ifadə edib. Çünki o, hansısa QHT rəhbəri deyil, Gürcüstan dövlətinin rəsmi başçısıdır və dediyi söz, bildirdiyi mövqe də Gürcüstan dövlətinin adınadır.

O da aydındır ki, niyə erməni tərəfi Minsk Qrupundan bərk-bərk yapışıb. Çünki orada 3 vasitəçidən ən azı, ikisi (Rusiya, Fransa) ermənipərəstdir və düşmən tərəf ümid edir ki, onların sayəsində nə vaxtsa Azərbaycandan Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyinetmə haqqı tanımasına nail olacaq.

Təbii ki, ilğımdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, bunu gözləyənlər boşuna gözləyirlər...

*****

Gələn həftə Salome Zurabişvili işğalçı Ermənistana da səfər edəcək. Yəqin ki, “quş qoymaq” xətrinə. Çünki Gürcüstanın işğalçı saydığı Rusiyanın bölgədəki əsas forpostu, regionda konfliktlərin həllini əngəlləyən tək ölkə kimi Ermənistan Gürcüstan üçün hansı önəm daşıya bilər ki?

Bizim üçün isə səfərlə bağlı iki məsələ diqqətdə olacaq: 1. Bakıda Ermənistanı işğalçı adlandıran gürcü prezident prinsipial mövqeyi İrəvanda da saxlayacaqmı? (Yəqin ki, Bakı bəyanatı ilə bağlı ona təxribatçı sual veriləcək). 2. İşğalçı ölkəyə Gürcüstan ərazisi vasitəsilə Rusiyadan yeni dəhliz açılması vədi veriləcəkmi?

Gözləyək.

“Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.