SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlə “Şapka Mamed”in oğlu xəstə heyvan paylamaqdan yorulmadı- 35 milyon...

Nazirlə “Şapka Mamed”in oğlu xəstə heyvan paylamaqdan yorulmadı- 35 milyon...

Tarix:

11-02-2019, 00:40

/ 1 505 dəfə oxundu.
Nazirlə “Şapka Mamed”in oğlu xəstə heyvan paylamaqdan yorulmadı- 35 milyon...

Vətəndaşlar özünüməşğulluq proqramından şikayət etməkdən yoruldular, amma nazir Sahil Babayev və Məşğulluq Mərkəzləri qısır, xəstə heyvan paylamaqdan yorulmadı.

Cahan.info-nun məlumatına görə, növbəti narazılıq Gədəbəydən gəlib.

Rayonun Arıqıran kənd sakini Yaşar Vəliyev unikal.org-a deyib ki, sənədlərdə qeyd edilən heyvanlar verilməyib. Üstəlik, sənədlərdə heyvanların qiymətləri şişirdilib.

“Gədəbəy Məşğulluq Mərkəzinə işsiz kimi qeydiyyata düşdüm. Bu proqramına qoşuldum. Yanvarın əvvəllərində mənə iki inək verildi.

Biznes planda inəklərin qiymətinin 4340 manat olduğu qeyd edilir. Həmçinin planda balalı inəklər olduğu yazılıb. Amma mənə verilən heyvanların balası yoxdur”, - deyə Y.Vəliyev söyləyib.

Onun sözlərinə görə, inəklərin qiymətləri də sənədlərdə olduğu kimi deyil: “Həmin heyvanları bazara çıxarsaq, 2500 manata satmaq qeyri-mümkündür.

Mən heyvanları təqdim edən İlham adlı şəxsə iradımı bildirsəm də, o sənədlərə qol çəkdirdi. Bildirdi ki, həmin bu heyvanlar sonradan dəyişdiriləcək.

Amma sözünü tutmadı. İndi şikayətimə baxan da yoxdur. Bu inəklərlə heç bir iş qurmaq olmaz. Aidiyyatı qurumlardan mənə köməklik edilməsini xahiş edirəm”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, vətəndaş heyvanları təhvil alarkən imzası ilə təsdiq edib: “Əgər narazı olsaydı bu heyvanları qəbul etməzdi. Hətta heyvan tətvil verilərkən videosu da çəkilib”.

Təəccüblü hal yoxdur. Son aylarda nazirliyin bu proqramı ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Ortaya çıxan nəticə budur ki, S.Babayevin özünüməşğulluq proqramı maxinasiyalara səbəb olub.

Vətəndaşlara xəstə, qısır, bala verməyən heyvanlar verilir. Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi regionlarda ciddi narazılıqlar var. Proqram çərçivəsində dövlətin adından vətəndaşlara qısır mal-qara, süddən yanıq, qoca-qotur qoyunlar verilir.

Kasıb vətəndaşlar akta imza edib dövlətin verdiyi mal-qaranı, qoyunları qəbul etsələr də, proqramda nəzərdə tutulduğu kimi özlərinin dolanışığını təmin edə bilməyəcəklərini deyirlər. Səbəb isə onlara təqdim olunan heyvanların kökəlməyə, artmağa yararsız olmasıdır.

Astna.biz saytı bu mövzuda araşdırma aparıb. Həmin araşdırmadan belə aydın olur ki, dövlətin pulu hesabına vətəndaşlara verilən qoyun və mal-qaranı podratçı - “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu təmin edir.

Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib! Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də ayrıca araşdırma mövzusudur.

Dövlətin vətəndaşı ələbaxımlılıqdan çıxarmalı olan proqramı bəzi hallarda əks effekt verməsi – işsiz vətəndaşlara dişsiz, qotur, qısır, süd yanığı heyvanlar verilməsinə görədir. 1 aylıq MMC-lər vətəndaşları gələcəkdə borc bataqlığına atılmalarına zəmin yaradır.

Proqramın məqsədi isə vətəndaşı ayağa qaldırmaq, öz biznesini qurmaq üçün ona dövlətin dəstəyini təqdim etməkdən ibarətdir.

Belə bir halda 1 aylıq MMC-lərin hansı meyarlara əsasən ölkə başçısının təşəbbüsü ilə icrasına başladılan proqramda iştiraka buraxılmaları anlaşılan deyil.

İpəkçi.info saytı bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər...

Dövlət adından vətəndaşa qısır, süd yanığı, dişsiz, şikəst, qotur heyvan verilməlidir, yoxsa… Ümumilikdə İşsizlikdən Sığorta Fondundan bu il üçün 35 milyon manat vəsait ayrılıb.

S.Babayevin maraqlı təyinatlarından biri də Dövlət Məşğulluq Xidmətinin rəisi ilə bağlıdır. Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirib.

Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur.

Amma Sahil Babayev Məmməd Musayevin oğlunu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun özünü də nazirlikdə yaradılan DOST-da işlə təmin edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclasında Sahil Babayev Şuranın sədri olub.

Məmməd Musayev isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevlə birlikdə 7 nəfərlik Şura üzvündən birinə çevrilib.

Məmməd Musayevin oğlu, ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, həm də Sahil Babayevin hazırda böyük narazılıqla qarşılanan "inəkpaylama” aksiyasında əsas yeri tutur.

Bu faktlar göstərir ki, Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi "böyük məsələ”ni də dolayısı ilə Fuad Musayevin nəzarətinə verib.

İddia olunur ki, mal-qaranın alınmasına məsul MMC də F. Musayevin nəzarətindədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ