SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Rusiyada “Artur Rasi-Zadə problemi”

Rusiyada “Artur Rasi-Zadə problemi”

Tarix:

1-02-2019, 08:53

/ 1 220 dəfə oxundu.
Rusiyada “Artur Rasi-Zadə problemi”

Ruslar fəaliyyətsiz baş nazirin istefasını istəyir
Rusiyanın tanınmış “Levada” sorğu mərkəzi Moskvada əhali arasında sorğu keçirib və məlum olub ki, əksəriyyət baş nazir Dmitri Medvedyevin baş nazir postundan uzaqlaşdırılmasını istəyir. Respondentlərin böyük çoxluğu hesab edib ki, ölkədə iqtisadi durumun ağırlaşmasına səbəb baş nazirin fəaliyyətsizliyidir.

Qeyd edək ki, D.Medvedevə əhalinin münasibətində uzun müddətdir narazılığın olduğu sezilir. Uzun illər Azərbaycanda da baş nazirin fəaliyyətsizliyindən cəmiyyətdə narazılıq olub. Buna baxmayaraq, Artur Rasi-Zadə 20 ildən artıq dövrdə baş nazir vəzifəsində qalmağı bacardı. İndi belə görünür ki, Rusiyada Medvedyevin baş nazir vəzifəsində uzun müddətdir qalması və bu müddətin hələ çox uzana bilmə ehtimalı rusların narazılığını artırıb.

Prezident Vladimir Putin isə məlumdur ki, Medvedyevə dəstək verməkdədir. Bəs Putin-Medvedyev tandeminin bu qədər uzun müddət davam etməsinin səbəbləri nədir? Bu tandemin pozulması nə zamansa gözləniləndirmi? Medvedyevin baş nazir vəzifəsindən getməsi Rusiyada əhalinin yaşayışına təsir edərmi?

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya kimi bir ölkədə baş nazirin reytinqinin çox aşağı olması onun kürsüdən yola salınması üçün əsas ola bilməz. Çünki ortada Rusiyanın bütün problemlərini həll edən siyasi lider-prezident Vladimir Putin var və o, artıq çoxdan Dmitri Medvedyevin sədaqətini sınaqdan çıxarıb: “Medvedyevə olan inam o qədər böyükdür ki, hətta Putin 2008-ci ildən 2012-ci ilə qədər öz prezident kürsüsünü belə ona etibar etdi. Vladimir Putinin bu addımı mümkün ola biləcək etimalın kulminasiyası idi.

Bundan sonra Rusiyada bütün səviyyələrdə hər kəs başa düşdü ki, nə qədər Putin prezidentdir və ya bir başqa formada ölkəni idarə edir, Medvedyev onun yanında olacaq. Ona görə də bu gün Medvedyevin reytinqinin ən aşağı səviyyəsi belə onun vəzifəsi üçün heç bir təhlükə yaratmır. Şərqi Avropa üzrə almaniyalı professor Herhard Zimonun sözləri ilə desək, “O, bu vəzifə üçün ideal namizəddir, Putin üçün hər hansı bir təhlükəyə çevrilmir, təcrübəlidir, etibarlıdır, bir sözlə, sözəbaxan əsgərdir. Hətta nəzəri cəhətdən Medvedyev baş nazir postundan getsə belə, bu hadisənin və onun yerinə başqa birisinin gəlişinin Rusiyada iqtisadi vəziyyətə ciddi müsbət təsir göstərəcəyi ehtimalı çox azdır. Çünki problemlər baş nazir vəzifəsində hansı personanın olmasından qaynaqlanmır”.
Politoloq Elşən Mustafayev isə bildirdi ki, Rusiyanın baş naziri Medvedyev rəsmi olaraq ölkədə ikinci şəxsdir və daşıdığı vəzifə iqtisadi siyasətə məsul olsa da, eyni zamanda mühüm siyasi postdur. İndiki halda Medvedyev Putin üçün sadiq, sınanılmış, birincilik ambisiyası olmayan birisidir və bunu hamının keçid dövrü adlandırdığı Medvedyevin 4 illik prezidentlik dövrü sübut edib: “Digər tərəfdən, ölkə iqtisadiyyatına birbaşa rəhbərliyi faktiki olaraq Putinin özü edir. Sanki o, prezident olmaqla bərabər həm də baş nazirdir. Odur ki, hazırda Rusiyada hökumət başçısının dəyişdiriləcəyi ilə bağlı hansısa ehtimalı belə təsəvvür etmirəm. ”Levada" Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə gəlincə isə burada təəccüblü heç nə yoxdur. Sorğunun keçirildiyi ərazidən asılı olaraq sabah Putinlə bağlı obyektiv sorğu keçirilərsə eyni nəticəni görə bilərik.

Bunların isə Rusiyada aparılan siyasətə təsiri yoxdur. “Levada” Mərkəzi müstəqil mərkəz olaraq hökumət mövqeyindən fərqli sorğular keçirməsi ilə tanınan bir mərkəzdir. Eyni zamanda seçki proseslərinin izlənilməsi, exit-poll keçirilməsi və nəticələrin açıqlanması, sosioloji araşdırmaların aparılması ilə bağlı böyük təcrübəyə malikdir. Hakimiyyətin bu təşkilata qarşı mövqeyi hər zaman neqativ olub. 2016-cı ildə Rusiya Ədliyyə Nazirliyi Levadını xaricdən maliyyələşən təşkilatlar siyahısına salmaqla Rusiya qanunvericiliyinə görə onu siyasi proseslərdə iştirakdan kənarlaşdırmışdı. Yəni “Levada” Mərkəzinin keçirdiyi sorgunun nəticələri obyektiv olsa belə, rəsmi Kreml buna hansısa əhəmiyyət verməyəcək. Eyni sorğunu hakimiyyətə loyal münasibəti olan digər təşkilatlar keçirdərlərsə, tamam fərqli nəticələrin şahidi olarıq".

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ