SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul edildi

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul edildi

Tarix:

17-01-2019, 20:46

/ 1 209 dəfə oxundu.
Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul edildi

Avropalı parlamentarilər Azərbaycan hökumətinə çağırış etdi

Avropa Parlamenti yanvarın 17-də “Azərbaycanda vəziyyət haqqında və Mehman Hüseynovun işi”-2019/2511 saylı qətnamə qəbul edib.

Parlamentin 28 ölkədən 751 üzvü var, onların 533 nəfəri qətnamənin lehinə, 28 deputat əleyhinə səs verib.

Bu barədə “Turan” məlumat yayıb.

Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən müzakirəyə çıxarılıb.

ALDE Azərbaycanda insan hüquqlarının, demokratiya və qanunun aliliyinin pozulması hallarının, xüsusilə Mehman Hüseynovun işinin müzakirəsini xahiş edib.

Qətnamədə deyilir ki, Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki qətnamələri, hərtərəfli saziş üzrə Aİ-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi bəyanatlarını diqqətə alır.

Bununla əlaqədar Avropa Parlamenti blogerin təqib olunmasını, onun iki illik cəzasının daha 5-7 il uzadılması məqsədilə yeni uydurma ittihamların irəli sürülməsini pisləyir.

Sonra qətnamədə fəallara (Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə), jurnalistlərə (Xədicə İsmayıl) qarşı repressiyalara, vəkillərin hüquqlarının pozulmasına, qanunvericiliyə mürtəce düzəlişlər, Azadlıq Radiosu da daxil olmaqla, müstəqil KİV-in fəaliyyətinin bloklanması, həmçinin AİHM-in qərarı ilə müxalifətçilərə və jurnalistlərə kompensasiya ödənilməsindən hakimiyyətin imtina etməsinə dair faktlar sadalanır.

Bu fonda Azərbaycan hakimiyyəti Avropa Şurasının bəzi üzvlərini ələ alıb ki, həmin pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltsın.

Aİ və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir:

1. Mehman Hüseynov dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın. Qurum hakimiyyəti yeni ittihamları aradan qaldırmağa çağırır və onun səhhətilə bağlı narahatlığını bildirir;
2. Azərbaycanda özgəfikirliliyə son qoyulmasına, jurnalistlər, hüquq müdafəçiləri və digər fəallar: Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov daxil olmaqla, bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırır;
3. Xədicə İsmayıla qarşı yeni cinayət ittihamından narahatlığını ifadə edir və onun təqib olunmasına və qorxudulmasına son qoyulmasına çağırır;
4. Həbs müddətində fiziki zorakılıq və işgəncələrə dair hüquq müdafiəçilərinin məlumatları ilə bağlı narahatlığını bildirir;
5. Təkidlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin müstəqil qruplarının fəaliyyət imkanlarının təmin edilməsinə, onların fəaliyyətini məhdudlaşdıran qanunların ləğvinə çağırır.
Bank hesablarının dondurulmasının aradan götürülməsinə, xarici maliyyələşdirmə ilə bağlı onlara imkan yaradılmasına çağırır;
6. Məhkəmə hakimiyyətinin müstəqilliyinə zəmanət verməyə və vəkilləri müdafiə etməyə çağırır, siyasi məhbusları müdafiə etməmək üçün vəkillərin kənarlaşdırılmasını pisləyir;
7. Azərbaycan hökumətini AİHM qərarlarına riayət etməyə, Venesiya Komissiyasının, insan hüquqları komissarının tövsiyələrini, hüquq müdafiəçilərilə bağlı BMT prosedurlarını yerinə yetirməyə, assosiasiya, dinc toplaşma, fikrin ifadə olunması hüququnu təmin etməyə çağırır;
8. Azərbaycanı qanunvericilikdə və praktikada mətbuat azadlığına hörmətlə yanaşmağa, beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığına zəmanət verməyə, hökumətin tənqidinə senzuraya son qoymağa, müstəqil KİV-ə, o cümlədən Azadlıq Radiosuna çıxış imkanlarını bərpa etməyə çağırır;
9. Azərbaycanda LGBT-nin durumu ilə bağlı narahatlığını bildirir və hakimiyyəti LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və qorxutmamağa çağırır;
10. Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı tənqidlərin qarşısını almaq üçün Avropa Şurası üzvlərinin Azərbaycanın Avropada qərar qəbul edən şəxslərə qanunsuz təsir etmək cəhdlərində iştirakı faktları ilə bağlı narahatlığını bildirir;
11. Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş demokratik islahatları, qanunun aliliyini, düzgün dövlət idarəçiliyini, insan hüquqlarına və əsas azadlıqlara hörmətlə yanaşılmasını əhatə etməlidir;
12. Avropa Şurası, Avropa Komissiyası və vitse-prezidenti Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılmasını Aİ və Azərbaycan arasında dialoq zamanı, yeni saziş üzrə danışıqlarda mərkəzi məsələyə çevirməyə, Aİ vəzifəli şəxlərini Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını bildirməyə çağırır;
13. Aİ nümayəndə heyətlərini və Azərbaycandakı üzv dövlətləri vətəndaş cəmiyyətinin və insan hüquqlarının dəstəklənməsini davam etdirməyə çağırır;

Müzakirələrdə müxtəlif ölkə və fraksiyalardan iyirmiyə yaxın Avropa deputatının qiymətləndirmələri və hökuməti tənqidi ortaq olub.
Xüsusən, Azərbaycan hakimiyyətinin uzun illərdir öz öhdəliklərinə məhəl qoymadığını, insan hüquqlarını və demokratiya normalarını kobud şəkildə və saymazcasına pozması qeyd edilib.

Deputatlar avropalı siyasətçilər arasında Azərbaycan hakimiyyətindən aldıqları pul müqabilində insan hüquqlarının pozulmasına göz yuman, rəsmi Bakının müdafiəçisi olmağa çalışan, bu zaman Avropa üçün qaz mənbəyi kimi Azərbaycanın əhəmiyyəti ilə spekulyasiya edən lobbiçiləri tənqidə məruz qoyublar.
Bİldirilib ki, Pedro Aqramuntu, eləcə də pula satılan, Bakının korrupsioner rejimini müdafiə edən digər avropalı deputatları və məmurları məsuliyyətə çağırmaq lazımdır.

Həmçinin Azərbaycanın Avropanın tərəfdaşı olaraq qaldığı və onun qazının avropalıların Moskvadan asılı olmamasına kömək etməsi haqqında spekulyasiyalara son qoyulmalıdır.

Qeyd edilir ki, hakimiyyətin özbaşınalığına son qoyulmalı, birinci şəxsə və Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirli olan bütün digər məmurlara qarşı sanksiyalar tətbiq edilməlidir.

Deputatların çıxışlarının əsas tezisləri belə olub.

Çıxışlara Ticarət üzrə Avropa Komissarı Sesiliya Malstr yekun vurub.

O qeyd edib ki, Brüssel Azərbaycan hakimiyyəti ilə Mehman Hüseynovun işi üzrə daimi dialoq aparır, onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir:

"Ona qarşı saxtalaşdırılmış yeni cinayət işi Aİ və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir. Biz Bakı ilə daimi dialoqu davam etdiririk və bu, ölkə ilə yeni saziş ətrafında danışıqlarımıza, “mütləq demokratiya, insan hüquqları və qanunun aliliyi, ədalətli dövlət idarəçiliyi”nə dəstək bəndlərinə daxil ediləcək.

Bu müddəalar çərçivəsində biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqə saxlayacağıq və fevralın 5-də məsləhətləşmələrimizi Bakıda davam etdirəcəyik".
Avropa Komissarı həmçinin qeyd edib ki, Aİ-nin Bakı ofisi təkcə Mehman Hüseynovun deyil, digər siyasi məhbusların işlərini də diqqət mərkəzində saxlayır.
Müzakirələrin yekunlarına görə Avropa Parlamenti insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə rəsmi Bakını tənqid edən qətnamə qəbul edib.

Xatırlatma

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir.

Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.

Şərhlər

XƏBƏR LENTİ