SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İsgəndər Həmidov: “Biz bu çərçivə ilə məhdudlaşmaq fikrində deyilik”

İsgəndər Həmidov: “Biz bu çərçivə ilə məhdudlaşmaq fikrində deyilik”

Tarix:

8-01-2019, 09:40

/ 1 454 dəfə oxundu.
İsgəndər Həmidov: “Biz bu çərçivə ilə məhdudlaşmaq fikrində deyilik”

Müxalifətin yeni hərəkatı təşkilatlanma mərhələsində
Sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovun təşəbbüsü ilə dekabrın 25-də keçirilən “Müxalifətin zirvəsi”nin 5 yanvarda növbəti toplantısı keçirilib. Həmin gün 40-a yaxın müxalif siyasi qurumlardan ibarət hərəkat elan olunacağı gözlənilsə də, bu baş tutmayıb. Bu da bəzi suallara yol açıb.

İ.Həmidov “Yeni Müsavat”a açıqlamasında hərəkatın 26 yanvarda ADP qərargahında elan olunacağını bildirdi: “Ötən həftənin şənbə günü toplantımız keçirildi. Gərgin müzakirələr getmədi. Hər kəs öz fikirlərini dedi. Toplantıda qərara alındı ki, hərəkat elan olunsun, amma 26 yanvarda geniş toplantı keçirilərək açıqlansın. 12 yanvarda keçiriləcək növbəti toplantımızda hərəkatın bəzi sənədləri var ki, onları qəbul edəcəyik. Hərəkatla əlaqədar olaraq heç bir fikir ayrılığı yoxdur. Sadəcə olaraq, müzakirələr, mübahisələr hərəkatın nə vaxt elan olunması ilə əlaqədar gedirdi. Hər kəs orada çox yüksək davranış nümayiş etdirir. Demək olar ki, hərəkat elan olunub. Sadəcə, təqdimatını bu ayın 26-na saxlamışıq. Fikir ayrılığı bircə hərəkatın nə zaman elan olunması ilə bağlı oldu. Bir qisim istəyirdi ki, 5 yanvarda hərəkat elan olunsun. Lakin başqa bir qisim də hesab etdi ki, 26 yanvarda böyük xalq toplantısı ilə hərəkat elan olunsa daha yaxşı olar. Sonda da bu nəticəyə gəlindi”.

İ.Həmidov “Müxalifətin zirvəsi”nə yeni-yeni partiyaların qoşulduğunu da açıqladı: “Biz bu çərçivə ilə məhdudlaşmaq fikrində deyilik. Artıq üç yeni partiya bizlərin sırasına qoşulub. Burada heç bir qısqanclıq yoxdur. Kim gəlsə qapımız açıqdır, həmin şəxsləri qucaqlamağa da hazırıq. Hərəkatın nə olduğunu bilirik. Strukturdan da xəbərsiz deyilik. Burada olan yeganə yenilik odur ki, hərəkat xalq hərəkatıdır, aşağıdan yuxarılara gələcək. Hərəkat rotasiya qaydası ilə idarə olunacaq. Həftədə bir dəfə iclaslar keçiriləcək. Məclisdə yenilik olacaq. Hələ ki sənədlər hazır deyil. Bunlar, sadəcə, öz şəxsi fikirlərimdir. Məclisdə 49% partiya nümayəndələri olacaqsa, 51% heç bir partiyanın üzvü olmayan xalqın nümayəndələri olacaq. Çalışacağam ki, bu 50-50-yə olsun. Bu bir xalq hərəkatıdır və burada da əsas aparıcı rolu xalq oynamalıdır. İndiyə qədər partiya birlikləri, bloklar az olmayıb, seçkilərə yaxın yaranıblar və sonradan dağılıblar. Biz bunları etməyəcəyik. Çalışacağıq ki, uzunmüddətli mübarizəyə yönəlik birlik yaradılsın”.

Sabiq nazir hərəkatın Qarabağ Komitəsi ilə müqayisəsinin əleyhinədir: “Qarabağ Komitəsi bizlərindir. Doğrudur, onun təsisçilərindən hərəkat yaratmaq üçün fəaliyyət göstərənlər az deyil. Qarabağ Komitəsinin idarəetməsi ilə hərəkatın idarəçiliyi eyni ola bilər. Bu da ənənəvi üsuldur, burada qeyri-adi heç nə yoxdur. Hazırda qərara alınıb ki, hərəkat elan olunana qədər toplantıları mən aparım. Yanvarın 12-də saat 12:00-da Ümid Partiyasının qərargahında növbəti toplantımız keçiriləcək. Ardınca 26 yanvarda ADP qərargahında toplanıb hərəkatı elan edəcəyik. Buna səbəb də ADP qərargahının daha böyük olmasıdır. Həmin gün saat 15:00-da Müsavat Partiyası siyasi məhbuslarla bağlı mitinq təyin edib. Mitinq başlayan vaxta toplantımızı yekunlaşdıracağıq. Onların fikirlərinə, çağırışlarına çox böyük hörmətlə yanaşırıq. Bizə hələ mitinqlə bağlı müraciət olmayıb. Əgər olarsa, şübhəsiz ki, toplantıda bu məsələni müzakirə edib müvafiq addımımızı atacağıq. Amma ”Müxalifətin zirvəsi"ndə təmsil olunanların hər biri azad insandır. Kim istəsə mitinqə gedə bilər. Yeri gəlmişkən, onu da bildirim ki, 20 Yanvar günü saat 14:00-da toplaşıb şəhidlərimizi ziyarət edəcəyik. Bu, milli faciə olduğu üçün nə qədər çox adam ziyarətə qatılsa, bir o qədər yaxşıdır. Amma heç bir aksiya-filan nəzərdə tutulmayıb. Sırf məqsədimiz şəhidlərimizi ziyarət etməkdir".

Şərhlər

XƏBƏR LENTİ