SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Pənah Hüseynin “müxalifət zirvəsi”ndə sensasion çıxışı-MƏTN

Pənah Hüseynin “müxalifət zirvəsi”ndə sensasion çıxışı-MƏTN

Tarix:

28-12-2018, 14:07

/ 1 620 dəfə oxundu.
Pənah Hüseynin “müxalifət zirvəsi”ndə sensasion çıxışı-MƏTN

Dekabrın 25-də KXCP-nin qərargahında keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun təşkilatçılığı ilə keçirilən “Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda dəyirmi masada keçmiş Baş nazir Pənah Hüseyn çıxış edib və bu çıxışın mətnini özünün facebook səhifəsində yerləşdirib. Xural.com Pənah Hüseynin bu çıxışının mətnini təqdim edir:

“Dövlətimiz və cəmiyyətimiz siyasi rejim dəyişikliyi ərəfəsindədir. Mövcud rejim 25 il ərzində ictimai legitimliyini əhəmiyyətli şəkildə itirmişdir. Rejim nümayəndələrinə qarşı son dövrdə müşahidə etdiyimiz münasibətlər bunun göstəricisi sayıla bilər.

Rejimin iflasının və zəifləməsinin iqtisadi və siyasi mexanizmi mənfəətin və hakimiyyətin məhdud bir qrupun əlində ifrat şəkildə təmərküzləşməsində ifadə olunur.

Rejim dəyişikliyini zəruri və labüd edən əsas səbəb ölkədə sülalə rejimi bərqərar etmək cəhdinin (kursunun, xəttinin) olduğu aydın görünür. Sülalə rejimi hakimiyyət daxilində artıq ciddi ziddiyyətlərə gətirib çıxarmışdır. Odur ki, sülalə rejminin ləğvi tələbinin kütləvi protest hərəkətlərinin əsas şüarına çevrilməsi ehtimalı daha böyükdür.

Siyasi rejimin İctimai legitimliyinin zəifləməsi polis və digər repressiv güç strukturlarının effektivliyini azaldır və bu meyl getdikcə güclənəcəkdir.

Bu dəyişikliyin nə vaxt, hansı il, ay, gündə baş verəcəyini söyləmək çətin məsələdir və ciddi olmazdı. Eynilə, dəyişikliyin hansı formada, hansı şüarlarla, hansı siyasi qüvvə və şəxslərin liderliyi ilə baş verəcəyini də dəqiq söyləmək çətindir. Lakin bu prosesin içində olduğumuzu sübut edən faktlar ortadır və əlamətləri günü-gündən artır.

Məhz belə bir şəraitdə də cəmiyyət illərdən bəri olduğu kimi müxalifətin birliyini tələb etməkdədir və bütün son dövrdəki uğusuzluqların əsas səbəbini bu birliyin olmamasında, uğurun şərtini isə belə bir birliyin yaranmasında (yaradılmasında) görür. İctimai qavrayış belə formalaşıb ki, kim bu birliyə qarşıdırsa və ya bu birliyə getmirsə düşmən (iqtidarın işbirlikçisi), kim bu çağırışları edirsə isə xalq tərəfdarıdır.

Buradan belə görünə bilər ki, müxalifətin vəzifəsi dərhal, ləngimədən bu birliyə getməkdən ibarətdir. Mən əlbəttə, siyasi müxalifətin birliyini, daha doğrusu, konkret, ideya, hədəf, hərəkətlərdə əməkdaşlığını faydalı hesab edirəm. Lakin vəziyyətdən çıxışın müxalifət birliyindən keçməsini düşünmürəm. Məsələn, tutaq ki, bu gün bura İ.Həmidovun dəvət etdiyi bütün şəxslər, siyasi partiya nümayəndələri gələydi və burada Qurban Məmmədovun təqdim etdiyi sənədə imza atılaydı. Hər şey düzələrdimi?

Əlbəttə, bu, özü-özlüyündə müxalifətin tərəfdarlarını və bütövlükdə cəmiyyəti fəallaşdırardı. Əlbəttə, biz ən azı indikindən daha güclü olardıq. Eyni zamanda faktdır ki, biz son 25 ildə dəfələrlə indi arzuolunan geniş tərkibli birliklər yaratmışıq, təşkilatlarda birləşmişik, lakin bu birliklər, təşkilatlar həlledici nəticələr üçün yetərli olmayıb və güman etmək üçün ki bu dəfə başqa cür olacaq, ortada kifayət qədər inandırıcı dəlillər yoxdur.

Etiraf etmək (qəbul etmək) lazımdır ki, müxalifətin birliyi deyərkən, burada toplaşanlardan fərqli olaraq geniş ictimaiyyət konkret şəxsləri və siyasi partiyaları nəzərdə tutur və onların sayı bura toplaşanların sayından xeyli azdır. Kütlə içərisində bir çoxları sadəlövhcəsinə hesab edirlər ki, AXCP (Milli Şura) və Müsavat, indi ReAL-ın da adı çəkilir, bəziləri, Qubad İbadoğlunu, Mirmahmud, Mirəlioğlunu, deyək ki, İqbal Ağazadəni və ya AMİP- i və digərlərini də o sıraya aid edə bilərlər, bir araya gəlsə hər şey düzələcək.
Mən yuxarıda qeyd elədim ki, bu cür düşünənlərdən deyiləm. Əvvala, bu şəxslər və siyasi təşkilatlar onları ayrı edən səbəblər üzündən heç vaxt ciddi və dayanaqlı bir şəkildə bir araya gəlib birlik yarada bilməzlər.

Ən mümkün görünəni odur ki, onların (müxalif siyasi partiyaların) hansısa biri əhəmiyyətli şəkildə, gözlə görünən dərəcədə digərlərindən irəli çıxa bilsin. (Məsələn, 2003-cü ildə Müsavat Partiyasının irəli çıxmasında olduğu kimi). Bunun üçün isə onların hansısa yerdə qalanların – aparıcı partiyalar sırasına düşməyənlərin əhəmiyyətli bir hissəsini öz ətrafında birləşdirməyə nail olmalıdır və bunun üçün isə öz növbəsində özləri cəlbedici olmalıdır, yəni minimum yetərli dərəcədə gücə malik olmalıdırlar. Lakin onların heç biri hazırda bu cəlbediciliyə, yəni yetərli gücə malik deyillər və qarşılarına hakimiyyətə gəlmək vəzifəsini qoymadıqlarına və hakimiyyətə gələ bilmələrinə özləri də inanmadıqlarına görə açıq-aydın buna (yerdə qalanların – aparıcı partiyalar sırasına düşməyənlərin əhəmiyyətli bir hissəsini öz ətrafında birləşdirməyə) heç can da atmırlar və bunda maraqlı görünmürlər. Adını çəkdiyim partiyalardan yalnız birinin 2014-cü ilin sonuna qədər belə bir potensial imkanı olmuşdu. Lakin o təşkilatın rəhbərliyinin də bu imkanı rallaşdırmaq üçün siyasi bəsirəti çatmadı.

Mənim fikrimcə məsələnin kökü ondan ibarətdir ki, müxalifət və siyasi partiyalardan ibarət başa düşülən siyasi müxalifət eyni şeylər deyildir. Hətta küll halında siyasi müxalifət (müxalifətdə olduğunu bəyan edən bütün siyasi partiyaların cəmi) müxalifətin hamısı deyildir. Müxalifətin əsas hissəsi bu gün siyasi müxalifətdən (siyasi partiyalardan) kənardadır.
Və əsas vəzifə siyasi müxalifətin (siyasi partiyaların) birliyinə nail olmaq yox, siyasi partiyalardan kənar müxalifəti bütövlükdə siyasi müxalifətlə və ya onun bir hissəsi ilə birləşdirməkdir.

Yəni, siyasi müxalifəti (siyasi partiyaları) birləşdirməkdən daha mühüm olanı siyasi partiyalardan kənarda olan müxalifət kütləsini təşkilatlandırıb hərəkətə gətirməkdir. Bunun üçün toparlayıcı və strateji hədəfi göstərən ideyaya (tələbə, şüara -məsələn, “rejimə istefa”), konkret kütləvi hərəkətlərə, (məsələn, mitinqlərə) və hərəkat tipli təşkilatlanmaya ehtiyac vardır. Siyasi partiyalar birliyi bunu təmin edə bilərmi? Edə bilməz.

Modellərdən biri siyasi partiyalarda üzv olmayanlara da açıq olan Dəyirmi Masalar formasında gerçəkləşdirilə bilər.

Bugünkü toplantı bu yolda başlanğıc ola bilərmi? Birmənalı cavab vermək çətindir. Burada olduğca rəngarəng, bir- biri ilə ziddiyyətli, həta əks münasibətlərdə olan şəxslər, müxtəlif platformalı təşkilatlar toplanıb. Bu toplantıdakı şəxs və təşkilatlardan dayanıqlı bir sistem yaratmaq olarmı? Olduqca problemli görünür. Buradakıların bir çoxunun ümumiyyətlə ikinci dəfə bir stol arxasına oturmağa razı olmalarının özü də problemsiz görünmür.

Hər şey ondan asılıdır ki, bu gün burada iştirak edən siyasi təşkilatlar və şəxslər iştirak etməyən siyasi təşkilatlara paralel (alternativ yox) güç yarada biləcəklərmi və ya bilərlərmi? Əgər buradakıların hamısının və ya bir hissəsinin əməkdaşlığı belə bir (paralel) güç şəklində ifadə olunmasa və bu güc məsələn, 5-10 minlik mitinq şəklində nümayiş etdirilə bilməsə, o halda tərəfdar kütləsinin arzusunda olduğu böyük birlik (o cümlədən müxalifətin birliyi) yaranmayacaq. Və əgər burada toplanan siyasi təşkilat və şəxslər belə bir gücü ortaya qoya bilməcəklərsə və ya buna qadir deyillərsə onlar nə istəyirlər, nə təklif edirlər və nə üçün mövcuddurlar?
Açığını desək, şəxsən mənə bu nə qədər oportunist mövqe kimi görünsə, fikir kimi səslənsə də, ümumiyyətlə, hazırkı situasiyada müxalifətin birliyi, hərəkatı, müxalifətin koalisiyası, konsolidasiyası və s. müxalifət termini ilə yaranan anlayışlardan daha çox Azərbaycandakı indiki rejimə qarşı olan, bu rejimin aradan qalxmasını istəyən vətənpərvər və demokratik qüvvələrin hərəkatı ideyası daha aktual görünür.
Mən daha böyük hərəkat naminə (bunun ad ifadəsində) hətta müxalifət terminindən imtinanı da nəzərdən keçirməyi təklif edərdim. Belə bir hərəkatın adı “Qarabağ və Demokratiya uğrunda hərəkat”, “Demokratik, vətənpərvər qüvvələrin Milli Cəbhəsi” və s. ola bilər. Lakin bu məsələlər bugünkü toplantının mövzusundan kənara çıxdığına görə üzərində geniş dayanmıram.

Son olaraq təklif edirəm ki, bugünkü toplantıda müzakirələrin nəticəsi olaraq aşağıdakı məzmunda qərar qəbul olunsun.
“25.12.2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiya nümayəndəsi, ictimai-siyasi fəalların “Azərbaycanda mövcud ictimai-siyasi durum və müxalifətin vəzifələri” mövzusunda keçirdikləri Dəyirmi Masanın iştirakçıları qərara alırlar ki, Dəyirmi Masanın davam etdirilməsi, Dəyirmi Masanın ikinci toplantısının 2019-cu ilin yanvar ayının ikinci on günlüyündə keçirilməsi və Dəyirmi Masanın ikinci toplantısının hazırlanması üçün müəyyən tərkibdə işçi qrupun yaradılması məqsədəuyğun sayılsın.”

Xural.com

Şərhlər

XƏBƏR LENTİ