SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Moskvadan təbrik əvəzinə açıq təhdid - Kreml Paşinyanın boğazına çökür

Moskvadan təbrik əvəzinə açıq təhdid - Kreml Paşinyanın boğazına çökür

Tarix:

20-12-2018, 09:38

/ 1 035 dəfə oxundu.
Moskvadan təbrik əvəzinə açıq təhdid - Kreml Paşinyanın boğazına çökür

Ermənistanda 9 dekabr parlament seçkilərinin rəsmi nəticələri açıqlandı. Amma Ermənistanın 1 nömrəli hərbi-siyasi müttəfiqi sayılan bir dövlətin rəhbər şəxslərindən - Rusiyadan İrəvanın ünvanına quru təbrik belə gəlmədi. Yada salaq ki, seçkidə qələbə qazanan Nikol Paşinyanı ilk olaraq, ABŞ səfirliyi təbrik etmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxarova isə işarə vurmuşdu ki, təbrik qismində nəsə olacaqsa belə, bu, yalnız nəticələr rəsmən açıqlandıqdan sonra mümkündür.

Rəsmi nəticələr ortada. Moskvadan isə təbrik gəlmədi. Əvəzində isə İrəvanın ünvanına dünən açıq xəbərdarlıq gəlib. “Yeni Müsavat”ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “RİA-Novosti”yə müsahibəsində bildirib ki, “Rusiya Ermənistanın təzə rəhbərliyinin ABŞ tərəfindən təzyiq və şantaja müqavimət göstərmək və müstəqil qərarlar qəbul eləmək üçün özündə cəsarət tapacağına ümid edir”.

Qeyd edək ki, bu ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Güney Qafqaz ölkələrində səfərdə olmuşdu. İrəvanda olarkən isə o, Ermənistana “daha keyfiyyətli ABŞ silahları” təklif eləmiş, eyni zamanda Paşinyan hökumətini öz qonşuları ilə münasibətləri normallaşdırmaq üçün Qarabağ məsələsində seçkilərdən sonra konstruktiv mövqe tutmağa səsləmişdi.

Bolton həmçinin İrəvana məsləhət görmüşdü ki, “beynəlxalq münasibətlərdə tarixi klişelərdən yaxa qurtarsın”. Söhbət təbii ki, öncəliklə Rusiya asılılığından qurtulmaqdan gedir. Paşinyan isə lazım gələrsə, ABŞ-dan da silah almaq məsələsinin müzakirəsi üçün heç bir məhdudiyyətin olmadığını bildirməklə Moskvada əlavə qıcıq yaratmışdı.

Doğrudur, müdafiə naziri David Tonoyan dərhal düzəliş edərək bildirmişdi ki, “Ermənistanın Amerika silahlarına ehtiyacı yoxdur”. Ancaq, necə deyərlər, “qatar” artıq getmişdi. Heç şübhəsiz, Moskva öz satelliti ətrafındakı bütün bu gəlişmələrin fərqindədir. Bunu yüksək çinli rus diplomatının son sözləri də təsdiq edir.

“Ermənistanda bu il baş vermiş radikal dəyişikliklər fonunda Vaşinqtonun onun daxili və xarici işlərinə qarışması getdikcə daha utanmaz şəkil alır”, - deyə Karasin hədələyici tonda bildirib. Diplomatın sözlərinə görə, “Bolton İrəvana hökm edib ki, Amerika silahı alsın və bacardıqca tez anti-İran sanksiyalarına qoşulsun”. Onun qənaətincə, əgər ABŞ-Ermənistan əlaqələrinin açıq tərəfi belədirsə, gör indi pərdə arasında “qolları necə bururlar”.

“Ümid edirik ki, Ermənistanın seçkilərdə lazımi mandat almış indiki rəhbərliyi ABŞ-In aşkar təzyiq və şantajına sinə gərmək və milli maraqlarla uzlaşan müstəqil qərarlar qəbul eləmək üçün özündə cəsarət tapacaq”, - Karasin Kremlin ümumi mövqeyini ifadə edən şantaj ritorikası ilə əlavə edib.

*****

Qeyd edək ki, bundan iki gün öncə Qriqori Karasinin rəhbəri - Rusiya baş diplomatı Sergey Lavrov etiraf eləmişdi ki, ABŞ Ermənistanda Rusiyadan qat-qat fəaldır, burada daha çox diplomat və QHT-lərlə təmsil olunub. Sitat: “Rusiya Ermənistanda ABŞ kimi özünə bağlı QHT-lər yaratmağı, yaxud səfirliyinin ştatını artırmağı düşünmür. Amerikalıların öz iş meyarları, bizim isə öz adətlərimiz, maliyyə çərçivələrimiz var. Keçmiş SSRİ məkanında fəaliyyət göstərən bütün bu QHT-lər şəbəkəsi xeyli məsrəf deməkdir. Onların böyük əksəriyyətinin donoru USAİD, yaxud Respublikaçılar Partiyasının nəzarət etdiyi müxtəlif beynəlxalq qurumlardır. Corc Soros da, əlbəttə, böyük fəaliyyət göstərir. Biz diplomatlarla bağlı eyni say çoxluğu ilə cavab verə, yaxud bu qədər oyuncaq təşkilatlar yarada bilmirik”.

S.Lavrov Qərbi inqilablar hazırlamaqda da ittiham etmişdi: “Hazırda Qərbin postsovet məkandakı işi-gücü inqilab hazırlamaqdır. Bu, bəlkə də bizim bəlamızdır, amma qəti bizim günahımız deyil”.

Maraqlıdır ki, bu açıqlamalarla təxminən eyni vaxtda ABŞ-ın guya Bolqarıstan vasitəsilə işğalçı Ermənistanı silah göndərməsi barədə məlumatlar yayılıb. Söhbət kiçik və iri çaplı atıcı silahlardan gedir. Hərçənd acından ölən işğalçı ölkənin dünya bazarı qiymətinə silah almaq imkanları yoxdur. Başqa yandan, belə bir fakt olardısa, Moskva buna dərhal reaksiya verərdi.

“Yeni Müsavat”ın ötən sayında yazıldığı kimi, Rusiya, ümumiyyətlə, Ermənistanın yeni hökumətindən ölkə ərazisində üçüncü dövlətin hərbçilərin mövcudluğunun qadağan edilməsi barədə öhdəlik götürməsinə çalışır. Lavrovun dediklərinə görə, bununla bağlı ikitərəfli anlaşma üzərində iş artıq yekunlaşmaq üzrədir.

*****

Göründüyü kimi, Moskvaya qarşı sərtləşən Qərb sanksiyaları fonunda Ermənistan uğrunda Rusiya-Qərb savaşı güclənib. Ermənistanda inqilab yolu ilə qərbyönlü qüvvələrin iqtidara gəlməsi Kremli daha çevik hərəkət eləmək və ritorikasını sərtləşdirmək zorunda qoyub. Moskva hətta şantaj dilinə keçib. Düşmən ölkə faktiki, indi iki od arasında, “nifaq alması” kimidir.

“Lavrovun bu açıqlaması Rusiyanın xarici siyasətinin gələcəkdə radikallaşacağına işarədir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Rusiyanın postsovet məkanı ölkələrinə təsiri və Qərb təşkilatlarının postsovet məkanında Rusiyadan daha aktiv olması barədə Lavronun sözlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloqa görə, Rusiya Ermənistanla bağlı çox təkəbbürlü mövqe sərgiləyir: “Çünki Rusiya yaxşı bilir ki, onun Ermənistanda kifayət qədər təsiredici rıçaqı var. Burada hərbi bazası, kifayət qədər formalaşmış kəşfiyyat sistemi var”. Ekspert Rusiyanın ABŞ qədər təşkilatlara yardım ayırmaması və siyasi qüvvələrlə işləməməsi fikrinə də münasibət bildirib. O, Lavrovun səsləndirdiyi bu fikrin müəyyən qədər acı etiraf olduğunu söyləyib. Onun sözlərinə görə, Moskvanın hazırkı vəziyyətdə postsovet məkanındakı bütün QHT-lərlə işləməsi üçün yetərli vəsaiti yoxdur: “Rusiya heç öz ölkəsində humanitar fəlakət qarşısında qalan insanları lazımınca təmin etmək iqtidarında deyil”.

Ancaq Rusiyanın postsovet ölkələrinə, xüsusən də vassal Ermənistana hərbi vasitələrlə müdaxilə imkanları böyük olaraq qalır...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ