SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bu deputatlar bir daha mandat görməyə bilər... - SİYAHI

Bu deputatlar bir daha mandat görməyə bilər... - SİYAHI

Tarix:

19-12-2018, 12:54

/ 1 645 dəfə oxundu.
Bu deputatlar bir daha mandat görməyə bilər... - SİYAHI

2019-cu ilin yazında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair məlumatlar yayılmaqdadır. Bildirilir ki, hakimiyyət Milli Məclisə növbəti seçkilərin vaxtını ilyarım irəli çəkmək niyyətindədir. Bu məlumatlar cəmiyyətdə müzakirələrin aparılmasına səbəb olub: insanlar indiki parlament tərkibinin işini qiymətləndirməkdədir.

Qeyd edək ki, 2015-ci ildə formalaşdırılan indiki Milli Məclisin tərkibi ən qalmaqallı tərkib hesab olunur. Bu tərkibin bir sıra üzvlərinin adı son illərdə çox böyük qalmaqallarda, cəmiyyətdə böyük etirazlara səbəb olan açıqlamalarda hallanıb. Bunlardan bir neçəsini xatırlatmağa dəyər.

Bir neçə gün əvvəl məlum oldu ki, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb. Bu barədə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev xəbər verib. Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında, şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub. Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıblar.

Bu günlərdə deputat Rəfail Cəbrayılovun adı ciddi qalmaqalda keçməkdədir. İş qadını olan Məlahət Qurbanova deputatın ona külli miqdarda borcunun olduğunu, amma illərdir ödəmədiyini bildirir. Xanımın sözlərinə görə, R.Cəbrayılov borcun müqabilində ona girov kimi verdiyi mənzilləri də başqalarına satıb. Xatırladaq ki, bir neçə il əvvəl R.Cəbrayılov və qardaşları bank tərəfindən məhkəməyə verilmişdi. Onlar bankdan 795 min manat kredit götürərək onu qaytarmırdılar.

Deputat, Əfv komissiyasının üzvü Elmira Axundovanın da adı ciddi maliyyə qalmaqalında keçməkdədir. Bir neçə ay əvvəl onun bu məsələ ilə bağlı telefon danışığı belə mətbuatda yayılmışdı. Xanım deputatın adı oğlu Həbib Axundovla birlikdə külli miqdarda - 10 milyon manat civarında dələduzluq işində keçir. Hazırda bu iş üzrə məhkəmə prosesi davam edir.

99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyeva ailəsi ilə bağlı problemlər üzündən uzun müddət gündəmdə oldu. Belə ki, deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında qızını ata mülkünü ələ keçirməkdə ittiham edərək, onu məhkəməyə verdiyini bildirdi. Məlum oldu ki, S.Əliyeva atası rəhmətə gedəndən sonra əmlakın böyük hissəsini öz adına keçirib. Bundan sonra anası və qardaşı onu məhkəməyə verdilər, sonda ailə razılığa gəlsə də, proses xeyli müddət mətbuatın gündəmində oldu.

Deputat Tahir Kərimli bir neçə həftə öncə Azərbaycanın himninə dəyişiklik təklifi ilə cəmiyyətin ciddi etirazlarına səbəb oldu.

Bir müddət əvvəl vəfat etmiş deputat Astan Şahverdiyev Rusiyaya qazanc dalınca gedən azərbaycanlıları “otxod” adlandırması ilə gündəmə gəlmişdi. Onun fikirləri cəmiyyətdə kəskin reaksiyalara və müzakirələrə səbəb olmuşdu.

2016-cı ildə - devalvasiyalardan böyük zərər çəkmiş insanlar sosial-iqtisadi problemlərlə üzləşən zaman deputat Hüseynbala Mirələmov əhalini çox yeməkdə suçlamışdı: “Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda yaşayan bir müəllimi misal gətirərək söyləyib ki, o müəllimlikdən əlavə, daş hörür: “Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?” Deputat daha sonra deyib: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”.

Komitə sədri bu və ya digər fikirləri ilə son illərdə ən çox ictimai qınaqla üzləşən deputatlardan biridir.

Milli Məclis sədrinin müavini Bahar Muradova da cəmiyyətdə narazılığa səbəb olan fikirləri ilə seçilib. 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı o, büdcənin gərgin qlobal və ölkədaxili şərait nəzarətə alınaraq hazırlandığını deyib: “Hər kəs ayağını yorğanına görə uzatmalıdır. Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”.

Göründüyü kimi, Milli Məclis üzvlərinin bir çoxu siyasi hakimiyyətin mənafeyinə zərbə vuran qalmaqallar, açıqlamalarla gündəmi boş qoymurlar. Onlarla bağlı cəmiyyətdə aparılan müzakirələr zamanı əksər hallarda bilavasitə hakimiyyət hədəfə çevrilir, insanlar narazılıq obyekti olan deputatların parlamentə buraxılmasında məhz onu suçlayırlar. Bütün bunlar göstərir ki, hazırkı parlament bır sıra istisnalarla, Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir. Bu baxımdan, gələn ilin yazında Milli Məclisin tərkibinin ciddi şəkildə yenilənəcəyi istisna olunmur.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ