XalqXəbər.Az

Ramil Usubov Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

yüklənir...
Ramil Usubov Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11-12-2018, 16:27
yüklənir...

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 11-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DİN Mətbuat Xidmətindən verilən məlumatda deyilir ki, qonaqları salamlayan nazir xalqlarımız arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasətin də uğurla davam etdirildiyini nəzərə çatdırıb, iki ölkənin münasibətlərinin səmimi dostluq və strateji tərəfdaşlıq xarakteri daşımasının xalqlarımızın və dövlətlərimizin həyati mənafelərinə uyğun olduğunu vurğulayıb.

Bu ilin sentyabr ayında qonşu ölkəyə rəsmi səfərini, bu çərçivədə İran İslam Respublikasının yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən cənab Qasım Rzayi ilə görüşləri məmnunluqla xatırladan nazir R.Usubov belə görüşlərin ümumən cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən terrorizmə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu qeyd edib.

Nazir R.Usubov son illər vətəndaşlarımızın gediş-gəlişlərinin artması, eləcə də turizmin inkişafı ilə əlaqədar hər iki ölkədə əmin-amanlığın, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasında birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.

Daha sonra qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb və qeyd olunub ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.

Cənab Qasım Rzayi səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə minnətdarlığını bildirib. O, regionda qeyri-stabilliyin, terrorun və ekstremizmin hökm sürməsi fonunda hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə qəbulda iştirak edib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.