SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə ...” - Laura Kuper Əliyevlə görüşdə

“ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə ...” - Laura Kuper Əliyevlə görüşdə

Tarix:

4-12-2018, 16:54

/ 1 121 dəfə oxundu.
“ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə ...” - Laura Kuper Əliyevlə görüşdə

Prezident İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd edib. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlət başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirib, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd edib.

Dövlət başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən Laura Kuper qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirib.

Şərhlər

XƏBƏR LENTİ