yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..”

Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..”
21-11-2018, 09:40 237 dəfə baxılıb

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa son uğurlu səfəri işğalçı Ermənistana növbəti “tərs şillə” kimi dəyib. Ən azı 3 səbəbdən.

Birincisi, səfər zamanı xeyli sənəd imzalanıb ki, həmin yeni anlaşmalar da iki ölkə münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq. İkincisi, Belarus Azərbaycana növbəti partiya keyfiyyətli silahlar verəcək. Bakıda həmçinin birgə hərbi müəssisələrin açılması istisna edilmir. Üçüncüsü isə prezidentlər səviyyəsində qəbul edilən birgə bəyannamədə Minskin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha, birmənalı şəkildə öz əksini tapıb, konfliktin ilk növbədə ölkələrin ərazi bütövlüyü, bərabərliyi və BMT sənədləri əsasında həlli vacibliyi vurğulanıb.

Göründüyü kimi, Ermənistanın köklü maraqlarına, o cümlədən Dağlıq Qarabağ məsələsində yürütdüyü destruktiv siyasətə diametral zidd bir davranışdır. Belarus isə Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT - “Rus NATO-su”) üzrə müttəfiqi sayılır. Məhz sayılır. Gerçəkdə isə o, Azərbaycanla qat-qat isti və güclü əlaqələrə malikdir, nəinki Ermənistanla.

*****

Gözlənildiyi kimi, prezident İlham Əliyevin budəfəki səfəri də işğalçı ölkədə əsl isterika doğurub. Siyasilərdən tutmuş, ekspert dairələrinə kimi az qala, hamı prezident Aleksandr Lukaşenkonu asıb-kəsir. Yeri gəlmişkən, bənzər isterika Azərbaycana təxribatçı təbliğat aparan yəhudi blogger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya ediləndə və 2016-cı ilin “4 günlük” aprel savaşı zamanı yaşamışdı. Bəllidir ki, Lapşin məsələsində konkret olaraq, Lukaşenkonun prinsipiallığı həlledici rol oynamış, habelə “4 günlük müharibə” zamanı Belarus Azərbaycanın mövqeyini dəstəkləmişdi (səfir buna görə Ermənistan XİN-ə çağırılmışdı).

Ötən həftə KTMT-nin Astanada keçirilən sammitində də Belarus lideri Azərbaycana münasibətdə eyni sədaqəti göstərmiş, yeni baş katib təyinatında İrəvanı, erməni baş nazir əvəzi Nikol Paşinyanı məyus edən mövqe tutmuş, sammitdən bir neçə gün sonra isə Lukaşenko, üstəlik, sanki İrəvana acıq verirmiş kimi, Azərbaycan səfirini qəbul edərək, Astanada baş verənləri ona - KTMT üzvü olmayan bir ölkənin diplomatına danışmışdı.

“Yeni Müsavat” xatırladır ki, həmin mövqe Ermənistan XİN-də kəskin reaksiya doğurmuş, ardınca Nikol Paşindan analoji mövqe bildirərək, “Belarusdan izahat istəyəcəyini” söyləmişdi. Lakin buna rəsmi Minskin reaksiyası daha sərt olmuşdu. Paşinyan “küçə adamı” kimi, “beynəlxalq prokuror qismində özünü zənn edən” qeyri-adekvat siyasətçi" kimi xarakterizə edilmişdi. Və nəhayət, bütün bu baş verənlərdən az sonra Azərbaycan prezidentinin ermənilərə əzici təsir edən Minsk səfəri...

*****

Bu arada Nikol Paşinyan onun Belarusla bağlı açıqlamasına rəsmi Minskin reaksiyasına münasibət bildirib. “Yeni Müsavat” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, baş nazir əvəzi Qeqaqarkunik vilayətinin vilayət administrasiyasında çıxışı zamanı hədələyici tonda deyib: “Ermənistanın beynəlxalq tərəfdaşları artıq ciddiyə almalıdırlar ki, münasibətlər daha əvvəlki məntiqlə qurulmayacaq və Ermənistan daha özünü kimə görəsə düzənləməyəcək və özünü ona uyğunaşdırmayacaq”.

“Elə təəssürat yaranır ki, sanki çoxları bizə inersiya üzrə balaca ölkə kimi, balaca xalq kimi yanaşır. Ancaq mən demək istəyirəm ki, biz buna dözməyəcəyik. Biz - min illik tarixi olan xalqıq”, - deyə o, ənənəvi erməni yalanları ruhunda, özündən razı şəkildə bildirib.

Bu da hamısı deyil. Paşinyan toplaşanları əmin edib ki, “erməni xalqı və hökuməti ölkənin maraqlarını qorumaq iqtidarındadır”. Ancaq bunu o, necə, nəyin hesabına edəcək, açıqlamayıb. Yalnız bu sözləri əlavə edib: “Ermənistanla hamı hesablaşmalıdır. Və mən söz verirəm ki, bundan sonra hamı hesablaşacaq”.

*****

Erməni baş nazir əvəzi bununla sözsüz ki, ilk növbədə Rusiyanın “bostanına daş atıb”, ona faktiki, meydan oxuyub. Mövcudluğu rusun silahından, hərbçilərindən, təbii qazından asılı olan, xarici ianələrə göz dikən, xarici sərhədlərini belə Rusiyanın qoruduğu cırtdan və forpost bir ölkənin başçısının hamıya, o cümlədən Moskvaya meydan oxuması çox maraqlıdır. Görünür, rəsmi Minskin bəyan elədiyi kimi, Paşinyan heç cür küçə ovqatından çıxıb sərt reallıqların gözünə baxmağa macal tapmayıb.

İkinci yandan, şübhə yox ki, bununla o, həm də Astana fiaskosunu pərdələmək və seçki öncəsi öz reytinqini daha da “gümrahlaşdırmaq” istəyir. Çünki İrəvanın kiminsə onunla hesablaşması üçün nə ciddi siyasi-iqtisadi resursu, nə də siyasi çəkisi və nüfuzu var. Olsa-olsa, Paşinyan Rusiyanı yalnız xarici siyasət kursunu Qərbə dəyişməklə hədələyə və şantaj edə bilər ki, bu da əksər analitiklərə, o sırada yerli erməni təhlilçilərə görə, işğalçı ölkəyə ucuz oturmaz. Bu mənada erməni baş nazir əvəzinin son demarşlarını və pafoslu sözlərini “vobank” getmək kimi də qiymətləndirmək olar...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ