yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycandan İrəvana son ismarıc - “Ermənistan bunu nə qədər tez anlasa...”

Azərbaycandan İrəvana son ismarıc - “Ermənistan bunu nə qədər tez anlasa...”
7-11-2018, 09:29 141 dəfə baxılıb

Bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərinə növbəti dəfə qanunsuz səfər edən Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan orada separatçı rejimin və işğalçı ölkənin güc strukturlarının rəhbərləri ilə toplantı keçirib. Eyni zamanda səngərdə onlarla və işğalçı qüvvələrin əsgərləri ilə birgə şelfi çəkərək, altından bu sözləri yazıb: “Bu - bizik, Ermənistan ordusu”.

Bununla da o, bir daha təsdiq edib ki, Azərbaycanla təmas xəttində hansısa mifik “Dağlıq Qarabağın özünü müdafiə ordusu” yox, məhz işğalçı ordu, Ermənistan vətəndaşları dayanıb. Halbuki Paşinyan daima bəyan edirdi ki, guya Dağlıq Qarabağda hansısa müstəqil hökumət, müstəqil qurum mövcuddur və rəsmi Bakı ilə danışıqları da İrəvan yox, separatçı rejim aparmalıdır, onun özü isə yalnız Ermənistana cavabdehdir.

Şübhə yox ki, Paşinyanın Dağlıq Qarabağa budəfəki səfəri də əsla sülhə xidmət eləmir və təxribat xarakter daşıyır. Eyni zamanda bu, erməni tərəfində böyük müharibədən dolayı yaşanan xofun göstəricidir. Nəhayət, buna da şübhə yox ki, Paşinyan 9 dekabra təyin edilmiş erkən parlament seçkiləri ərəfəsində Dalıq Qarabağ məsələsindən özü və komandası üçün əlavə siyasi xallar qazanmaq üçün yararlanmağa səy edir.

İstənilən halda, bu qanunsuz ziyarət həm də az öncə Düşənbədə MDB sammiti çərçivəsində iki ölkə rəhbəri arasında əldə edilmiş şifahi anlaşmanın ruhuna ziddir. Bir daha qənaət hasil olur ki, erməni rəsmilər verdikləri vədi çox asanca unuda bilərlər və onların “ipinə odun yığmaq” riskli işdir...

*****

Diqqətçəkicidir ki, Paşinyan torpaqlarımızı tərk edər-eləməz, Azərbaycan prezidenti İlham Əliyev vitse-prezident Mehriban Əliyeva ilə birgə cəbhəyanı bölgədə olub və orada etdiyi çıxışında işğalçı tərəfə ciddi xəbərdarlıq mesajları göndərib. Prezident xüsusi vurğulayıb ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalı, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. “Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar”, - deyə ölkə başçısı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin eləmək üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək: “Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə torpaqlarımızdan geri çağıracaq. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”.

*****

Yəni Bakı faktiki surətdə İrəvana sonuncu xəbərdarlığı edib, “hərb, yoxsa sülh” məsələsində seçimin düşmən ölkə üzərinə düşdüyünə diqqət yönəldib. Qalır bu mesajdan düşmən tərəfin doğru-dürüst nəticə çıxarıb-çıxarmayacağı. Yəni seçkilərdən sonra hansı seçim olur-olsun, İrəvan bunun nəticələrinə də hazır olmalıdır - Ağdamdan verilən ismarışın bir anlamı da bu.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik”. Bu sözləri də İlham Əliyev Ağdamda rayon ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri ilə görüşündə etdiyi çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, Ermənistanın iki il öncəki acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxarıb: “Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Prezident həmçinin bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində ordumuzun apardığı uğurlu əməliyyatdan danışaraq deyib: “Bu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyətli yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik”.

*****

Başqa sözlə, Azərbaycanın Ali Baş Komandanı böyük müharibədə Ermənistanın şansı olmadığını da onun yeni rəhbərliyinin və erməni xalqının diqqətinə çatdırıb. İrəvanı həm də bu reallıqdan çıxış edərək, Qarabağ məsələsində düzgün mövqe tutmağa çağırıb. Əks təqdirdə, genişmiqyaslı hərbi əməliyyatlara kimi də təmas xəttində düşmənin canlı itkilərinin artacağının aydın anonsunu verib...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ