XalqXəbər.Az

İrəvandan Kremlə qarşı silah şantajı - Bakı üçün siqnal

yüklənir...
İrəvandan Kremlə qarşı silah şantajı - Bakı üçün siqnal
29-10-2018, 09:26
yüklənir...

Azərbaycanın da yer aldığı Güney Qafqaz üçün ötən həftənin ən yadda qalan siyasi olaylarından biri, şübhə yox ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri oldu. Səfərin nəticələri, yəqin ki, hələ bir müddət də ekspert çevrələrində müzakirə mövzusu olacaq. Çünki Bolton Bakı və İrəvanda yetərincə mühüm, hətta sensasion sayıla biləcək açıqlamalar verdi.

Məsələn, onun İrəvanda olarkən Ermənistana “daha keyfiyyətli olan ABŞ silahları” təklif eləməsi az qala, açıq səmada şimşək effekti yaratmaqla yanaşı, bir çox erməni siyasiləri tərəfindən təhlükə kimi qiymətləndirildi. Onların fikrincə, Ermənistanın indiki durumunda belə təkliflərə uyub Rusiyadan uzaqlaşmaq cəhdi ölkə üçün fəlakətli ola bilər. Çünki Rusiya Ermənistanda, bölgədə hələ ki çox güclüdür.

Ancaq deyəsən, baş nazir əvəzi Nikol Paşinyan fərqli düşüncədədir. Onun Boltonun silah təklifinə reaksiyası Moskvanı əməlli-başlı qəzəbləndirə, bir az da təlaşlandıra bilər. Belə ki, “Yeni Müsavat”ın məlumatına görə, Trampın müşavirinin açıqlamasını şərh edən Paşinyan jurnalistlərlə söhbətində ABŞ-la silah ticarətini istisna etməyib. “Ermənistan üçün hərbi-texniki əməkdaşlıq məsələsində heç bir məhdudiyyət yoxdur”, - deyə o qeyd edib. Yəni belə çıxır, İrəvan lazım gəlsə, Amerika silahları da ala bilər.

*****

Əlbəttə ki, Ermənistana ABŞ silahları təklif olunsa (embarqo götürülərsə, Azərbaycana qarşı da aradan qaldırılacaq), bu, hələ o anlama gəlmir ki, həmin silahlar dərhal işğalçı ölkədə peyda olacaq. Kasıb Ermənistan heç Rusiyanın daxili bazar qiymətinə satdığı ucuz silahların pulunu ödəyə bilmir, o ki ola bahalı Amerika silah-sursatı. Bəllidir ki, İrəvan Moskvanın uzun müddətə verdiyi və faktiki, faizsiz kreditləri hesabına borcdan çıxmağa çalışır. Bir çox silahları isə Rusiya Güney Qafqazdakı yeganə forpostuna havayı verib.

Bu xüsusda Paşinyanın yuxarıdakı bəyanatı ən əvvəl seçki öncəsi cəmiyyətə və Qərbə ünvanlı siyasi mesaj xarakteri daşıya bilərdi. Eyni zamanda bu, perspektivə hesablanan məkrli niyyətdən xəbər verir. Yəni Paşinyanın sözləri ilk növbədə onun mesajıdır ki, Ermənistan hər an Rusiyanın qucağından düşüb, daha doğrusu, Rusiyanı satıb Amerika tərəfə gələ bilər - yetər ki, İrəvan və Dağlıq Qarabağdakı separatçı rejim bu dəfə “Sem dayı”nın təhlükəsizlik qarantı altına düşsün.

Bəs ABŞ Ermənistana silahlar bir yana, təhlükəsizlik qarantı verərmi? Verərsə Azərbaycanın maraqları necə olacaq? Axı Con Bolton Bakıda açıq şəkildə bəyan elədi ki, Azərbaycan bölgədə ABŞ üçün strateji önəm kəsb edən tərəfdaş ölkədir. Bu, bizim üçün çox mühüm siqnal idi. Hər halda eyni sözləri o, İrəvanda Ermənistan haqda söyləmədi. Söyləməsi mümkün də deyildi. Ona görə ki, işğalçı ölkənin müstəqilliyinin simvolik olduğunu ABŞ çox yaxşı anlayır.

Təsadüfi deyil ki, Bolton İrəvanda ermənilərə belə bir mesaj da verdi ki, Ermənistan xarici təzyiqləri (oxu: Rusiyadan asılılığı) azaltmaq istəyirsə (oxu: inkişaf istəyirsə), Dağlıq Qarabağ problemini həll eləməlidir. “O zaman Türkiyə ilə sərhədlər də açılmış olar” - Bolton bildirdi. Qarabağ probleminin həlli isə Azərbaycanla anlaşmadan keçir. Yalnız bundan sonra iki ölkə arasında sərhədlər açıla, kommunikasiyalar bərpa oluna bilər.

Aydındır ki, Rusiyaya ət-dırnaq qədər bağlı olan işğalçı Ermənistana ABŞ bu durumda silah satmaz. Heç Rusiya da buna imkan verməz. Biz hələ düşmən ölkənin maliyyə imkanlarının yetərsizliyini demirik. Bu mənada Con Boltonun məlum açıqlaması daha çox Ermənistanın qərbyönlü iqtidarını bir daha “dişə vurmaq”, onu Amerikaya sarı daha ürəkli boylanmaya sövq eləmək üçün şirnikləndirici gediş, bir az da “nəbz yoxlanışı” təəssüratı bağışlayır.

*****

“İrəvanda Con Bolton təkcə Azərbaycanın ”Ermənistanın blokadasında İrəvanın özü günahkardır" kimi tezislərini təkrarlamadı, eyni zamanda, Ermənistanla sərhədi bağlı saxlayan Türkiyəyə haqq qazandırdı. Onun “Ermənistan xarici siyasətdə müstəqil olmalıdır” bəyanatı isə İrəvanın Moskva ilə münasibətlərinə yenidən baxması üçün edilən işarədir". Bunu Ermənistanın keçmiş müdafiə naziri Viqen Sərksiyan deyib (axar.az).

Eks-nazir təəccüblə qeyd edib ki, indiyədək Ermənistanın tərəfdaşları həmişə İrəvanın qonşuları ilə münasibətləri mövzusunda ehtiyatlı davranıblar, amma indi onları buna nəyin sövq etdiyi aydın deyil. “15 ildə Ermənistan rəhbərliyinin beynəlxalq görüşlərində amerikalıların Rusiya ilə strateji müttəfiqlik məsələsini sual altına qoyması ilə bağlı heç bir hadisə olmayıb”, - deyə o əlavə edib.

Başqa sözlə, İrəvanda haqlı olaraq, fikirləşirlər ki, Ermənistanın Rusiya ilə əlaqələrinin hazırkı səviyyəsi artıq ABŞ-ı ciddi şəkildə qıcıqlandırmağa başlayıb. Ancaq bu, ermənilərin, bir də rusların problemidir. Xarici siyasətdə balanslı kursa üstünlük verən Azərbaycan üçün belə problem mövcud deyil. Bəs Rusiyanın kontur-tədbiri nə ola bilər?

“Moskva çalışacaq ki, Ermənistanı özünün milli maraqları orbitində saxlasın. Ancaq biz görürük ki, Nikol Paşinyan öz silahdaşları ilə Amerikayönlü kurs götürüb”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, ABŞ üçün Ermənistanda hansı rejimin olması bir elə önəmli deyil. “Ermənistanda lap faşist rejimi mövcud olsun. Əsas odur ki, bu rejim Rusiyanın əleyhinə olsun. Amerika belə bir rejimi dəstələyəcək”, - deyə politoloq bildirib.

Bu sözləri əslində ciddiyə almaq lazım gəlir. Hər halda, ABŞ-ın öz strateji maraqları naminə Yaxın Şərqdəki bir sıra despotik rejimlərlə, məsələn, Səudiyyə Ərəbistanı ilə dost-müttəfiq olması faktdır. Bakıda, yəqin ki, bu reallığı da nəzərə alırlar. Ancaq Ermənistan heç bir halda Qərb üçün, ABŞ üçün Azərbaycan qədər önəmli deyil, ola bilməyəcək. Belə bir sərt gerçəklik də var və o, hələ uzun müddət dəyişməz qalacaq...

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur