yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıdan erməni baş nazirə unikal şans... - Paşinyan “cücəni payızda saya” biləcəkmi?

Bakıdan erməni baş nazirə unikal şans... - Paşinyan “cücəni payızda saya” biləcəkmi?
3-10-2018, 14:25 185 dəfə baxılıb

Ermənistanda inqilabi hakimiyyət dəyişikliyinin 5-ci ayı da bitmək üzrədir. Hələ ki yeni baş nazir Nikol Paşinyan və komandasının daxili siyasətdə, xüsusən də əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması sahəsində parlaq uğurları gözə dəymir. Zaman isə gedir və belə görünür, daha çox yeni iqtidarın siyasi rəqibləri və düşmənlərinin xeyrinə işləyir.

Ötən həftə MDB-nin Düşənbə sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında Dağlıq Qarabağla bağlı əldə olunan ilkin anlaşma erməni baş nazirinə doyasıyla daxildə öz legitimliyi ilə bağlı daha inamlı addımlar atmaq fürsəti yaratsa da, bundan onun necə istifadə edəcəyi hələlik bəlli deyil.

Söhbət ilk növbədə işğalçı ölkədə “keçid dövrü”nün maksimum tez başa çatmasından, yəni erkən parlament seçkilərin maksimum qısa zamanda keçirilməsindən gedir. Azərbaycanın da marağındadır ki, Ermənistanda konkret kiminlə, hansı liderlə danışıqlar aparacağı tez dəqiqləşsin. Bu mənada Bakının Düşənbə razılığı ola bilsin, həm də buna hesablanıb - qarşı tərəfə seçkilərin vaxtını uzatmaq üçün Qarabağ mövzusunda əlavə bəhanə verməmək...

*****

Nikol Paşinyanın vəziyyəti isə daxildə qeyri-müəyyən olaraq qalır. Bunun bir səbəbi də onun formalaşdırdığı komandanın baş nazirlə eyni keyfiyyət göstəricilərinə malik olmaması, yəni iş əmsalına görə ondan geri qalmasıdır. Nəticə etibarilə Paşinyanın reytinqi yavaş-yavaş da olsa enir. Hər halda, erməni mediasında gedən müstəqil şərhlərdən belə qənaət hasil olur.

“Hələ ki nə siyasətdə, nə də iqtisadiyyatda öyünüləsi elə bir şeyin olmadığını anlayan Paşinyan gələn ilə nəzərdə tutulan növbədənkənar seçkiləri qabağa çəkməyi qərara alıb. Erkən seçkilərin keçirilməsi Paşinyan və hökuməti qarşısında duran ən mühüm hədəflərdən biridir. Bu da aydındır. Qeyri-konstitusion yolla hakimiyyətə gələn istənilən qüvvə siyasi meydanı rəqib və düşmənlərdən təmizləməyə çalışmaqla yanaşı, erkən parlament və ya prezident seçkiləri vasitəsilə iqtidarda möhkəmlənməyə səy edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü aremenianreport.com-dakı dünənki məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: “Ermənistan üçün aktual olan həm də odur ki, hazırda parlamentdə Paşinyanın rəqibləri köhnə qvardiya və respublikaçılar, daşnaklar və oliqarxların havadarları timsalında həddən artıq çoxdur. O üzdən Nikol Paşinyan onlarla aktiv məsləhətləşmələr aparır. Əlbəttə ki, baş nazir olan kimi o, parlamenti buraxa bilərdi. Ancaq nə qədər təəccüblü də olsa, buna getmədi. Əvvəlcə o, seçkilərin gələn il keçiriləcəyini deyirdi. İndi isə deyir ki, bacardıqca tez, yaxşı olar ki, payızda keçirilsin, çünki xarici investorlar ölkədəki sabitliyə böyük önəm verirlər və o səbəbə sərmayə qoymağı ləngidirlər”.

Lakin portal Paşinyanın seçki ilə bağlı tələskənliyinin əsas motivini iqtisadi amildən çox, siyasi faktora bağlayır: “Tələskənliyin başlıca səbəbi Nikol Paşinyanın reytinqinin sürətlə əriməsidir. Hələ ki onun özü olmasa da, hökuməti yerdə ayaq döyür. Fakt budur k, yeni hökumət praktik olaraq, heç nəyə nail olmayıb. Hamı görür ki, ölkədə sosial-iqtisadi həyat Sərkisyan dönəmindəkindən bir azca yaxşılaşıb. Ötən 5 ayda Paşinyan hökuməti o qədər səhvlərə və qüsurlara yol verib ki, hətta onun istefasının vaxtı çatdığını söyləmək olar. Və bunda əsas günah məhz Paşinyana məxsusdur”.

Məqalədə ardınca deyilir: “Diqqət edin, görün, hökumətdə ən mühüm postlara kimlər təyin edilib. Tamamilə qeyri-peşəkarlardır. Əgər hökumətin iqtisadi blokunu haradasa yarım-peşəkar hesab eləmək olarsa, - hərçənd onların işində də bu 5 ayda əhəmiyyətli irəliləyiş yoxdur, - milli təhlükəsizlik sistemi haqda bunu deməyə dəymir. Məsələn, Mili Təhlükəsizlik Şurasının katib Armen Qriqoryan tamamilə amorf, yerində olmayan şəxsdir. KİV-lər açıq-aşkar onunla məzələnir. Bizim hətta KTMT üzrə ”müttəfiqlərimiz" ona etibar eləmir və tələb edirlər ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə, Baş Qərargahı və Müdafiə Nazirliyinə təqdim elədikləri informasiyalar Qriqoryanın əlinə keçməsin".

Nəşrin yazdığına görə, Paşinyan başa düşür ki, ölkə iqtisadiyyatını və daxili siyasi situasiyanı sabitləşdirmək üçün o, müəyyən qeyri-populyar addımlara getməlidir: “Bu addımlar isə bir yandan, onu sadə insanlardan daha da itələyəcəksə, başqa yandan siyasi rəqiblərinin əlinə kart-blanş verəcək. Məhz bu səbəbdən erkən parlament seçkilərində təkid edir. Aydındır ki, seçkilər indi - payızda olsa, Paşinyanın tərəfdarları yeni parlamentdə çoxluqda olacaq”.

*****

Bəs Paşinyan “cücəni payızda saya” biləcəkmi? Bu məqsədlə o, dünən Ermənistan parlamentində çoxluğa sahib olan Serj Sərksiyanın Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla görüşüb. Görüş “Ermənistan Mariot” hotelinin kafesində baş tutub və yarım saat çəkib (axar.az).

Görüşdən sonra jurnalistlərə açıqlama verən Paşinyan növbədənkənar seçki məsələsinin bir görüşlə həll edilə bilməyəcəyini deyib. O, hazırkı dövrdə Respublikaçılar Partiyasının özünü qeyri-konstruktiv apardığını bildirib: “Bu partiya seçkinin 2022-ci ildə keçirilməsini istəyir. Belə yanaşma qeyri-konstruktivdir. Növbədənkənar seçkini xalq istəyir”.

O, parlamentin digər fraksiyalarının rəhbərləri ilə də görüşəcəyini söyləyib: “Bizim Qagik Çarukyan, Armen Rustamyan və ”Yelk" blokunun nümayəndələri ilə də görüşlərimiz planlaşdırılıb. Lazım olacağı təqdirdə parlamentdən kənar qüvvələrlə də danışıqlar aparacağıq".

Lakin bir şey aydındır ki, görüşlər nəticə verməsə, Paşinyan yəqin ki, yenə ənənəvi və sınanmış təzyiq “kartı”nı işə salacaq - onu baş nazir edən xalqı deyirik. O xalq ki hələ ki Paşinyanın arxasındadır. Hələ ki...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ