yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İrəvanın fiasko olan “dəvəquşu” taktikası

İrəvanın fiasko olan “dəvəquşu” taktikası
18-09-2018, 09:27 230 dəfə baxılıb

Ötən həftəsonu Ermənistanın baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdə olub. Səfər çərçivəsində o, prezident Emmanuel Makronla və bu ölkədəki erməni icması ilə görüşlər keçirib. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ mövzusu da diqqət mərkəzində olub.

Gələn məlumatlara əsasən, Makron Qarabağ məsələsinin nizamlanması perspektivi ilə maraqlanıb, erməni baş nazir isə ona belə cavab verib: “Nizamlanma yalnız Azərbaycanın davranışından asılıdır və əgər həmsədrlər istəyirlərsə ki, sülh prosesi irəli getsin, o zaman davakar ritorika və müharibə dili ilə danışan Azərbaycana öz yerini göstərməlidirlər. Əliyev hələ də başa düşməyib ki, artıq onun qarşısında bütün erməniliyi birləşdirən tamamilə başqa, yeni bir Ermənistan var”.

Gerçəyin baş-ayaq təsəvvüründən doğan bu fitnəkar açıqlama əslində erməni baş nazirin Parisdən Bakının ünvanına səsləndirdiyi hədədən daha çox, Makrona Azərbaycan prezidentindən şikayətlənməsi anlamına gəlir. Həmçinin Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə Soçidə uğursuz görüşündən dolayı özünü təzədən Qərbin gözündə “demokratiya cəfakeşi” kimi dirçəltmək cəhdi təsiri bağışlayır.

Ermənistan rəhbərinin son qızışdırıcı bəyanatı İsrailin müdafiə naziri Avidqor Libermanın Azərbaycana səfərindən dərhal sonra verməsi də diqqət çəkir - hansı səfər ki, heç şübhəsiz, İsraillə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da dərinləşməsinə, yekun etibarilə ölkəmizin hərbi qüdrəti və müharibə hazırlığının artmasına gətirəcək. Düşmən ölkəni qıcıqlandıran həm də budur - Ermənistanın Rusiya ilə münasibətlərinin soyuması fonunda Azərbaycanın öz hərbi üstünlüyünü böyütməyə davam eləməsi.

İnqilabdan sonra “başqa bir Ermənistanın peyda olması” və bütün ermənilərin Paşinyan ətrafında sıx birləşməsi ilə bağlı iddiaya gəlincə, bu da ilğımdan savayı bir şey deyil. Hər halda, dünya hələ ki təcavüzkar ölkədə hakimiyyət dəyişikliyindən savayı hansısa digər kardinal dəyişiklik müşahidə eləmir. Xüsusən də əhalini sosial-iqtisadi durumu və xarici siyasət oriyentasiyasında dönüş gözə çarpmır. Paşinyanın Dağlıq Qarabağ mövzusunda sərsəmləmələri isə ədalətli sülhə yox, yalnız müharibəyə aparan birbaşa yoldur.

*****

Məsələ də ondadır ki, əgər “məxməri inqilab” işğalçı ölkənin Rusiya asılılığından xilasına gətirməyibsə və gətirməsi gözlənilmirsə, demək, N.Paşinyanın iddia elədiyi kimi, daha “monolit erməni xalqı” faktoru ilə Azərbaycan da daxil, yenə heç kim hesablaşmayacaq. Artıq Avropa və ABŞ da erməni inqilabının əsas hədəfə çatmadığı qənaətindədir və Paşinyan və komandasına, onun “islahatlarına” laqeyd yanaşır.

Qərb paytaxtlarında onu da anlayıblar ki (8 sentyabr Soçi görüşü bunu təsdiqlədi), Paşinyan Ermənistanı Kremlin təsir zonasından uzaqlaşdırmağa qadir deyil. Moskvadan “cin bismillahdan qorxan kimi” qorxan Nikol Paşinyan, sadəcə, Serj Sərkisyanın “iki stulda” oturmaq siyasətini daha incə, daha hiyləgər şəkildə aparmağa çalışır. Bu isə Avropa və ABŞ-ın Ermənistana böyük maliyyə-siyasi dəstəyi üçün yetərli deyil.

Odur ki, Paşinyanın gələn həftə Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü baş tutsa belə, bu, heç nəyi dəyişməyəcək. Paşinyan Avropa kimi, Amerikadan da “əli ətəyindən uzun” geri dönəcək. O cümlədən son günlər Qarabağ məsələsində xüsusilə radikal mövqe tutan və bir-birinə zidd bəyanatlar verən erməni baş nazirin Ağ Evdən real dəstək alması qeyri-mümkün görünür.

Məntiq də deyir ki, rəsmi Vaşinqton Moskvanın hərbi forpostu kimi qala-qala Ermənistana dəstəkçi ola bilməz. Di gəl, Paşinyan hələ də “iki stul”da oturmaq siyasətini utanıb eləmədən qərbyönlü kurs kimi Qərbin özünə sırımağa, baha qiymətə satmağa çalışır. Bunu “dəvəquşu taktikası” da adlandırmaq olar.

*****

Görünən həmçinin budur ki, Paşinyan Ermənistanı demokratikləşdirməklə (??) Dağlıq Qarabağın işğalını qanuniləşdirəcəyini düşünür. Dünyanın işğala haqq qazandıracağına ümid edir. Bu da illüziyadır. Çünki demokratiya ən əvvəl təməl insan haqlarına və beynəlxalq hüququn aliliyinə hörmət deməkdir. Beynəlxalq hüquq isə 1 milyona yaxın vətəndaşının elementar yaşam haqqının pozulduğu, ərazisinin 1/5-i işğal altında olan Azərbaycanın tərəfindədir. Başqa yandan, Rusiyanın təsir zonasında yerləşən, onun marioneti olan bir ölkənin demokratikləşməsi qeyri-mümkündür. Bu acı gerçəyi bir azdan Paşinyan da anlayacaq.

Bu xüsusda “Washington times” qəzetinin yazarı, ABŞ Xarici Siyasət üzrə Şurasının elmi əməkdaşı Stiven Blankın Ermənistanla bağlı son təhlili məqaləsində bir sitat yerinə düşür: “Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun üçün sülh heç vaxt olmayacaq. Əvəzində o, Ermənistanda demokratikləşmə prosesini həmişə boğmaq istəyən Moskvanın asılılığında qalmaqda davam edəcək. Azərbaycanla sülh bağlamaq Ermənistan üçün demokratiya yolunda ilkin şərtdir. Ermənistanın demokratikləşməsi, inkişafı, habelə Qərbin güclü dəstəyini əldə etməsi üçün yeganə təminat vasitəsi budur. Müharibə Rusiyaya İrəvanı itaətə məcbur etmək və Paşinyanın islahatlarını pozmaq və şəxsən özünü gözdən salmaq üçün çoxsaylı imkanlar bəxş edir”.

Amerikalı tanınmış politoloqa görə, Paşinyan Trampla görüşün baş tutmasını istəyirsə, ABŞ-ın əlinə onu dəstəkləmək üçün səbəb verməlidir. “Lakin Ermənistanın Moskvaya tabeçiliyi, habelə Azərbaycanın Dağlıq Qarabağın da hüdudlarından kənara çıxan torpaqlarını işğal altında tutması ABŞ-ın dəstəyi və demokratiya ilə bir araya sığmır. Müharibə və müstəqil demokratik islahatlar Moskvanın nəzarəti altında birlikdə gedə bilməz. Paşinyan rus süngülərinə dayanaraq Azərbaycan ərazilərini işğal altında tutmaqda davam edərək demokratikləşdirməni həyata keçirmək istəyirsə, olduqca yanılır”, - deyə analitik vurğulayıb.

*****

O ki qaldı Paşinyanın Parisdə Azərbaycan prezidenti əleyhinə verdiyi bəyanata, ona reaksiya gecikmədi. Əlamətdardır ki, bu reaksiya Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşunun 100 illiyi ilə bağlı paytaxtda keçirilən hərbi paradda, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin sarsılmazlığının nümayişi fonunda verildi.

Belə ki, həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan paradda İrəvanın müharibədən sığortalanması və sülh istəyinin ən sadə şərtini bəyan etdilər - işğala qeyd-şərtsiz son verilməsi. İlham Əliyev “gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altındakı bütün torpaqlarımızda dalğalanacaq” dedi. Öz növbəsində Ərdoğan Qarabağ məsələsində qardaş ölkənin prinsipial mövqeyini bir daha dilə gətirərək, Azərbaycan torpaqları işğaldan azad edilməyincə sərhədlərin açılmayacağını, bunu gözləyənlərin boşuna gözlədiklərini qəti şəkildə söylədi.

Bundan da aydın mövqe? Necə dəyərlər, “top” düşmən ölkənin meydanındadır. Hərb, yoxsa sülh seçimini o edəcək...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ