SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Paşinyan coşdu və çaşdı - TƏHLİL

Paşinyan coşdu və çaşdı - TƏHLİL

Tarix:

11-09-2018, 09:28

/ 1 298 dəfə oxundu.
Paşinyan coşdu və çaşdı - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri öncəsi ən az müzakirə olunan Qarabağ məsələsi idi. Hesab olunurdu ki, danışıqlarda daha çox Rusiya-Ermənistan münasibətlərindəki durğunluq və İrəvanın aşkar şəkildə Kremlə “buynuz” göstərməsi ətrafında olacaq.

Ancaq maraqlısı budur ki, erməni baş nazir səfərdən sonra daha çox məhz Dağlıq Qarabağ mövzusu ilə diqqət mərkəzinə gəlməyə çalışdı. Belə ki, Paşinyan prezident Putinlə görüşə saatlar qalmış Qarabağ bəyanatını verdi, həmçinin səfərin yekununda da ictimai rəyi məhz sözügedən mövzuya yönəltməyə çalışdı.

Şübhə yoxdur ki, N.Paşinyan bu yolla Rusiya-Ermənistan arasında yaşanan problemləri arxa plana keçirməyə cəhd etdi. Baş nazir bu zaman ziddiyyətli açıqlamaları ilə də gülüş obyektinə çevrildi. Belə ki, səfərdən əvvəl Rusiya prezidenti ilə hətta bir-birinin daxili işlərinə qarışmamaqla bağlı danışacağını bəyan edən Paşinyan görüşdən sonra Rusiya-Ermənistan münasibətlərinin “gözəlliyindən” danışmağa başladı. Əgər münasibətlər gözəl idisə, onda son həftələr ərzində yaşanan gərginlər nə idi? Yaxud münasibətlərdə problem yox idisə, bəs Paşinyan Putinlə nəyi ayırd etmək istəyirdi? Şübhəsiz ki, erməni ekspertlərin dediyi kimi, Ermənistanın başına gəlsə də, onun sükanını idarə etməyi bacarmayan Nikola Moskvada bəzi məsələləri başa salıblar və “val”ı çevirib. Əks təqdirdə, o, səfəröncəsi vədlərinin üzərində dayanar və “müstəqillik davası”nı davam etdirərdi. Lakin reallığı başa düşdükdən sonra Azərbaycana yönəlik təhdidlərlə çıxış etməyə başladı, bu dəfə də “gah nala, gah mıxa vurma”sı ilə diqqət çəkdi.
N.Paşinyan gah dedi ki, “mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir”. Təbii ki, Moskvada erməni əsilli iş adamları ilə görüşdə başqa söz deyə bilməzdi. Axı o, Ermənistanı səfil vəziyyətindən xilas edib hakimiyyətini uzatmaq üçün erməni iş adamlarının əlinə göz dikib. Erməni baş nazir bir az da irəli gedərək deyib ki, qarşılıqlı güzəştlər barədə danışmaq Ermənistan tərəfindən zəiflik göstərmək kimi qəbul oluna bilər, çünki Azərbaycan hələ də Ermənistanı təhdid etməkdədir. “Bizdən tez-tez Ermənistanın Qarabağ məsələsində qarşılıqlı güzəştlərə hazır olub-olmaması barədə soruşurlar. Hesab edirəm ki, bu sualı ilk növbədə Azərbaycanın özünə vermək lazımdır. Ermənistanın qarşılıqlı güzəştlərə razı olması haqqında danışmaq Azərbaycanın təhdid etdiyi şərtlərdə zəiflik nümayişi olardı. Heç kim Ermənistanla bu dildə danışmamalıdır”, - erməni baş nazir deyib.

N.Paşinyan özü də bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili məsələsi müzakirə olunmayıb. Baş nazir deyib ki, Putinlə Qarabağ ətrafında vəziyyət barədə söhbət ediblər və münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar. “Öz növbəmdə, bildirdim ki, münaqişə zonasında istənilən təxribat sərt cavab alacaq”, - Paşinyan bildirib. Paşinyan özü barədə “qəhrəman” obrazı yaratmağa çalışır. Amma baş nazir seçildikdən sonra Nikol Paşinyan prinsipial olaraq Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan etmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı “Kommersant”a müsahibə verib. Virtualaz.org xəbər verir ki, Paşinyan müsahibədə həm Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlar, həm Qarabağa dair mövqeyi barədə danışıb. Və növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur (virtualaz.org). Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişinin ardınca Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirmişdi. Və onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəccüb və tənqidlə qarşılanmışdı.

Paşinyan daha da uzağa gedərək deyib ki, ətraf rayonlar “Dağlıq Qarabağın ərazisidir”. “Hazırda Dağlıq Qarabağın konstitusiyası var. Konstitusiyaya görə həmin ərazilər Dağlıq Qarabağın tərkib hissəsidir”, - o iddia edib.

Yuxarıda qeyd etdiyimiz kimi, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın “Ermənistanın tərkib hissəsi olduğunu” demişdi. “Bu cür yanaşma ilə nə isə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?” - jurnalist Paşinyanla polemikaya girib.

Ermənistanın baş naziri isə deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər, ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olsun. “Tez-tez soruşurlar ki, Ermənistan hansısa kompromisə hazırdırmı? Amma heç kim soruşmur ki, Azərbaycan buna hazırdır?” - Paşinyan bildirib. N.Paşinyanın son bir neçə açıqlaması onun necə ziddiyyətli və qeyri-konstruktiv olduğunu açıq nümayiş etdirir. Belə olan təqdirdə danışıqların növbəti raundunun hansısa nəticə verəcəyinə inanmaq, sadəcə, sadəlövhlük olardı.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, erməni baş nazirdən ayrı mövqe gözləmirdi: “Şəxsən mən Paşinyanın hər hansı konstruktiv addım atacağına və Qarabağ məsələsinin sülh yolu ilə həllində irəliləyiş edəcəyinə inanmırdım. O, bir erməni milliyyətçisidir və Qarabağı Ermənistanın tərkib hissəsi görür. Azərbaycanın bu adamla heç bir danışıq aparmasına ehtiyac yoxdur. Azərbaycanın indiyə qədər etdiyi güzəştləri bu və ya başqa şəkildə qəbul edən siyasətçilər - məsələn, Ter Petrosyan - olsa da, bu ölkədə Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmirlər. Bu fikri dəyişdirmək isə çox çətindir. Azərbaycan işğalçı ilə güclə danışmalıdır. Bu gücü hiss etmədikcə ermənilər yola gəlməyəcəklər”. Q.Çaxmaqlının sözlərinə görə, Putin - Paşinyan görüşü də bir daha sübut etdi ki, onlar bu dəstəyi Rusiyadan alırlar: “Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın arxasında Moskva olacaq. Bizim siyasi manevrlərimizin heç bir əhəmiyyəti olmayacaq”.

Müşahidələr onu deyir ki, rəsmi İrəvan növbəti parlament seçkilərinə qədər status-kvonu saxlamağa çalışır. Seçkilər isə gələn ilin yazında keçiriləcək. Paşinyan o vaxta qədər Qarabağla bağlı hansısa addım atmağı ağlının ucundan belə keçirmir. Əks təqdirdə, əleyhdarları onu “top”a tutacaq və parlament müxalifətin əlinə keçəcək. Q.Çaxmaqlı da bu ehtimalları bölüşür: “Parlament seçkiləri onun əlini bir qədər də gücləndirəcək. Çünki seçkilər Ermənistanın siyasi mənzərəsini dəyişdirəcək və onun hakimiyyəti qalıcı olacaq. Bu mövqeyindən çəkilməmək üçün ona yeni arxa - parlament lazımdır. Azərbaycan buna uyğun Qarabağ siyasəti dizayn etməlidir”.

Azərbaycandakı siyasi qüvvələr də Ermənistanın hökumət başçısının mövqeyindən sonra qəti qərar verməyə çağırış etməkdədirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Həyətinin 10 avqustdakı iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra verdiyi açıqlamalara da münasibət bildirilib. “Yeni Müsavat”a verilən məlumata görə, iclasda qeyd olunub ki, hətta Vladimir Putinlə görüşdən dərhal sonra Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər səsləndirməsi Ermənistanla danışıqların davam etdirilməsinin əhəmiyyətsiz olduğunu növbəti dəfə sübuta yetirir. BAXCP İdarə Heyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ermənistanla aparılan danışıqlara son verilməli, bu barədə beynəlxalq təşkilatlar məlumatlandırılmalı, Azərbaycan hökuməti torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmalıdır.

“Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”.
Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına dair şərh verərkən deyib.

O qeyd edib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib.
XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində “daxili” müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər: “Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır. Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.

N.Paşinyan ölkəsinin mövqeyini ortaya qoydu. Bundan sonra BMT Baş Assambeyasında keçiriləcək XİN başçılarının görüşündən nəticə gözləmək isə tam mənasızdır. Deməli, Azərbaycan ordusu Paşinyana da “aprel dərsi” verməli olacaq...

Şərhlər

XƏBƏR LENTİ