SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlqar Məmmədov: "Biz hakim komanda ilə debatlara hazırıq"

İlqar Məmmədov: "Biz hakim komanda ilə debatlara hazırıq"

Tarix:

5-09-2018, 12:06

/ 1 855 dəfə oxundu.
İlqar Məmmədov: "Biz hakim komanda ilə debatlara hazırıq"

Avqustun 13-də azadlığa çıxan REAL Partiyasının sədri İlqar Məmmədov sentyabrın 4-də mətbuat konfransı keçirilib. Saat 12:00-da partiyanın ofisində başlayan mətbuat konfransı fərqli formatda - üç hissəli tərtib edilib. Tədbirdə xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

Konfransın ilk hissəsi İ.Məmmədovun həbsi və məhkəməsinə, növbəti hissə ölkədə baş verən iqtisadi proseslərə, son hissə isə siyasət və REAL-a həsr edilib. Keçmiş vicdan məhbusu 5 il yarımlıq həbsxana həyatı, azadlığa buraxılmasının səbəbləri və gələcəkdə görəcəyi işlər, REAL-ın fəaliyyəti barədə danışıb, sualları cavablandırıb.

Mətbuat konfransında İ.Məmmədov deyib ki, media həbsdə olduğu müddətdə ona hər zaman böyük diqqət göstərib: "Bu da ictimai rəyin formalaşmasında mühüm rol oynayıb. Bunun üçün sizlərin hər birinə minnətdaram. Təşəkkür edəcəyim insanlar çoxdur. Onların içərisində öncəliklə 4 vəkilimə təşəkkür edirəm. Onların sayəsində hüquqi qələbəmizi qazandıq”.

Daha sonra REAL rəhbəri vəkillərini bir-bir mətbuata təqdim edib: "Bu vəkillərin hər birini cəmiyyət yaxşı tanıyır. Onlar məni müdafiə etdikləri üçün ciddi təzyiqlərlə üzləşdilər. Xaliq Bağırov kollegiyadan uzaqlaşdırıldı, Fuad Ağayev iki dəfə töhmət aldı. Cavad Cavadov həbsxanada mənim həyatda qalmağımla məşğul idi. Digər vəkilim Şəhla Hümbətovadır. Onun ad günü olduğu üçün bura gül buketi ilə gəldim. Çox istərdim ki, konfransın bu hissələrinin sualları sırf həbsimə, orada keçirdiyim illərə həsr olunsun. Bir daha o illəri vərəqləyək”.

Jurnalist Fərhad Tapdıqoğlunun nə üçün həbs olunması barədə sualına İ.Məmmədov belə cavab verib: "2013-cü ilin prezident seçkilərində iştirak qərarım həbsimin başlıca səbəbi oldu. Digər səbəblər də var. Amma əsas olan budur. Hazırkı qərarla razı deyilik. Tam qələbə üçün sona qədər gedəcəyik”.

Arzu Abdullanın "Tale Bağırzadə sizə azadlığa çıxmağınız münasibətilə təbrik göndərdi. Bütövlükdə Nardaran hadisələrinə münasibətiniz necədir” sualına REAL rəhbəri bu cür mövqe bildirdi: "Hazırda o işi öyrənməklə məşğulam. Təbrikinə görə təşəkkür edirəm. Biz cinsindən, irqindən asılı olmayaraq, hər bir insanın hüquqlarına hörmət edirik”.

Konfrans vəkillərin çıxışları ilə davam edib.

Vəkil Cavad Cavadov: "İlqar Məmmədov Azərbaycanda yeganə məhbusdur ki, 8 həbsxana gəzib. Çox ciddi təzyiqlərlə üzləşirdi, bunu mən görürdüm. İnanıram ki, o, tezliklə tam bəraət alacaq”.

Vəkil Fuad Ağayev: "İlqar bəylə söhbət edəndə üzərimə öhdəlik götürdüm ki, nəsə baş versə, sona qədər onun hüquqlarını müdafiə edəcəm. Biz oxunan hökmlə heç cür razılaşa bilməzdik. Avropa Məhkəməsinin qərarları bizim üçün çox önəmlidir. Ən böyük çətinlik İlqar bəy üçün oldu. Bu, hər adamın işi deyil. Onu həbs edənlər təkcə ona deyil, vəkillərinə də təzyiqlər edirdilər”.

Digər vəkil Xaliq Bağırov: "Hüquqi sürəc barədə çox danışmayacağam. Hər şey ortadadır. İlqar bəyin dörd vəkilindən yalnız məni kollegiyadan uzaqlaşdırdılar. Ona görə ki, REAL-ın idarə heyətinin üzvü olan vəkil yalnız mən idim. İlqar bəyi siyasi proseslərdən tam uzaqlaşdırmaq üçün bunlar edilirdi”.

Vəkillərdən son olaraq Şəhla Hümbətova çıxış edərək İ.Məmmədovu təbrik etdi: "Bizi bezdirirdilər ki, İlqar bəylə görüşə tez-tez getməyək. Hətta adi sənəd işlərində belə vaxt uzadırdılar, bizi gözlədirdilər. Görüş vaxtı isə İlqar bəyi 1-2 saata gətirirdilər. Onu təcrid vəziyyətində saxlamaq üçün bu illər ərzində çox şey etdilər. Onun kimi möhkəm məhbusların olmasına görə hər zaman şad olmalıyıq”.

Konfransın ikinci hissəsində İlqar Məmmədov çıxışına bu cür başladı: "Həbsxanaya düşdüyümdə və çıxdığımda fərqli iqtisadi durum gördüm. Belə siyasi həbslərin mütləq nəticəsi olur. Siyasi alternativlər olmayanda bu, iqtisadi sahəyə də təsir edir. Biz hakim komanda ilə debatlara hazırıq”.

F.Tapdıqoğlunun "REAL Azərbaycan iqtisadiyyatına, büdcəsinə nələr verə bilər” sualına İ.Məmmədovun cavabı belə oldu: "Biz gərək parlamentdə təmsil olunaq. Normal seçki keçirilməlidir ki, biz orada təmsil olunaq. Əgər növbədənkənar parlament seçkiləri keçirilsə, mütləq iştirak edəcəyik. İqtisadiyyatda olduqca bəsit səhvlər edilib. Mənə həbsdə deyirdilər ki, elə dövlətlər var, iqtisadi maraqları üçün sizləri satırlar. Amma mən bu sözlər qarşısında qətiyyən ruhdan düşmürdüm. Dünyada ədalət var. Avropa Şurasında satılmış şəxslər var idi ki, hamısını kənara atdılar”.

Konfransın üçüncü - siyasətlə bağlı olan hissəsində İlqar Məmmədov musavat.com-un müxbirinin "Rusiyada fəaliyyət göstərən müxalif qurumlardan əməkdaşlıq təklifi gəlsə, dəyərləndirərsinizmi? Çünki siz daha çox qərbyönümlü siyasətçi kimi qəbul olunursuz” sualına belə cavab verdi: "Siyasətdə mədəni bağlılığın böyük rolu var. Mən Rusiyanı sevirəm. İndiyə qədər bütün filmlərə ingilis dilini bilsəm də, ancaq rusca baxmışam, oxuduğum əsərlərin çoxu da bu dildədir. Bu bir mədəni vərdişdir. Lakin siyasətdə mədəni vərdişlər heç nəyi həll etmir. Əlbəttə, bizim Rusiyadakı tərəqqipərvər ictimai qüvvələrlə əməkdaşlığımız mümkündür. Rusiya öz-özlüyündə nəhəng bir dövlətdir. Bizim onlarla tarixi bağlarımız güclüdür. Azərbaycana tarixən Avropa ideyasını gətirən də Rusiya olub. XIX-XX əsrin ideoloqları, intellektualları rus dilində təhsil alıblar, onun mədəniyyətini öyrəniblər və Azərbaycanda tətbiq ediblər. Şimali Azərbaycanın avropalaşmasında Rusiya ilə olan mədəni, intellektual bağlarımızın da böyük rolu var. Rusiyanın azadlıqsevər, liberal, tərəqqipərvər çevrələrindən əməkdaşlıq təklifi olarsa, biz buna müsbət baxa bilərik”.

REAL rəhbərinin hərəkat partiyaya çevrilərkən ona qarşı çıxan və qurumu tərk edən Rövşən Ağayev, Altay Göyüşov və Azər Mehtiyev barədə suala cavabı daha maraqlı olub: "Bu şəxslər Azərbaycanın intellektual çevrələrinin qaynaqlarıdır. Biz onlar hara desələr gedəcəyik, onları dinləyəcəyik, ideyalarını toplayacağıq, öz siyasi platformalarımıza onları salacağıq. Siz istəyirsiniz ki, respublikada hər bir ziyalı gəlib REAL-a üzv olsun? Şəxsən mən bunu istəmirəm. Kimlərin siyasi ambisiyaları varsa, üzv ola bilərlər. Bəlkə o şəxslərin heç siyasi ambisiyaları yoxdur? Əgər belədirsə, şəxsən istəmirəm ki, REAL-ın üzvü olsunlar. Söhbət mənəvi seçimlərdən gedir. REAL bir brenddir. Bu brendin də içərisində hissələr var”.

AzadlıqRadiosunun əməkdaşı İslam Şixəli: "Siyasi partiyalarla, o cümlədən Müsavat və AXCP ilə əməkdaşlıq olacaqmı?”

İlqar Məmmədov: "Hansı əməkdaşlığı nəzərdə tutursunuz? Sizin sualınız ünvanlıdır. Biz partiyaların rəhbərləri ilə salamlaşmışıq, həmçinin Müsavatın lideri və AXCP sədri ilə də”.

Jurnalist Təzəxan Mirələmli: "REAL mitinqlər keçirəcəkmi?”

REAL sədri: "O zaman mitinq qərarı verəcəyik ki, millətə xeyir gətirsin. İndiyə qədər bəzi təşkilatların keçirdikləri mitinqlərdən sonradan hakimiyyətin faydalandığını görmüşük. REAL belə olmayacaq. Biz yeni bir ideyalı partiya yaratmışıq. Bu partiyanın genişləndirilməsi üçün fəaliyyətimizi davam etdiririk. Partiyamız ölkədə ən ideoloji partiyadır”.

Jurnalist Gülnaz Qəmbərli: "Rusiyanın məqsədi Paşinyanı sıradan çıxarmaq olarsa, bu, bizə hansı şansları yarada bilər?”

İlqar Məmmədov: "Azərbaycan belə məsələlərdə alətə çevrilməməlidir. Öz maraqlamızı təmin edərək, siyasi oyunçu olmalıyıq. Nəticələr öncədən görülməlidir. Ermənistana təzyiq məsələsində nəyisə nəzərdən keçirmək olar”.

"Xalqın müxalifətə əvvəlki inamı qalmayıb. REAL bu inamı geri qaytara biləcəkmi” sualına İ.Məmmədov belə cavab verib: "Düşünürəm ki, gələcək hər şeyi göstərəcək. Biz öz bacardığımızı ortaya qoyub əlimizdən gələni edəcəyik. İnsanlar istəyirlər ki, mən burada siyasi müxalifəti necə qurmaqla bağlı mühazirə oxuyum. Onlar mənim tələbəm deyillər. Sonda hər şey insanların təşəbbüsündən, fəallığından asılı olacaq. Bunlar olarsa, biz uğur qazanacağıq, hakimiyyətə gələcəyik”.

Sonda İ.Məmmədov bütün media nümayəndələrinə, beynəlxalq təşkilatlara, REAL-çılara öz təşəkkürünü bildirdi: "Biz həbs səhifəsini bu konfransla çevirdik. Bundan sonra əsas işimiz siyasi fəaliyyət olacaq”.

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ