SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İrəvan ABŞ-ın əli ilə Kremlə kompromat savaşı açır – Paşinyan tarana gedir?

İrəvan ABŞ-ın əli ilə Kremlə kompromat savaşı açır – Paşinyan tarana gedir?

Tarix:

1-08-2018, 09:39

/ 1 495 dəfə oxundu.
İrəvan ABŞ-ın əli ilə Kremlə kompromat savaşı açır – Paşinyan tarana gedir?

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi işğalçı ölkədə 8 may hakimiyyət çevrilişindən sonra başlayan qalmaqalı həbslərin zirvəsi sayıla bilər. Bir çox gözləntilərin əksinə olaraq, Köçəryanın toxunulmazlığı qısa zamanda ləğv edildi və o, Nikol Paşinyanın baş nazirliyinin 80-cı günündə zindana salındı, 1 mart 2008-ci il hadisəsi ilə bağlı barəsində iki aylıq həb-qətimkan tədbiri seçildi.

Maraqlıdır ki, hələlik Rusiyanın ekspert çevrəsi xaric, rəsmi səviyyədə olaya reaksiya gəlməyib. Halbuki Köçəryanın qandallanması Paşinyan iqtidarının müəyyən mənada Rusiyaya “əlcək atması” anlamına gəlir. Ona görə ki, eks-prezident Rusiyaya çoxsaylı tellərlə bağlı olub, hakimiyyətdə olduğu 10 ildə Ermənistanı can-başla Kremlin vassalına çevirib, Moskvaya sadiq qalıb. Ən əsası, Köçəryan özündə Rusiyanın Ermənistan siyasəti ilə bağlı bir çox sirləri daşıyır. Onu prezidentlikdən öncə Rusiyaya bağlayan başqa tellər də var.

*****

Rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsov hesab edir ki, R.Köçəryan Rusiya-Ermənistan münasibətlərinin müxtəlif sahələri üzrə bir sıra gizli məlumatın daşıyıcısıdır. Buna görə də, onun fikrincə, hər şey sabiq prezidentin yerli istintaqa və onunla əməkdaşlıq edən ABŞ-ın məxfi xidmətinə hansı məlumat verəcəyindən asılıdır (axar.az). Analitik əmindir ki, Köçəryan ABŞ-a və Ermənistanın yeni hakimiyyət orqanlarına maraqlı olan məsələlərin bütün spektrində sorğu-sual olunacaq.

Ekspert həmin məsələlərin mahiyyətinə işıq salmağa çalışıb: “Böyük əminliklə deyə bilərəm ki, Xüsusi İstintaq Xidmətini maraqlandıracaq əsas suallardan biri budur: Ermənistan dövlət büdcəsinin pulları hansı yollarla Rusiyadakı erməni əsilli oliqarxların şirkət hesablarına köçürülüb. Köçəryan da onlardan biridir. Bu oliqarxlar 6-7 ay Rusiyada yaşayandan sonra Ermənistana geri qayıdır, onların qazancları isə Rusiya dövlət büdcəsinə əlavə olunur. Rusiya hakimiyyəti, xüsusilə dünya iqtisadi böhranı şəraitində və beynəlxalq sanksiyaların tətbiq olunduğu bir dönəmdə belə investisiyalara çox müsbət baxırdı. Eyni zamanda Ermənistan əhalisi yoxsulluq içində idi və Moskvada yaşayan erməni oliqarxları bəsləyirdi. Aydındır ki, Kremlin bu məsələ ilə bağlı öz mövqeyini aydın ifadə etməsi çətin olacaq. Beləliklə, Ermənistanda korrupsiyaya qarşı mübarizə erməni milyarderlərlə birgə işləyən rus nazir və qubernatorlarının adlarının açıqlanması ilə Rusiyaya ciddi zərbə ola bilər”.

Oleq Kuznetsov “Qarabağ klanı”nln 20 illik hakimiyyəti dönəmində (1998-2018) Ermənistanda siyasi motivlərlə törədilmiş digər qalmaqallı cinayətlərin, terror olaylarının izinin də Moskva ilə əlaqələndirilməsini istisna eləmir. Bu sırada 1999-cu ilin oktyabrında Ermənistan parlamentinin gülləbaran edilməsi də var.

“Yeni Müavat” xatırladır ki, həmin terror hücumu zamanı parlamentin o zamankı spikeri Karen Dəmirçyan və baş nazir Vazgen Sərkisyan da daxil, 8 nəfər öldürülmüşdü. Dəmirçyan və Sərkisyan kökəncə qarabağlı deyildilər və yüksək nüfuza malik siyasətçilər kimi o zaman prezident postunu təzə-təzə ələ keçirmiş Köçəryanın ciddi siyasi rəqibləri sayılırdılar.

Cinayətin üstü hələ də açılmayıb. Yəni təşkilatçının kimliyi qaranlıq qalır. Lakin terrorun izinin Rusiyaya apardığı haqda o vaxtdan ciddi şübhələr var. Daha bir səbəbdən: hadisədən az sonra - dekabr ayında ATƏT-in İstanbul sammitində ABŞ-ın uzun müddətli təşəbbüskarlığının yekunu olaraq Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında mühüm bir sənədi imzalanması gözlənilirdi. Bu isə Rusiyanın maraqlarına cavab vermirdi.

Bundan əlavə, bəllidir ki, R.Köçəryan Xocalı soyqırımım əsas təşkilatçılarındandır. O zaman onun Xankəndində yerləşən və soyqırımda iştirak eləmiş 366-cı Rusiya alayının rəhbərliyi ilə sıx əlaqələri də məlumdur. Ancaq bu epizod üzrə Köçəryan çətin ki, sorğu-sula çəkilsin. Çünki bu, işğalçı ölkənin özünü ifşası demək olardı. Bununla belə, Kremli şantaj eləmək naminə, həmin faktdan necə deyərlər, “daxili istifadə” üçün - Kremlə qarşı şantaj qismində istifadə olunması istisna deyil.

*****

“Levon Ter-Petrosyan dəfələrlə eyham vurub ki, baş verənlərin bir ucu Moskvaya gedib çıxır. O vaxt Rusiya prezidenti Boris Yeltsin idi. Vladimir Putin isə FSB-nin direktoru idi. Ermənistanın Xüsusi İstintaq Xidməti bu cinayətin araşdırılması zamanı ”Kremlin izi"nə düşə bilsə, böyük uğur qazanacaq. Və əgər Köçəryan törətdiklərini məhkəmədə Putinin şəxsi tapşırığı ilə reallaşdırdığını etiraf edərsə, bu, Rusiya üçün çox böyük təhqir olacaq" - Kuznetsov deyib.

Bəs Rusiya Köçəryanı hansısa şəkildə xilas etməyə cəhd edəcəkmi?

“Ümumiyyətlə, bu gün Rusiyanın siyasi rəhbərliyi üçün Köçəryanın saxlanıldığı yerdə ölməsi ən yaxşı variantdır. Amma içimdən bir səs mənə deyir ki, Ermənistanda akkreditə olunmuş 1500 amerikalı diplomat, Köçəryanın həbsxana yoldaşları və oranın mühafizəçiləri ondan Rusiya haqda istədikləri məlumatları almayınca onu nə yatmağa, nə də özünü asmağa qoyacaqlar”.

*****

Belə çıxır ki, Paşinyan iqtidarı faktiki şəkildə Rusiyaya qarşı kompromat savaşına çıxıb - özü də ABŞ-ın və onun məxfi xidmətinin əli və köməyi ilə. Ola bilsin, yeni hakimiyyət bununla Rusiya qarşısında ən azından, daha dayanıqlı mövqe qazanmaq istəyir. Yaxud qarşılığında Rusiyadan hansısa siyasi, iqtisadi, hətta təhlükəsizlik güzəşti qoparmağa ümid edir. Ancaq bu, olduqca təhlükəli plandır, faktiki, tarana getmək kimi şeydir - planın arxasında ABŞ dursa belə. Niyə?

Birinci ona görə ki, Rusiya, Putin belə zarafatları, şantaj dilini sevmir. İkincisi, ABŞ-dan fərqli olaraq, Rusiya Ermənistanın öz içindədir. Faktiki şəkildə işğalçı ölkənin şəriksiz təhlükəsizlik qarantıdır, onun Türkiyə və İranla sərhədlərini belə, rus hərbçiləri qoruyur. Nəhayət, Paşinyan hökumətinə təsir eləmək üçün Kremlin əlində güclü “Qarabağ kartı” var...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ