SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident İlham Əliyevdən məmurlara SƏRT SÖZLƏR - Dövlət başçısı kimləri hədəfə aldı?

Prezident İlham Əliyevdən məmurlara SƏRT SÖZLƏR - Dövlət başçısı kimləri hədəfə aldı?

Tarix:

10-07-2018, 10:06

/ 1 122 dəfə oxundu.
Prezident İlham Əliyevdən məmurlara SƏRT SÖZLƏR - Dövlət başçısı kimləri hədəfə aldı?

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

“Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”, deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq: “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.

***

“Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilib”.

“APA-Economics”in məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı qeyd edib ki, həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib.

“Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulmuşdur ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək. Yəni, inşaat sektorunun inkişafı ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu artırır. İki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranmışdır və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərmişdir. Bu məsələlər bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”, - deyə prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox. Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz”.

***

“Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur”.

“APA-Economics”in məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıb: “Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilib. İndi dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?!”

Dövlət başçısı dayanacaqların yerində binaların tikintisinin yolverilməz olduğunu vurğulayıb.

“Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar”, - deyə prezident İlham Əliyev vurğulayıb.

***

“2003-cü ildə enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük”.

APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

“Çünki biz o vaxt xaricdən elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək”, deyə dövlət başçısı vurğulayıb.

O xatırladıb ki, Mingəçevirə ekspertlər qrupu ezam edilib: “Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın enerji sistemi ən müasir əsaslarla idarə edilməlidir: “Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.

***

“İlin əvvəlində qarşıya vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar qoyulub və qoyulacaqdır”.

APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı bildirib ki, sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana istifadəyə verilməlidir. Bu il iki Olimpiya İdman Mərkəzi açılmalıdır, ikisində isə tikinti işləri gedir. Dörd min məcburi köçkün ailəsi yeni evlərlə təmin edilməlidir”.

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək: “Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaq”.

Dövlət başçısı bildirib ki, sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır: “Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq”.

Prezident bildirib ki, kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir: “Dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir. Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin qarşısında çox ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz məhsullar da elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir”.

Dövlət başçısı turizm sektorunun inkişafının prioritetlər sırasında olduğunu xatırladıb: “Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir.Bu il üç “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Onlardan biri - Mingəçevir “ASAN xidmət” mərkəzi mənim iştirakımla açıldı. İmişli və Şəki şəhərlərində bu il iki mərkəz istifadəyə veriləcək. Beş rayonda yeni mərkəzlərin tikintisi haqqında göstərişlər verilmişdir”.

Prezident İlham Əliyev deyib ki, görülmüş işlər arasında böyük əhəmiyyət daşıyan dəmir yolu layihələridir: “Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək. Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər”.

Dövlət başçısı qeyd edib ki, bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır. “Həm Cənub Qaz Dəhlizinin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Deyə bilərəm ki, TANAP layihəsi əvvəlcə nəzərdə tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi. Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan çox səviyyəsində nəzərdə tutulmuşdu. TANAP layihəsi 8 milyard dollara başa gəlib. Yəni, bu, onu göstərir ki, Azərbaycan bu işlərə gör nə qədər məsuliyyətli yanaşır. Biz hər bir dollara, hər bir qəpiyə nəzarət edirik ki, bu böyük layihəni az xərclə icra edək. Görün biz burada nə qədər qənaət etdik. SOCAR bu yaxınlarda yeni kontraktlar imzaladı. Yeni kontraktların imzalanması nəzərdə tutulur. Yəni, bizim neft-qaz sektorumuza maraq azalmır, artır. Çünki Azərbaycan çox sabit və çox güclü ölkədir”.

Şərhlər

XƏBƏR LENTİ